“Webometrics” reytinqi (Webometrics Ranking of World Universities) 2025-ci il üçün ilk reytinq cədvəlini açıqlayıb.
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Dünya Universitetlərinin Webometrics Reytinqinin (Webometrics Ranking of World Universities) 2025-ci il nəticələrinə görə ölkə üzrə reytinqdə yer alan 35 ali təhsil müəssisəsi arasında 10-cu sıraya yüksələrək region universitetləri arasında ən yüksək nəticəni əldə edib.
Webometrics Reytinqinin 2025-ci ilin yanvar buraxılışında dünyanın hər yerindən təxminən 32000 ali təhsil müəssisəsi yer alıb. “Reytinq Majestic”, “Google Scholar” və “Scimago-Scopus” kimi etibarlı mənbələrdən toplanan həm vebometrik, həm də bibliometrik göstəricilərə əsaslanır.
Qeyd edək ki, ADAU 2021-ci ildə Respublika üzrə 19, 2022-ci ildə 14, 2023-cü ildə 13 və 2024-cü ildə isə 12-ci yerdə qərarlaşmışdı. 2025-ci ilin nəticələrinə əsasən isə 2 pillə irəliləyərək 10-cu sıraya yüksəlib.
Bu cümlələr ADAU-nun Mətbuat Xidmətinin təhsil portalı olaraq elə bizə və digər Kütləvi İnformasiya Vasitələrinə göndərdiyi cümlələrdir. Nə olar, təbrik edirik.Hörmətli təhsil ocağının hər bir uğuru bizi sevindirir. İllərlə bu universitetin təbliği ilə biz də məşğul olmuşuq. Bizə göndərilən hər bir xəbəri həvəslə dərc etmişik, paylaşmışıq, daha çox insanın oxumasına can atmışıq. Özü də təmənnasız olaraq. Əvvəllər bu həvəs bizə sabiq rektor İbrahim Cəfərova görə idi, sonralar da bir qayda olaraq davam etdi.
Düzü indi də universitetin bu uğuruna sevinirik. Amma… həm də fikirləşirik- bu uğur əslində kimin xidmətlərinin nəticəsidir, İbrahim Cəfərovun, yoxsa, Zəfər Qurbanovun? O həmin İbrahim Cəfovdur ki, qapısı bütün ictimaiyyət üçün açıq idi. Tələbə, valideyn, yazar, müəllim… istədiyi vaxt onunla telefonla danışa bilirdi, sosial şəbəkələrdə onunla ünsiyyət qururdu. Hərdən yazarlarla mübahisələr də olurdu, bunsuz olmaz ki. Amma, bu mübahisələr onunla yazışandan sonra dərhal öz həllini tapırdı. İnsanlar kiminlə söhbət etdiyini onun alicənablığından anlayır, ondan danlaq almağa utanırdılar. Zəfər Qurbanov isə gözəgörünməz bir rektordur, yalnız seçilmişlər onu “görməyə” qadirdirlər.
Bir zamanlar mən də sabiq rektor İbrahim Cəfərovdan müsahibə almışam. Ona ünvanladığımız bir məktub, yaxud müraciətimiz cavabsız qalmayıb. İndi də onu humanist və cəfakeş bir insan kimi tanıyırıq.
Qeyd edək ki, 2022-ci ilin sentyabrın 6-da Prezident İlham Əliyevin sərəncamı ilə İbrahim Həsən oğlu Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsindən azad edilmişdi. Rektorun vəzifələrini Zəfər Qurbanov icra edirdi. 2023-cü ilin avqust ayında Prezident İlham Əliyevin sərəncamı ilə Zəfər Qurbanov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru təyin edilib.
Düşünürəm ki, bu uğur məhz İbrahim Cəfərovun bir zamanlar təhsil qarşısında olan xidmətlərinin əks-sədasıdır. Çünki ADAU-nun yeni rektoru Zəfər Qurbanov haqqında yazılanlar (əgər öz təsdiqini həqiqətən də tapırsa) insanı dəhşətə gətirir. Biz də ona iki məktub ünvanlamışıq, heç birisinə cavab yoxdur. Baxmayaraq ki, məktub cənab rektora böyük ümidlə yazılmışdı.
Bəs həqiqət hardadır? Linkini verdiyimiz yazıları oxuyub bir nəticəyə gəlmək elə də böyük ağıl və zəhmət tələb eləmir. Bu da bizim vətəndaş sözümüzdür, nə tərif, nədə ki, tənqid xatirinə yazılmayıb.