İyunun 4-də Azərbaycan Milli İncəsənət Muzeyində “Alman incəsənəti Azərbaycan Milli İncəsənəti Muzeyinin kolleksiyasından” adlı sərgi açılacaq.
Sərgi “Dünya incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” olan coğrafi sərgi silsilənin növbəti layihəsidir. Almaniyanın Azərbaycandakı səfirliyi və Höte İnstitutunun dəstəyi sayəsində reallaşan bu sərgi alman mədəni irsini daha yaxından tanımağa, eləcə də iki ölkə arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə imkan yaradacaq.
Alman kolleksiyası Bakı neft sahibkarlarının əmlakının milliləşdirilməsi və ötən əsrin 20-30-cu illərində muzeyin fondlarının zənginləşdirilməsi məqsədilə Rusiyanın aparıcı muzeylərindən daxil olan xeyli miqdarda sənət əsərləri hesabına formalaşıb. Keçən əsrin 70-80-ci illərində muzeydə keçirilən alman qrafiklərinin sərgisinin yekunu üzrə bəxş edilən, eləcə də Almaniyada yaşayan azərbaycanlı rəssam İbrahim Əhrari tərəfindən muzeyə hədiyyə edilən bir sıra incəsənət əsərləri hesabına alman toplusu daha da zənginləşib.
Heykəltəraşlıq, rəngkarlıq, qrafika və çeşidli dekorativ-tətbiqi sənət nümunələrini ehtiva etdirən olduqca zəngin və əhatəli kolleksiyada Alman bədii irsi önəmli yer tutur. Xronoloji çərçivəsi XVI-XX əsrləri əhatə edən kolleksiya ölkə incəsənətinin və onun ayrı-ayrı növ və janrlarının hansı istiqamətdə inkişafını aydın nümayiş etdirir. Alman təsviri sənəti rəngkarlıq tabloları, xırda plastika və müxtəlif texnikalarda işlənmiş qrafika əsərləri ilə təmsil olunur. 20-yə yaxın rəngkarlıq əsərinin təqdim olunacağı sərgidə ziyarətçilər müxtəlif üslublarda işlənmiş mənzərələr, kənd motivləri, mifoloji süjetlər və portretlərlə tanış olacaqlar. Qrafika ilk növbədə XVIII- XX əsrlərdə yaradılmış ofort, litoqrafiya, tiyə texnikalarında işlənmiş əsərlərlə təqdim edilir.
Dekorativ-tətbiqi sənət alman incəsənəti kolleksiyasının ən çoxsaylı hissəsidir. Bura əsas etibarilə çini və metal məmulatları daxildir.