Ulu öndər Heydər Əliyevin 1997-ci il dekabrın 18-də imzaladığı fərmanla 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən kütləvi şəkildə deportasiyasına hüquqi-siyasi qiymət verildi …
… XX əsr Azərbaycan tarixinin ağrılı-acılı səhifələrindən, faciələrlə dolu dövrlərindən biri soydaşlarımızın dədə-baba torpaqları olan Qərbi Azərbaycandan kütləvi şəkildə zorakılıqla deportasiya olunmasıdır. Erməni millətçilərinin şovinist siyasəti bütün XIX-XX əsrlər boyu mərhələ-mərhələ davam etdirilmiş, deportasiyalar və soyqırımları nəticəsində minlərlə dinc azərbaycanlı amansız formada məhv edilmişdir.
… Azərbaycan torpaqları hesabına Qafqazda özlərinə məskən salmış və tarixin müəyyən zamanlarında hissə-hissə torpaqlar ələ keçirərək qondarma Ermənistan dövləti yaratmış erməni millətçiləri Moskvadakı və xaricdəki havadarlarına arxalanaraq vaxtaşırı öz məkrli niyyətlərini həyata keçirməyə çalışmışlar.
… Ötən əsrin 40-cı illərində Moskvanın, bilavasitə daşnak A.Mikoyanın təşəbbüsü ilə Ermənistanda “Qarabağ hərəkatı” və “Qarabağ komitəsi” yaradılması və azərbaycanlı əhalinin ucdantutma deportasiya edilməsi siyasəti bu məkrli planın növbəti hissəsi idi. 1948-1953-cü illərdə reallaşmış bu plan hələ də xalqımızın taleyində acı xatirə kimi sislinməz izlər buraxıbdır.
… 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 4083 saylı qərar verdi. Bu qərar Azərbaycan xalqı üçün gözlənilməz zərbə idi. Qərara “kolxozçu” sözünün əlavə edilməsi siyasi manevrdən başqa bir şey deyildi. 1948-ci il mart ayının 10-da SSRİ Nazirlər Sovetinin “Kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında” yeni qərarında göstərilirdi ki, bu, SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli qərarına əlavədir. Hər iki qərarı Stalin imzalamışdı.
… Stalinin imzası ilə hər iki qərarda Azərbaycan millətindən olan kolxozçuların və başqa əhalinin Ermənistan SSR ərazisindən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi nəzərdə tutulmuşdu. Bu qərarların birincisində (23 dekabr 1947) göstərilirdi ki, Ermənistan SSR-dən 1948-ci ildə 10 min,1949-cu ildə 40 min, 1950-ci ildə isə 50 min azərbaycanlı (cəmi 100 min) Azərbaycan SSR ərazisinə köçürülməlidir. Bu qərar 1953-cü ilə qədər qüvvədə qaldı. Başqa sözlə, 1948-1953-cü illərdə Ermənistan SSR ərazisindən Azərbaycana 150 min azərbaycanlı köçürüldü.
… Deportasiya qədim Azərbaycan toponimlərinin, zəngin tariximizin erməniləşdirilməsi ilə nəticələndi, yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi, təhsil və mədəniyyət ocaqlarının bağlanması, rayonların birləşdirilməsi sürətlə aparılırdı. Nəticədə yüzlərlə, minlərlə kənd və rayon adları erməniləşdirildi.
…1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki doğma yurdlarından qovulması Stalin-Mikoyan siyasətinin həyata keçirdikləri planın məntiqi yekunu idi. Bu siyasət totalitar rejimin bütün zamanlarında özünü büruzə vermiş və həmişə də erməni-daşnak siyasətini ən incə metodlarla həyata keçirmişdir. Xüsusilə M.Qorbaçov hakimiyyətə gəldikdən sonra (1985-ci ildə) ermənipərəst siyasət rəsmi dövlət səviyyəsinə çatdırıldı. Türk və müsəlman dünyasının qatı düşməni olan M.Qorbaçov bütün məsələlərdə antiazərbaycan mövqedə dayanır və bu siyasəti yeridirdi. Həmin mövqe 1948-1953-cü illərdə azərbaycanlıların deportasiya siyasətində də özünü göstərmişdi.
… Sovet rəsmi sənədlərində bir çox köçürülmələrə hüquqi-siyasi qiymət verildiyi halda, azərbaycanlıların deportasiyasının heç adı belə çəkilmirdi. Təəccüblüdür ki, SSRİ Ali Sovetinin 1989-cu ilin noyabrında (41 il sonra) məcburi köçürülməyə məruz qalmış xalqlara qarşı repressiya aktlarının qeyri-qanuniliyi, cinayətkarlığın etiraf olunduğu və onların hüquqlarının müdafiəsi haqqında bəyannamədə azərbaycanlıların Ermənistan SSR-dən köçürülməsinə toxunulmur, bu hadisə deportasiya hesab edilmir.
… 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən kütləvi şəkildə deportasiyasına düzgün və obyektiv hüquqi-siyasi qiymət Ümummilli lider Heydər Əliyev tərəfindən verildi. Ulu öndərin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən, tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 18 dekabr 1997-ci il tarixli fərmanı böyük elmi-siyasi, tarixi əhəmiyyətə malik sənəddir.
… Ümummilli lider Heydər Əliyev deyirdi ki, son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən – min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.
… Erməni millətçiləri və daşnakları tərəfindən Azərbaycan xalqının başına gətirilən müsibətlər nəticəsində təkcə XX yüzillikdə 2 milyondan çox azərbaycanlı erməni vandalizminin, soyqırımı siyasətinin qurbanı olmuşdur. Azərbaycanlıların kütləvi şəkildə deportasiya edilməsi, 150 mindən çox dinc əhalinin zorakılıqla dədə-baba torpaqlarından qovulması, on minlərlə insanın ağır məşəqqətlərlə üzləşməsi, yüzlərlə və minlərlə günahsız adamın xəstələnməsi, həlak olması, bir sözlə, xalqımızın başına gətirilən dözülməz faciələr hüquqi cəhətdən 1948-ci ildə BMT-nin İnsan Hüquqları Komissiyasının qəbul etdiyi qərarın 2-ci maddəsinə uyğun olaraq soyqırımı və etnik təmizləmə kimi qiymətləndirilməlidir.