“Zaman keçdikcə yazarlar hazırladıqları materiallara yenidən nəzər salır, bir çox fikirlərə yenidən nəzər nöqtəsindən baxmalı olurlar. Bu, çox vaxt insanda müxtəlif suallar doğurur. Doğrudanmı, alınan bəzi cavablarda çox şey bu qədər qəliz, bu qədər müəmmalı olmuşdur? Bəlkə, biz müsahibimizin dediklərini düzgün anlamamışıq?”
Bu cümlələr bir vaxtlar “Demokratik.az” saytında dərc olunmuş “Gəncə Tibb Kollecində nə baş verir?” başlıqlı yazıda verilmişdir. Məqalə əməkdar həkim Mehman Rzayevin Gəncə Tibb Kollecinə rəhbər təyin olunandan sonra bu təhsil ocağında aparılan kompleks təmir-tikinti və yenidənqurma işlərindən sonra bizlərdə yaranan bəzi şübhələrə cavabların axtarışına həsr olunmuşdu. Onu da bildirim ki, “El TV”-nin kollecdən çəkdiyi “Gəncə Tibb Kolleci” sənədli filminin ssenaristi kimi həmin suallara bu gün də cavab axtarıram.
Fənn kabinetlərinin təhcizi, dərs məşğələlərinin elmi-metodiki səviyyəsi, müxtəlif avadanlıqlar və əyani vəsaitlərlə təhcizi məsələləri bu gün tam diqqət mərkəzində saxlanılırmı? Bu gün tədrisin və təhsilin səviyyəsinin yüksəldilməsinə təsir göstərən işlər hansılardır? Kollecdə fəaliyyət göstərən kitabxana və laboratoriyaların təhcizi məsələləri tam diqqət mərkəzindədirmi?
Hələ təqribən il yarım bundan əvvəl yazmışdıq: -“ Kitabxana müdiri Ziyafət Cəfərovadan aldığımız məlumata görə Mehman Rzayevin təşəbbüsü ilə ötən tədris ilinin əvvəlində kollecin kitabxanaçısı tələb olunan kitabları əldə etmək üçün Bakı Tibb Kollecinə ezam olunmuşdur. Əldə edilən nəticə isə budur- Gəncə Tibb Kolleci Bakı Tibb Kollecinin kitabxanasına üzv olmuş ( gülməlidir, elə deyilmi) və cəmi… bir neçə adda kitab kollecə gətirilə bilmişdir. Üstəlik, Gəncə Tibb Kolleci gələn ilin sentyabrına kimi latın qrafikası ilə dərc olunmuş kitablarla tam təhciz olunacaq”. (Ortaya elə indi də sual çıxır. Görəsən kollec tələb olunan kitablarla tam təhciz olundumu? Tələbələr bu kitablardan yararlana bildilərmi?) “Kollecin müəllim heyətinin müəllifi olduğu kitablar da varmı? Ümumiyyətlə, belə tədris vəsaitləri haqda hansısa məlumatlara maliksinizmi, sualına isə cavab dumanlıdır.- Yeni kitabların dərc olunması ilə bağlı kollecin rəhbəri hələ mart ayında (2017-ci ildə-müəllif) məsələ qaldırıb. Kollecin müəllimləri yazdıqları kitabları artıq rəhbərliyə təqdim etmişdir…”
Elə o vaxtda, indi də bizə maraqlıdır – Kollecin müəllimləri yaradıcılıq qabiliyyətlərini hansı elmi məqalələrdə və kitablarda büruzə veriblər? Suallar tək bunlar deyil – Tibb Kolleci həqiqətənmi rüşvət məkanı kimi qaldı? Mehman Rzayevin kollecdə yenidənqurma strategiyası əslində tibbi biliklərin verilməsində hansı rola malik oldu?
Kollecin kitabxanasının yeni tədris kitabları ilə təhciz olunub-olunmadığını bilmirik, əvəzində elə həmin Ziyafət Cəfərova, özünün bildirdiyinə görə, jurnalistə verdiyi məlumata görə bərk danlanmışdı. Üstəlik, kitabxanaya ehtiyac duyulan tədris kitablarının yenidən nəşri üçün 12 000 manat vəsait tələb olunduğundan, Mehman Rzayev bu pulu elə o xanımdan tələb etmişdi. ”Ya pulu verməlisən, ya da ərizə yazıb işdən çıxmalısan” – Mehman Rzayev bildirmişdi. O vaxtdan bu xanımın işdə qalıb, ya getməsindən xəbərimiz yoxdur. Məhz onun xahişinə görə də biz bir daha bu mövzuya qayıtmamışdıq. Çünki… özünün dediyi kimi -“ondan qisas ala bilərdilər!”
O dövrdən kollecdə çox şey dəyişib. Yaxşılığa doğru da çoxlu addımlar atılıb. Kollec öz görkəmini tamamilə dəyişib. Bunu inkar etmək də mümkün deyil. Lakin, kollec təhsildə, tədrisdə hansı yeniliklərə imza atıb? Kollec yeni imicini məhz hansı işlərlə formalaşdırır? Bu və digər mövzularla bağlı kollecin rəhbərliyinə etdiyimiz müraciətlərimiz elə müraciət kimi də giriş qapısında qalıb. Nə içəri buraxırlar, nə də Mehman həkim telefon zənglərinə cavab verir. Vaxtada keşik çəkən mühafizə işçiləri işlərini yaxşı öyrəniblər. Müdiri narahat edə bilən heç kəs bu qapıdan içəri keçə bilməz… Kollecin işi haqqında informasiyaların verilməsinin qarşısını almaq üçün bütün yararlı vasitələr elə qapıda həyata keçirilir.Hərdən ən alçaldıcı yalanlarla özlərinin, eləcə də bu qapıya təşrif buyuran bütün insanların ləyaqəti ayaq altına atılır. Kollecin binasındakı əzəmətli giriş qapısı ( o da yeni direktor gələn kimi təzələnib) sanki Mehman Rzayev üçün düzəldilib. O qapıdan istədiyi vaxt yalnız özü girə və çıxa bilər.
Bu səbəbdən bizdə müəyyən şübhələr oyanıb. Ya , Mehman həkim Sovet quruluşunun dağılmasından, müstəqil Azərbaycan Respublikasının qanunlarından xəbəri yoxdur, ya o, bu qanunları heçə saymır, ya da, biz paralel dünyada yaşayırıq. İkinci versiya həqiqətə daha uyğun gəldiyindən bunu deməyə əsas var :- O qapı dövlətin balansındadır və giriş-çıxış üçün nəzərdə tutulub. Əlbəttə ki, dövlət müəssisəsini yalnız öz qanunları ilə, üstəlik özünün maraqlarına uyğun idarə etmək, istənilən insan üçün bağışlanılmazdır. Bu, elə Mehman Rzayev üçün də şamil olunmalıdır.
Onun mətbuat işçilərilə xüsusi davranış qaydaları mövcuddur. Həkim və təhsil ocağının rəhbəri adlandırılan bir şəxsin hərəkətinə oxucu özü qiymət verə bilər.
Zəng vururuq, dəstəyi qaldırır.- Salam Mehman doktor. – Salam.- deyə cavab verir.- Danışan kimdir?– Özümüzü təqdim edirik.- Cavab həmişəki kimi standartdır.- Yoox, yoooox, mən Mehman doktor deyiləm. – Axı, bu nömrəni bizə siz özünüz vermisiniz. Səsinizi də yaxşı tanıyırıq – deyirik.- Yox, yoooox, səhv düşmüsünüz! – tələsik deyir və dəstəyi asır…
Əlbəttə ki, özünə həkim deyən şəxs, əgər elmi dildə deyilsə, tibbi etika anlayışından xəbərsiz deyildir. Üstəlik, onun orta ixtisaslı tibbi kadrların hazırlandığı bir təhsil müəssisəsinə başçılıq etdiyini də əlavə etsək, Mehman Rzayevin təhsilin demokratikləşdirilməsi prinsiplərindən də xəbəri olduğunu inkar edə bilmərik. Bu təqdirdə, onun hörmətli bir mətbuat işçisinə etdiyi hərəkət də başa düşülməzdir.
Yazdıqlarımızın əksini sübut edəcək bütün məlumatları ondan almağa şad olardıq!
Mövzuya qayıdacağıq. Ruhulla Zahidov, yazıçı- jurnalist.
BU Kollecin köhnə giriş qapısı
Bu da yeni qapı…