UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası dünyada mədəni irsin qorunub saxlanılması baxımından mühüm platformadır. Sessiyanın açılış mərasimində ölkənizin Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın iştirakı dövlətinizin mədəni və maddi irsə verdiyi dəyərin bariz nümunəsidir.
Bu fikirləri sessiyada iştirak edən ABŞ-ın Minnesota Universitetinin professoru Artun Çen söyləyib.
Artun Çen deyib ki, bu tədbir iştirakçı dövlətlərin yeni maddi və qeyri-maddi mədəni irs abidələrinin UNESKO-nun siyahısına salınması üçün səmərəli müzakirələr aparmaq və bu istiqamətdə mühüm qərarlar vermək baxımdan əhəmiyyətlidir.
O, həmçinin tədbirin keçirildiyi Bakı Konqres Mərkəzinin öz möhtəşəmliyi ilə onu heyran etdiyini vurğulayıb. Qonaq xalqımızın qonaqpərvərliyi və mehribanlığını da xüsusi qeyd edib.