Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin xətti ilə İrəvan Dövlət Azərbaycan Dram Teatrı Gəncə şəhərinə qastrol səfəri çərçivəsində müəllifi Sevinc Elsevərin olduğu “Ürəyində arzu tut” adlı bir hissəli faciəsini Gəncə teatrsevərlərinə təqdim etdi. Respublikanın Əməkdar artisti Sərvər Əliyevin rejissoru olduğu tamaşanın tərtibatçı rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilov, rejissor assistenti Bəhruz Hikmətoğludur. Tamaşada teatrın aktyorları; respublikanın Əməkdar artisti Xatirə Süleymanova, Məhərrəm Musayev, Niyaməddin Səfərəliyev, Ruhiyyə Eyvazova, Sevinc Hüseynova, Arzuman Tanrıverdi iştirak etdilər. Tamaşada əslən Xocalıdan olan, erməni əsirliyində çəkdiyi zülm və məşəqqətdən, ağlasığmaz işgəncələrdən, əzab çəkən, arzuları ürəyində qalmış Arzu adlı bir qızın taleyindən bəhs edilir.