Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən bakalavriat səviyyəsinin tələbələri üçün “Aqrar sahənin innovasiyalı inkişafı: dünya təcrübəsi, perspektivlər” adlı 2-ci Beynəlxalq yay məktəbi davam edir. Beynəlxalq Yay Məktəbinin iştirakçıları “Aztexnika MMC”-nin dəstəyi ilə Qəbələ rayonuna səfər ediblər. İkigünlük səfərin məqsədi rayonun tarixi-mədəni obyektləri, təbiəti ilə yanaşı aparıcı aqrar-sənaye müəssisələrinin fəaliyyəti ilə yaxından tanış olmaqdır. Səfərin birinci günü tələbələr Qəbələ Arxeoloji Mərkəzində, Nic kəndində yerləşən Müqəddəs Yelisey adına Cotari Kilsəsində və digər yerlərdə olublar. Həmçinin iştirakçılar “Gilan Qida şəhərciyi” ilə də tanış olublar. İkinci gün isə məktəb iştirakçıları Qəbələnin Vəndam qəsəbəsində yerləşən “Gilan Holdinq”in “Aqro Kompleks Qəbələ” heyvandarlıq kompleksi və Nohur gölə səfər ediblər. Burda məktəb iştirakçılarına bildirilib ki, kompleks üçün Qəbələ rayonu ərazisində mövcud əkin sahələri hesabına yem təsərrüfatı yaradılmışdır. Bütün aqrotexniki normalara riayət etməklə aparılan növbəli əkin hesabına təsərrüfatda yüksək məhsuldarlığa nail olunur. Bunun nəticəsində müəssisənin yemə olan tələbatı tam ödənilir. Kompleks məktəb iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, səfərin baş tutmasına dəstək göstərən, 2006-ci ildə yaradılmış “Aztexnika MMC ” əsasən nəqliyyat, inşaat, yol tikintisi, qida və qablaşdırma və xidmət sektorları üzrə dünya miqyasında aparıcı şirkətlərin ölkəmizdə eksklüziv təmsilçisi kimi fəaliyyət göstərir. Hazırda şirkət dünyaca məhşur brendlərin ölkəmizdəki rəsmi dileri olmaqla, habelə fəaliyyətində sosial məsuliyyət prinsipini əsas tutmaqla ADAU ilə sıx əməkdaşlıq əlaqələrinə malikdir. Müəssisə tərəfindən universitetin mühəndislik fakültəsində yaradılmış “John Deere” Təlim mərkəzi müasir mühəndis kadrların hazırlanmasında mühüm rol oynayır.