… Azərbaycanın dövlətçilik tarixində Naxçıvan Muxtar Respublikasının mühüm yeri və rolu vardır. Çoxəsrlik dövlətçilik ənənələri, sivilizasiya və tarix-mədəniyyət beşiyi olan Naxçıvan ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatına zəngin töhfələr vermiş, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə sosial-iqtisadi, ictimai-siyasi həyatımızda əvəzsiz rol oynamışdır.
… Naxçıvanda əldə olunmuş misilsiz nailiyyətlərin təməlində Ulu öndər Heydər Əliyevin və Onun siyasi varisi Cənab İlham Əliyevin bu torpağa və onun sakinlərinə olan dərin məhəbbəti, yüksək qayğısı və diqqəti dayanır.
… Naxçıvan müqəddəs torpaqdır, dünya siyasətinin nəhəngi, Ümumilli lider Heydər Əliyev yetişdirən ocaqdır. Naxçıvan torpağı Azərbaycana, dünyaya, xalqımızın böyük və əvəzedilməz, görkəmli şəxsiyyəti olan Ümumimlli lider Heydər Əliyevi bəxş etmişdir.
… Naxçıvanın milli istiqlal ideyalarına bağlılıq nümayiş etdirərək dövlət müstəqilliyimizin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsində müstəsna xidmətləri vardır. Ulu öndərə dərin məhəbbət, sədaqət və dövlətçiliyin qorunmasında əməl və əqidə birliyi, milli dəyərlərə möhkəm ehtiram və etimad, Vətənə və torpağa dərin bağlılıq, siyasi və ictimai həmrəylik naxçıvanlıların milli xarakterini tamamlayır.
… Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanın qeyrətli oğul və qızları ötən əsrin 90-cı illərində mövcud olan mürəkkəb ictimai-siyasi şəraitdə Ulu öndər Heydər Əliyevin respublikamızda rəhbərliyi qayıdışı uğrunda çətin və şərəfli mübarizənin ilk sıralarında dayanmış, ölkəmizin müstəqilliyinin və suverenliyinin təmin edilməsində, milli dövlətçiliyimizin möhkəmlənməsində vətənpərvərlik nümayiş etdirmişdir.
… Respublikamızın müstəqillik tarixinin başlanğıc nöqtəsi də məhz Naxçıvandır. Böyük dövlət xadimi Heydər Əliyev 1990-cı il iyulun 22-də doğma Naxçıvana pənah aparması ilə Azərbaycanın ictimai-siyasi həyatında dönüş nöqtəsi yaranmışdır. 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada on minlərlə naxçıvanlının təkidi ilə Heydər Əliyevin Ali Məclisin Sədri seçilməsi Azərbaycanın siyasi həyatında möhtəşəm bir mərhələnin başlanğıcı qoyulmuşdur.
… Heydər Əliyevin Naxçıvana gəlişi ilə Azərbaycan dövlətçilik ənənələrinin yaşadıldığı bu qədim diyar işğal təhlükəsindən xilas edildi, ermənilərin muxtar respublikanı dünyadan təcridetmə siyasəti iflasa uğradı, ağır blokadanın yaratdığı iqtisadi tənəzzülün qarşısı alınmışdır. Ulu öndərin quruculuq salnaməsinin şah əsərlərindən olan Naxçıvan Muxtar Respublikası Onun uzaqgörən qətiyyəti sayəsində möhkəm sabitlik yoluna qədəm qoydu, milli inkişafın əsasları yaradılmışdır.
… Müstəqil Azərbaycanın simvollarından olan üçrəngli bayrağımız ilk dəfə məhz Ulu öndər tərəfindən Naxçıvan Ali Məclisində dalğalanmışdır. Ulu öndərin birbaşa siyasi iradəsi ilə “sovet sosialist” sözləri Muxtar Respublikanın adından çıxarılmış, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı 70 ildən sonra ilk dəfə Naxçıvan parlamentində qaldırılmışdır.
… Heydər Əliyev Naxçıvanda milli dövlətçiliyimizin bərpası və dövlət quruculuğu yönündə qətiyyətli, inadlı və inamlı geniş bir siyasi hərəkatın əsasını qoydu. 1991-ci ildə faktiki olaraq Azərbaycanın xarici siyasi-iqtisadi əlaqələrinin əsaslarını yaradılması, Türkiyə və İranla çoxəsrlik qonşuluq əlaqələrinin bərpası da uzun illərdən sonra məhz Onun Naxçıvanda fəaliyyət göstərdiyi dövrə təsadüf edir.
.. Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların tamamilə Muxtar Respublikada saxlanılması da məhz Ümummilli liderin qəbul etdiyi mühüm tarixi qərarlar sayəsində mümkün olmuşdur, bununla da müstəqil Azərbaycan Ordusunun əsası qoyulmuşdur.
…. Ümummilli liderimizin 1991-ci ildə milli birlik, milli ideyanı da dərinləşdirərək azərbaycanlıları bir ideya ətrafında birləşdirməsi, 1991-ci il dekabrın 16-da Naxçıvan MR Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi də xüsusi əhəmiyyət kəsb edir.
… Azərbaycan tarixinin şərəf və qürur salnaməsi olan 1992-ci il noyabrın 21-də Naxçıvanda Ulu öndər tərəfindən Yeni Azərbaycan Partiyasının əsası qoyulması ilə müstəqli Azərbaycanın milli dövlətçiliyin bərpası istiqamətində həlledici mərhələ başlanmışdır.
… Naxçıvan qədim sivilizasiya beşiyi, türklərin maddi-mənəvi ocağıdır. 2009-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) yaradılması və türkdilli ölkələrin başçılarının ilk Zirvə toplantısının keçirilməsi də Naxçıvandan başlayıb.
… Naxçıvan Muxtar Respublikası ötən illərdə çox şərəfli Yol keşmiş, Azərbaycanın uğur salnaməsinə öz zəngin imzasını atmışdır. Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Naxçıvanın tarixində yeni bir inkişaf səhifəsi açılmışdır. Muxtar Respublikada aparılan genişmiqyaslı, möhtəşəm abadlıq-quruculuq işləri ildən-ilə geniş vüsət almış, 100-lərlə mühüm istehsal, xidmət, emal və infrastruktur obyektləri istifadəyə verilmişdir.
… Azərbaycanın Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın sosial-iqtisadi və mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti sayəsində Naxçıvanın zəngin maddi və milli dəyərləri dünyada tanıdılmış, Naxçıvanın ənənəvi qrup rəqsləri – yallı, köçəri, tənzərə təşkilatın Təcili qorunma ehtiyacı olan qeyri-maddi irs siyahısında yer almışdır.
… Naxçıvan bu gün regionun cəlbedici investisiya və turizm bölgəsinə çevrilmişdir. Muxtar Respublikada həyata keçirilən davamlı iqtisadi və sosial proqramlar əhalinin iş yerləri ilə təmin edilməsində və rifah halının yaxşılaşmasında mühüm rol oynamaqdadır. Dövlət başçısının “Naxçıvan son illər ərzində böyük dərəcədə inkişaf etmişdir, həm sosial sahədə, iqtisadi sahədə, sənaye potensialının möhkəmləndirilməsi istiqamətində böyük addımlar atılmışdır. Bu, çox sevindiricidir” fikirləri Muxtar Respublikanın tərəqqisinin, firvanalığının əsil obrazını nümayiş etdirir.
… Naxçıvan Muxtar Respublikası ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatına zəngin töhfələr verən region kimi son illərdə inkişafının yeni dövrünü yaşamaqdadır.
… Bu gün Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvandakı ordu və birləşmələri bu gün Ordumuzun ən güclü istinadlarındandır. Ümummilli lider Heydər Əliyevin memarı olduğu Güclü Azərbaycan Ordusu Naxçıvanda tarix yazır, Azərbaycanın suverenliyinin, müstəqilliyinin, ərazi bütövlüyünün möhkəmlənməsinə töhfəsini verir.
… Tam səmimiyyətlə etiraf etmək lazımdır ki, Naxçıvanın inkişafında Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun fədakar yorulmaz fəaliyyəti də mühüm yer tutur. 1995-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Vasif müəllim hər zaman Azərbaycan xalqına, Dövlətinə və Prezidentinə sədaqətlə xidmət göstəribdir. Səmərəli və yorulmaz fəaliyyəti ilə Ulu öndərin və Prezident İlham Əliyevin dərin etimadını doğruldubdur. Əminəm ki, zəngin fəaliyyəti ilə bundan sonra da Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanın daha da inkişafı və tərəqqisi, xalqın rifahının yüksəlməsi naminə əzmlə çalışacaqdır.
Vaqif Abdullayev, Siyasi elmlər doktoru, professor, YAP Siyasi Şurasının üzvü.