Şəmkir rayon Qapanlı kənd tam orta məktəb Azərbaycanın ilk Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun adını daşıyır. Bu yaxınlarda Qapanlı kənd məktəbin kollektivi adından redaksiyamıza məktub daxil olmuşdu.
Məktubda gördüyümüz işlərin məktəbin kollektivində qəhrəmanın qızının taleyi barədə yeni yazılarımızın işıq üzü görməsinə maraq yaratdığı vurğulanırdı.
“Biz onunla əlaqə yaratmaq, onunla tez-tez məktublaşmaq istərdik. Qoy hörmətli Qalina xanım bizim sevimli qəhrəmanımız İsrafil Məmmədovu unutmadığımızı, onun adını hörmətlə, daim uca tutduğumuzu, gənc nəslin vətənpərvərlik və hərbi-vətənpərvərlik tərbiyəsini onun və Azərbaycanımızın digər qəhrəman oğullarının timsalında apardığımızı bilsin.”- məktubda bildirilirdi.
Etmtv. news portalı məktəb kollektivinin məktubunu Velikiy Novqorod vilayətində fəaliyyət göstərən Azərbaycan diasporasına ünvanlamış və məktubun Qalina Məmmədovaya çatdırılmasını xahiş etmişdi. Diaspora rəhbəri Elşad Qurbanov bizim xahişimizlə hörmətli Qalinanın qonağı olmuşdur.
Onu da bildirək ki, Şəmkir rayon Qapanlı kənd tam orta məktəbinin bir qrup müəllim və şagirdi adından bizə olan müraciətdə Velikiy Novqorod məktəblərinin biri ilə dostluq əlaqəsi yaradılması üçün vasitəçi olmaq xahişi ilə də müraciət edilib.
-İstərdik məktəbimiz Velikiy Novqorod şəhərinin hansısa bir orta məktəbi ilə dostluq əlaqələri yaratsın. İnanın ki, məktəbimizin kollektivi belə bir dostluğa çox şad olardı. Mümkünsə, təklifimizin Velikiy Novqorod şəhərinin yerli hakimiyyət orqanlarına çatdırılmasında bir vasitəçi olasınız, bu işdə bizə həqiqətən də yaxından köməklik edəsiniz.-məktubda deyilirdi.
Azərbaycan diasporası müraciətin Velikiy Novqorod şəhərinin rəhbərliyinə çatdırılması işində Şəmkir məktəblilərinə dəstək olacağına və bu işdə də onlara lazımi köməkliyin göstəriləcəyinə söz verdi.