AZƏRBAYCAN TƏHSİLİNİN İNKİŞAF ZİRVƏSİ

Bu gün Azərbaycanda cəmiyyətin bütün sahələrində böyük dəyişikliklər baş verməkdədir. İctimai şüur  transfor­masiya olunur, dəyərlər sistemi yeniləşir. Belə bir şəraitdə milli təhsilimiz bu hadisələrin mərkə­zində durur.

Azərbaycanın müasir təhsil siyasətinin əsas ideyası inkişafdır. Müasir təhsilin inkişafı siyasəti həm cəmiy­yətə, eyni zamanda da təhsil sisteminin özünə ünvanlanmışdır. Təhsil sisteminin inkişafı prinsipləri bir-biri ilə əlaqəlidir, bir-birini tamamlayır və təhsil sisteminin normal inkişafının təmin olunmasına yönəldilib.

Hal-hazırda Azərbaycanda təhsil sistemi yuxarıda sada­lanan mərhələləri adlamış, təhsil sistemimiz uzun bir yol ke­çərək, bu günkü inkişaf səviyyəsinə çatmışdır. Müstəqilliyi­mi­zin ilk illərində böyük çətinliklərlə qarşılaşan milli təhsil sistemimiz Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra yeni bir mərhələyə – inkişaf mərhələsinə qədəm qoymuşdur. Ölkəmiz müstəqillik əldə etdiyi dövrdən Azərbaycanda təhsil sahəsində tənəzzül, təhlükəli dağıdıcılıq halları müşahidə olunmağa başladı. 1992-ci ildə respublika­mızda təhsilin inkişafını müəyyənləşdirən təhsil konsepsiyası olmadan tələsikliklə qəbul olunmuş Təhsil Qanunu bu prosesin qarşısını almağa qadir olmadı və əksinə, bir sıra yeni prob­lem­lər yaratdı və respublikada təhsil prosesinin inkişafına kifayət qədər şərait yarada bilmədi. Təhsilin inkişafına 1993-cü ildən sonra xüsusi qayğının göstərilməsi Azərbaycan Respub­likası­nın ümummilli lideri Heydər Əliyev cənablarının daha çox diq­qət mərkəzində olmuş, vətəndaşların təhsil hüquqları məhz möh­tə­rəm Prezidentin rəhbərliyi ilə işlənilmiş və qəbul edilmiş konstitusiyada dünyanın ən inkişaf etmiş ölkələrinin səviyyəsi­nə qaldırılmış, Azərbaycan tarixində ilk dəfə təhsil sahəsində islahatların aparılması üçün tapşırıqlar vermişdir.

Ulu Öndərin uzaqgörən siyasi kursunun mübariz da­vam­çısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları da təhsili dövlət siyasətinin əsas prioritetlərindən biri hesab etmişdir. Belə ki, son illərdə təhsil xərclərinin artmasının əsasında da həmin konseptual müddəalar dayanır. Cənab Pre­zidentin “Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir” konsepsiyası isə cəmiyyətin inkişafında yeni zəmin yaratmaqla yanaşı, dövlət başçısının bu uzaqgörən fikirlərini daha da təsdiqləyir.

Ölkəmizdə milli təhsilimizin inkişafı sahəsində son illər mühüm nailiyyətlər əldə edilmişdir. Respublikamızın Prezi­denti İlham Əliyev cənablarının dayanıqlı təhsil sisteminin yaradılması məqsədi ilə 24 oktyabr 2013-cü il tarixdə imza­ladığı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təhsilimizin inkişafında daha yüksək müs­bət irəliləyişlərin əldə edilməsinə şərait yaratmışdır. Bu, çox əhatəli, strateji bir sənəd ol­maqla qarşımıza yeni və çox mühüm vəzifələr qoyur. Təhsili­miz tələb olunan bilik və bacarıqların aşılanması ilə bərabər, vətəndaşın gələcək həyata və cəmiyyətə inteqrasi­yasına hərtə­rəfli hazırlığı kimi vəzifələri də yerinə yetirir. Bu sahədə dövlətimiz islahatyönümlü tədbirlər həyata ke­çirir, milli təhsilimizin dünya standartlarına cavab verəcək bir sistemə çevrilməsi üçün çox mühüm addımlar atılır.

Digər orta təhsil ocaqları kimi Gəncə şəhəri Samir Və­liyev adına 34 nömrəli tam orta məktəb də təhsillə bağlı dövlət proqramlarından, normativ sənədlərdən irəli gələn tədbirlərin həyata keçirilməsi istiqamətində fəaliyyətini artırır, məktəbin müəllim-pedaqoq heyəti təhsilin keyfiyyətinin artırılması yolunda əzmlə çalışır. Bu məqsədlə, təhsil alan şagirdlərin gü­nü­müzün tələblərinə cavab verən, hərtərəfli inkişaf etmiş və­təndaşlar kimi yetişməsi ilə bağlı tədbirlərin təşkili və güc­lən­dirilməsi, onların savadlı insanlar kimi hərtərəfli inkişafını tə­min edən tədris işinin təşkili həmişə diqqət mərkəzində saxla­nılır. Görülən işlər məktəbdə tədris və təlim-tərbiyə işinin key­fiyyətinin yüksəldilməsində önəmli rol oynamışdır.

Gənclərimizə diqqət və qayğı, harmonik inkişafa malik insan yetişdirmək istəyi Azərbaycan xalqına xas olan milli xa­rakterik cəhətlərdən biridir. Ona görə də təlim-tərbiyə və mə­nəvi-maarifçilik ilə bağlı işlər məktəbimizin fəaliyyətinin əsas vacib istiqamətlərindən biridir. Bu işlər savadlı, hərtərəfli inkişaf etmiş, Vətənə məhəb­bət, xalqımızın adət-ənənələrinə və ümumbəşəri dəyərlərə hör­mət ruhunda tərbiyə olunmuş, mənəviyyatlı, əxlaqca kamil, Mil­li İstiqlal ideyalarına, Dövlətimizə və Dövlətçiliyimizə sa­diq gənclərin tərbiyəsinə istiqamətləndirilmişdir. Bu, mənəvi-əxlaqi, vətənpərvərlik, hüquqi, bədii-estetik, fiziki, ekoloji, zəh­­­mətsevərlik və digər tərbiyəvi işləri özündə birləşdirir.

Məktəbimizdə tərbiyə və mənəvi-maarifçilik işi mək­təbin direktoru tərəfindən tərtib və təsdiq edilən plan əsasında aparılır. Mənəvi-maarifçilik sahəsində ortaya çıxa biləcək problemlərin aşkar edilməsi, təlim-tərbiyə işində şagirdlərin və müəllim heyətinin tələbatının öyrənilməsi üzrə sosioloji tədqi­qatların aparılması, mənəvi-maarifçilik fəaliyyətdə aktual mə­sələlərin həllində təcrübə mübadiləsi ilə bağlı toplantılar, mək­təbdə mənəvi-maarifçilik fəaliyyətin prioritet istiqamətlə­rinin müəyyən edilməsi, bu işdə tələb olunan normativ-metodiki sə­nədlər və tövsiyələrin işlənilib hazırlanması və yayılması mək­təbdə əsas fəaliyyət istiqamətlərindən biridir. Bu işdə bütün müəllim heyəti iştirak edir. Vətənpərvərlik, humanizm, öz döv­lətinə və xalqına bağlılıq və sədaqət – biz şagirdlərimizə bu hissləri aşılamağa çalışır, onları yüksək əxlaqlı, Ulu Öndər ideyalarına sadiq vətəndaşlar kimi görməyə can atırıq. Milli Müstəqillik ideologiyasının əsas ideyalarını şagirdlərə aşılamaq məqsədilə onlarla daim söhbətlər aparılır, Vətənimizin günü-gündən çiçəklənməsi, xalqımızın sülh, əmin-amanlıq şəraitində yaşaması, xalqımızın firavan həyatını, bu əmin-amanlığın qoru­nub saxlanılması, Respublikamızın Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu sahədə görülən nəhəng ölçülü işlər bu söhbət­lərin əsas mövzularından biridir.  Şagirdlərin  dünyagörüşünün, bilik səviyyəsinin artırılması, təfəkkürünün genişləndirilməsi məqsədilə onlarla mütəmadi olaraq görüşlər keçirilir və söhbət­lər aparılır. Bu söhbətlərin əsas mövzusu və qayəsi dövlətçiliyi­mizə və dövlətimizə sədaqət hisslərinin və ruhunun aşılanma­sıdır.

 

Yuris XƏLİLOV,

Gəncə şəhər 34 saylı  tam  orta məktəbin direktoru.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.