30 may – 2 iyun tarixlərində Moskvada “Manej” Mərkəzi Sərgi Zalında “İntermuzey-19” Beynəlxalq festivalı keçirildi. Artıq 21-ci dəfədir ki, təşkil edilən festival ilin ən mühüm muzey hadisəsidir. Builki muzey forumunun başlıca mövzusu “Peşəkarların dialoqu”dur.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə bu beynəlxalq tədbirdə ölkəmizi Azərbaycan Xalça Muzeyi və Qara Qarayevin Ev-Muzeyi təmsil edib. Ölkəmizə aid stenddə hər iki muzey öz fəaliyyətini təqdim etdi. Belə ki, Azərbaycan Xalça Muzeyi xovlu və xovsuz xalça nümunələri, öz nəşrlərini nümayiş etdirmiş, xovsuz xalça olan zilinin toxunması üzrə ustad dərsi keçirmişdir. Qara Qarayev Ev-Muzeyi tədbirdə görkəmli bəstəkarın həyat və fəaliyyətinə həsr olunmuş film, kitab və notları təqdim edib. Ölkəmizin stendi festival iştirakçıları və qonaqlar tərəfindən böyük maraqla qarşılandı.
Festival çərçivəsində baş tutan elmi konfransda muzeyin inkişafı üzrə baş mütəxəssis Aynur Məmmədova “Azərbaycan Xalça Muzeyi kolleksiyalarının zənginləşdirilməsi metodları” mövzusunda məruzə ilə çıxış etdi.
Tədbirin sonunda hər iki muzey Rusiyanın Mədəniyyət Nazirliyi tırıfindən diplomla təltif edilib.