Qax rayonunda Elçin Şahmərdanov adına Tasmalı kənd və Şota Rustaveli adına Əlibəyli kənd tam orta məktəblərinin açılış mərasimi keçirilib.
Qax rayonunda Elçin Şahmərdanov adına Tasmalı kənd tam orta məktəbinin açılış mərasimində Təhsil nazirinin müavini İdris İsayev, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze, Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və rayon ictimaiyyət nümayəndələri iştirak ediblər.
Açılış mərasimində çıxış edən nazir müavini İdris İsayev bildirib ki, son bir neçə ildə ölkəmizdə 4 500-ə yaxın məktəbdən təxminən 3 mini əsaslı təmir olunub və yeni məktəb binaları istifadəyə verilib. Nazir müavini qeyd edib ki, təhsilə dövlət səviyyəsində göstərilən diqqət və qayğı nəticəsində tədrisin keyfiyyəti yüksəlib və müəllimlərin əməkhaqqının sentyabrın birindən 20% artırlması bu qayğının bariz göstəricisidir.
Nazir müavini müəllim, şagird və valideynləri “Bilik günü” münasibətilə təbrik edib, yeni tədris ilində hər birinə uğurlar arzulayıb.
Tədbirdə iştirak edən kənd sakinləri müasir infrastruktura malik məktəblərin inşasının tədrisin səviyyəsinin daha da yüksəlməsinə müsbət təsir edəcəyini qeyd ediblər.
Qeyd edək ki, Elçin Şahmərdanov adına Tasmalı kənd tam orta məktəbinin yeni binası 264 şagird yerlikdir. 2018-2019-cu tədris ilində məktəbi bitirən 16 məzundan 10-u ali təhsil, 3 nəfəri isə orta ixtisas təhsil müəssisələrinə qəbul olunublar.
Daha sonra Şota Rustaveli adına Əlibəyli kənd tam orta məktəbinin açılış mərasimi keçirilib. Bildirilib ki, məktəb 216 şagird yerlikdir. Məktəbdə 161 nəfər şagirdin təlim-tərbiyəsi ilə 35 müəllim məşğul olur. Şota Rustaveli adına Əlibəyli kənd tam orta məktəbini ötən il bitirən 16 məzundan 7-si Gürcüstanın ali təhsil müəssisələrinə qəbul olunublar.
Hər iki məktəb binalarında sinif otaqları ilə yanaşı 11 fənn kabineti, kompüter, texnologiya otaqları, laboratoriyalar, kitabxana, akt və idman zalları, xidməti otaqlar fəaliyyət göstərir. Məktəb binalarında müasir istilik və müşahidə sistemləri quraşdırılıb.