Etmtv. news portalının dərc etdiyi “16 il öncəki and və ya 16 il öncəki vəd” başlıqlı yazı oxucuların böyük marağına səbəb olmuşdur. Yazı 2006-ci ildə qələmə alınsa da, Almaniyada yaşayan şair, odlu vətənpərvər Yadigar Xanmuradovun 2 gün öncə facebook səhifəsində paylaşdığı bu yazı bu gün də öz aktuallığını itirməmişdir. Oxuduq və ürək ağrısı ilə bu yazını dərc etmək qərarına gəldik.
Müəllif, eyni zamanda, hamının sevdiyi şair və gözəl insan- Yadigar Xanmuradov bu gün yeni bir yazı ilə sosial şəbəkədə çıxış etmişdir. Bizə bu yazını dərc etdiyimizə görə dərin təşəkkürünü bildirən Vətən oğlunun fikirləri dəyərli oxucular üçün xüsusi əhəmiyyət kəsb etdiyindən, onu olduğu kimi Sizlərin diqqətinə çatdırırıq.
“2006-cı il yanvarın 20-də Almaniyanın Berlin şəhərində işıq üzü görmüş “Vətən mənə gün verməz, Qürbətdə yaşayam mən” adlı ilk şeirlər kitabımın təqdimatı oldu. Həmin gün həm də 20 Yanvar şəhidlərinin 16-cı anım ili qeyd olundu. Tədbir başa çatdıqdan dərhal sonra mən gənc şair, keçmiş tələbə həmkarım və 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin xatirəsinə həsr etdiyim bir yazı hazırladım. Həmin yazı təxminən 8 il mənim şəxsi arxivimdə qaldı. İlk dəfə 2014-ci ildə Qanlı Yanvar şəhidlərinin 24-cü anım ili qeyd olunanda arxivimdə təsadüfən həmin yazı ilə rastlaşdım. Həmin vaxt şəhid Ülvi Bünyadzadənin bibisi, təbliğatçısı, onun yarımçıq qalmış işlərinin davamçısı Almaz Binnətova ilə Facebook sosial şəbəkəsində tanış oldum. Özümü Almaz xanıma qısaca təqdim etdim, Ülvi ilə bir kursda, paralel qrupda təhsil aldığımı onun diqqətinə çatdırdım. Əslində, Almaz xanım məni Ülvinin tələbə yoldaşı kimi, qələm yoldaşı kimi hələ tələbəlik illərimdən tanıyırdı. Daha doğrusu, bu tanışlığımız 1991-ci ildə Universitetimizdə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbirdə Ülvi haqqında geniş bir çıxış etməyimdən sonra yaranmışdı. Onda Almaz xanım həmin çıxışımı Ülvinin gələcəkdə çap olunacaq kitablarının birində olduğu kimi dərc edəcəyinə söz verdi. Ümid etdim və indi də ümid edirəm ki, bəlkə həmin çıxış Ülvinin növbəti kitablarının hansısa birində dərc ediləcək. Deməyim odur ki, mən və şəhidin bibisi Almaz xanım bir-birimizi Universitet illərindən tanıyırdıq. Facebook sosial şəbəkəsində isə tanışlığımız həmin köhnə tanışlığımızın bir növ davamı idi.
Beləliklə, 2014-cü ildə şəhidin bibisi Almaz xanımla dostluğumuz Facebook sosial şəbəkəsində davam etdi. Elə həmin il, Ülvi haqqında qələmə aldığım “16 İL ÖNCƏKİ AND VƏ 16 İL ÖNCƏKİ VƏD” adlı yazımı Facebook səhifəmdə paylaşdım. Həmin vaxt Almaz xanım o yazı barəsində bircə kəlmə də olsa, öz şəxsi fikrini, münasibətini bildirmədi.
Həmin yazını ikinci dəfə isə bu il, yəni 2019-cu il yanvarın 20-də Yanvar şəhidlərinin 29-cu ildönümü münasibətilə paylaşdım. Paylaşmadan iki gün sonra, heç zaman yaxından üzünü görmədiyim, əl tutub görüşmədiyim, üz-üzə ünsiyyətdə olmadığım, yalnız Facebook sosial şəbəkəsi vasitəsilə arabir yazılı şəkildə əlaqə yaratdığım dostum Ruhulla Zahidov həmin yazını Facebook səhifəmdən götürüb “Elm, Təhsil, Mədəniyyət” portalında 22 yanvar 2019-cu il tarixində dərc etmişdir. Mən Ruhulla müəllimin bu müstəqil təşəbbüsünü yüksək qiymətləndirir, onun bu əməlini şəhid Ülvi Bünyadzadənin timsalında bütün şəhidlərimizin anılmasına, onların müqəddəs ruhuna, vətəndaşlarımızın Vətənə məhəbbət ruhunda tərbiyə edilməsinə verdiyi böyük bir töhfə kimi dəyərləndirir və ona göstərdiyi diqqətinə görə çox-çox təşəkkür edirəm.
Yadigar, Almaniya, 22.01.2019