Görkəmli müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin (1942-2008) vəfatından 11 il ötür. Bu münasibətlə oktyabrın 25-də I Fəxri xiyabanda dünya şöhrətli musiqiçinin məzarı ziyarət olundu, abidəsi önünə əklil qoyuldu, tər çiçək dəstələri düzüldü.
Mərasimdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin müşaviri Sergey Stepanov və tanınmış incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirdi.
Qeyd edək ki, Müslüm Maqomayevin yaradıcılığı Azərbaycan mədəniyyəti tarixində xüsusi yer tutur. O, dünyanın ən möhtəşəm konsert salonlarındakı rəngarəng çıxışları ilə Azərbaycan mədəniyyətinə geniş şöhrət qazandırıb.
M.Maqomayev 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını SSRİ Xalq artisti, professor Şövkət Məmmədovanın sinfində bitirib. 1963-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayan ifaçı C.Rossininin “Sevilya bərbəri” operasında yaratdığı Fiqaro obrazı ilə məşhurlaşıb.
Müğənninin repertuarında “Koroğlu” (Ü.Hacıbəyli), “Şah İsmayıl” (M.Maqomayev), “Toska” (C.Puççini), “Aleko” (S.Raxmaninov) operalarından ariyalar, Azərbaycan və xarici ölkə bəstəkarlarının onlarca estrada mahnısı xüsusi yer tuturdu. Keçmiş SSRİ-nin ən populyar estrada müğənnilərindən biri olan Müslüm Maqomayev, sözün əsl mənasında, ümumxalq məhəbbəti qazanmışdı.
O, 1974-cü ildə təşkil etdiyi Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri ilə birgə ABŞ, Kanada, Fransa, Almaniya, Finlandiya, İsveçrə, İspaniya, İtaliya, Portuqaliya, Argentina, Braziliya, Polşa və başqa ölkələrdə böyük uğurla çıxış edib.
Sənətkar 1973-cü ildə “SSRİ Xalq artisti” fəxri adına layiq görülüb, 1997-ci ildə Azərbaycanın “Şöhrət”, 2002-ci ildə “İstiqlal” ordenləri ilə təltif olunub.