ABŞ Prezidenti Corc Bayden Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi 28 May Respublika Günü münasibətilə təbrik etmişdir. Təbrik məktubunda ikitərəfli münasibətlərin çoxşaxəliliyinə xüsusi önəm verildiyi bildirilib. Təbrikdə həmçinin ölkələr arasındakı münasibətlərin inkişafı yeni perspektivlər üçün yol açdığı qeyd olunub. Təbrik məktubu və digər əlaqələr ABŞ-da yeni administrasiyanın Cənubi Qafqazda, xüsusilə də Azərbaycanda mövqelərinin möhkəmləndirmə siyasətini nümayiş etdirir.
Yeni administrasiyanın Türkiyə və Azərbaycanla münasibətləri yeni inkişaf mərhələsinə keçirmə cəhdləri göz qabağındadır. Müstəqilliyimizin bərpasından keçən 30 ilə yaxın müddətdə ABŞ və Azərbaycan xalqlarımız arasında əlaqələri gücləndirərək təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərində birlikdə çalışıb. Ağ Ev Administrasiyası Azərbaycanın enerji layihələrini dəstəkləyir və bu layihələrin inkişafında maraqlıdır. ABŞ ötən il Cənub Qaz Dəhlizinin işə salınması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələri və bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənməsinə dair imzaladığı Anlaşma Memorandumunu qətiyyətlə dəstəkləyir.Azərbaycan Respublikası və ABŞ arasında diplomatik əlaqələr 1992-ci ilin 28 fevral tarixində qurulmuşdur.
Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi 1992-ci ilin martında, ABŞ-ın Azərbaycandakı Səfirliyi isə 1992-ci ilin noyabr ayında açılmışdır. Azərbaycan Respublikası 1992-ci ildə yenidən müstəqillik əldə etdikdən sonra Amerika Birləşmiş Ştatları ilə əlaqələr 1992-ci ildə yaradılmışdır. Hazırda, ABŞ-ın Azərbaycanda bir səfirliyi, Azərbaycanın isə ABŞ-da bir səfirliyi və bir konsulluğu fəaliyyət göstərir.
Enerji sahəsində Azərbaycanla ABŞ arasında davam edən məhsuldar əməkdaşlığın uğurlu tarixçəsi vardır. 1994-cü ildə Xəzər hövzəsinin Azərbaycan sektorunda Azəri – Çıraq – Günəşli yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi üzrə “Əsrin müqaviləsi”ndə ABŞ şirkətləri yer almış, habelə həmin zamandan bəri ABŞ tərəfi Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən əsas ixrac neft və qaz kəmərlərinin tikintisinə fəal dəstək olmuşdur. Burada enerji təhlükəsizliyi, regional təhlükəsizlik sahələrində əməkdaşlıq, Cənub Qaz Dəhlizi layihəsinin uğurla icra edilməsi, insan haqlarının qorunması kimi məsələlər xüsusi olaraq vurğulanır.
“Artıq münaqişə öz həllini tapıb və beləliklə, ABŞ-la müdafiə sənayesi sahəsində əməkdaşlıq etməmək üçün səbəb görmürəm” – İlham Əliyev ABŞ-la hərbi sənaye sahəsində əməkdaşlığın mümükünlüyünü vurğulayır. Prezident həmçinin ABŞ-ı Ermənistanla Azərbaycan arasında məsələlərin həlli üçün sülh müqavələsinin bağlanmasında vasitəçi olmağa da dəvət edir. Regionda sülhün bərqərar olunmasına ABŞ töhfələr verə bilər. Bu töhfələr Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşdırılmasında kömək etmək və icmalara yanaşı yaşamaq lazım olduğunu izah etmək istiqamətindədir. Dövlətimiz yanlız ABŞ-la deyil, həm də Avropa dövlətləri ilə əməkdaşlığı gücləndirmək , ikitərəfli münasibətlər istiqamətində böyük işlər görür.
Tofiq Əsgərov
Masallı RTŞ-nin əməkdaşı.