ABŞ- da Xocalı faciəsinin anım mərasimi keçirilib

ABŞ-ın əsas siyasi və mədəniyyət mərkəzlərindən biri olan Çikaqo şəhərində, İllinois Ştatının Holokost Muzeyi və Təhsil Mərkəzinin binasında Azərbaycan tarixinin ən faciəvi səhifələrindən biri olan Xocalı faciəsinin 28-ci il dönümünə həsr edilmiş tədbir keçirlib.

Tədbir Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və ölkəmizin ABŞ-dakı səfirliyinin iştirakı ilə baş tutub.

Tədbir çərçivəsində “Xocalı faciəsi – qanlı yaddaş və anım” mövzusunda fotosərgi və seminar təşkil edilib.

Tədbirdə ABŞ-ın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) prezidenti Fərid Məmmədov və ACMA-nın idarə heyətinin sədri Mehriban Məmmədova, Türkiyənin Çikaqo şəhərindəki baş konsulu Ayşe Selcan Şanlı, Azərbaycanın ABŞ-dakı Səfirliyinin əməkdaşı Şəlalə Vəliyeva, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Lalə İsmayılova, amerikalı konqresmen Mayk Quiqlinin nümayəndəsi Cenni Herman, “Orta Asiya Səmərəliliyi” tədqiqat mərkəzinin rəhbəri professor Harri Lepinski, Northeastern Illinois Universitetinin soyqırım və müharibə fəlakətləri üzrə tədqiqatçı professoru Jenin Ntihirageza, İlinoys ştatnın Holokost və Soyqırım Komissiyasının İdarə Heyətinin üzvü professor Maria Korkatsch-Groszko və Ukrayna Amerika konqresinin direktorlar şurasının sədri – Roman Yatskovskiy və Amerika Yəhudi İcmasının Çikaqo nümayəndəsi Fenni Sempson-Kohen, həmçinin xüsusi qonaq qismində Holokost şahidi Canin Oberrotman iştirak edib.

Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin prezidenti Fərid Məmmədov çıxış edərək tədbirin proqramı haqqında danışıb, Xocalı faciəsi barədə ətraflı məlumat verib.

Çikaqo şəhərində yaşayan azərbaycanlı icmasının nümayəndəsi Nigar Çaybasarski də Xocalı faciəsi barədə geniş təqdimatla çıxış edib. Daha sonra tədbir iştirakçıları Xocalı qətliamına həsr edilmiş qısa videoçarxa baxıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.