Portalımızın 19 oktyabr 2020-ci il tarixli buraxılışında biz Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) erməni terroru, Ermənistan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin, eləcə də elan olunmuş humanitar atəşkəsin kobud şəkildə pozulmasını, dinc insanların məqsədli şəkildə öldürülməsini, cümlədən Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə şəhərinə sayca üçüncü dəhşətli hücumunu özündə ehtiva edən məktubunun ingilis dilində partnyor universtetlərə, təşkilatlara, o cümlədən beynəlxalq gənclər təşkilatlarına göndərməsinin davam etdirildiyini bildirmişdik. ADAU-nun göstərdiyi bu səylər cavabsız qalmamışdır. Partnyor universitetlərdən, təşkilatlardan hər gün universitetə Azərbaycan xalqına və dövlətinə rəğbət və həmrəylik dolu məktublar daxil olmaqdadır.
Etmtv. news xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) sıx əməkdaşlıq etdiyi, Avropanın aparıcı ali təhsil müəssisələrindən biri olan Polşanın Varşava Təbiət Elmləri Universitetinin rektoru, professor Michal Zasada təhsil müəssisəsinin kollektivi adından ADAU-nun rektoru İbrahim Cəfərova məktub ünvanlayaraq baş verən hadisələrlə bağlı narahatlığını, Gəncə şəhərinin yaşayış massivlərinin, mülki obyektlərin Ermənistan tərəfindən raket atəşinə tutulmasını pislədiyini, xalqımıza rəğbətini, həmrəyliyini, zəruri dəstəyi göstərməyə hazır olduğunu bildirmişdir.