Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə “Aqrar sığortanın inkişaf etdirilməsi” prioritetinin reallaşması məsələlərinin müzakirə olunması, bu istiqamətdə səmərəli təkliflərin hazırlanması məqsədilə bu gün Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Azərbaycanda aqrar sığortanın tətbiqi: problemlər və imkanlar” mövzusunda respublika elmi-praktik konfransı başlayıb.
Konfransda AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov dövrdə aqrar sahənin aktual problemlərindən biri olan sığortanın tətbiqi, bu sahədə mövcud olan problemlər və perspektivlərin müzakirəsinin əhəmiyyətindən, universitetdə bu istiqamətdə aparılan elmi-tədqiqat işlərindən danışıb.
Konfransda iştirak edən Türkiyənin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin Kənd Təsərrüfatı Sığortaları və Təbii Fəlakətlər İdarəsinin rəisi Bekir Engürülü, TARSİM Şirkətinin Baş Direktoru Yusuf Cemil Satoğlu Türkiyə Respublikasının kənd təsərrüfatı və aqrar sığorta mexanizmi üzrə ətraflı məlumatı əks etdirən təqdimatla çıxış ediblər.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elektron kənd təsərrüfatı informasiya sisteminin (EKTİS) koordinatoru Şahmar Bayramlı, Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Namiq Məmmədov aqrar sığortada elektron kənd təsərrüfatının əhəmiyyəti, aqrar sığortada yeni çağırışlar barədə məruzələr ediblər.
Qeyd edək ki, konfrans aqrar iqtisadiyyatda müasir yeniliklər, kənd təsərrüfatında risk və qeyri-müəyyənliyin idarə olunması, Azərbaycanda bitkiçiliyin və heyvandarlığın inkişaf istiqamətləri, aqrar sığortada hidrometroloji proqnozlar, sığorta statistikası, “Elektron kənd təsərrüfatı” informasiya sistemində yeniliklər adlı istiqamətləri əhatə etməklə, bölmələrdə 60-dan çox məruzə dinləniləcək. Konfransın materialları dərc olunaraq müəlliflərə paylanılıb.