Türkiyənin İzmir şəhərində ADAU-EGE beynəlxalq ikili diplom proqramının tələbələrinin təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Heydər Əliyevi anma və anlama” adlı tədbir keçirilib.
Tədbirdən əvvəl tələbələr tərəfindən Heydər Əliyevin İzmir şəhərində yerləşən abidəsi ziyarət olunub, önünə tər gül dəstələri qoyularaq əziz xatirəsi ehtiramla yad edilib.
Ege Universitetinin Kənd təsərrüfatı fakültəsində davam edən tədbir Azərbaycan və Türkiyə Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayıb.
Çıxış edən Kənd Təsərrüfatı fakültəsinin Dekan müavini Prof. Dr. Gülsüm Öztürk Ümummilli Lider Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətlərinin qurulması və inkişafındakı müstəsna rolunu, eləcə də onun əbədiyaşar ideyalarının bu gün də yaşadığını və yolumuzu işıqlandırdığını vurğulayıb.
Çıxışlarda Ulu Öndərin zəngin siyasi irsi müxtəlif aspektlərdən təhlil olunub. Tələbələrdən Əli Məmmədov tərəfindən Heydər Əliyevin həyat yolu və liderlik fəlsəfəsi, Cavid Hüseynov tərəfindən təhsil siyasəti, Günay Əliyeva tərəfindən mədəniyyət siyasəti, Vüqar Qurbanov tərəfindən gənclər siyasəti və Süleyman Süleymanov tərəfindən dövlət təhlükəsizliyi sahəsində həyata keçirdiyi uzaqgörən tədbirlər barədə geniş məlumat verilib. Hər bir mövzuya uyğun olaraq hazırlanan qısa videoçarxlar da tədbir iştirakçılarına təqdim olunub.








