YENİYETMƏLƏR VƏ İDMAN

Təlim-tərbiyə prosesi çox şaxəli bir anlayış­dır. Digər sahələr kimi uşaqların fiziki tərbiyəsi də bu prose­sin əsas tərkib hissəsi kimi qalmaqdadır. Bu, qeyri-adi çətin və mürəkkəb bir prosesdir, eyni zamanda təlim-tərbiyədə bir neçə sahəni kompleks  şəkildə özündə birləşdirir. Ölkəmizdə orta təhsil müəssisələrində şagirdlərin fiziki tərbiyəsi yolunda böyük addımlar atılır. Amma elə təhsil ocaqları da vardır ki, bu sahədə nəinki irəli getmiş, hətta digər orta məktəblər üçün də bir nümunə obyektidir. Belə təhsil ocaqlarından biri Gəncə şəhər 19 saylı tam orta məktəbdir.  Onu da qeyd etmək yerinə düşərdi ki, məktəbin idmanın müxtəlif növləri üzrə Respublikada qalib yerləri tutmuş  onlarla çempion şagirdi vardır. Məktəbdə gözəl idman komandaları da fəaliyyət göstərir və şəhər mərhələlərində qalib yerlərə imza atırlar. Bu yaxınlarda yekunlaşmış məktəblər arasında respublika çempionatının şəhərdaxili mərhələsində məktəbin basketbol komandası birinci yerə layiq görülmüş, komanda bu ilin  dekabr ayının 11-də Tovuz rayonunda keçiriləcək zona yarışlarına vəsiqə qazanmışdır. Bu, məktəbin idman sahəsində ilk və son qələbəsi deyildir.

Uşaqların həyatında idman nədir? İdmanın uşaq və yeniyetmələrə faydası nədir? Uşaqlarda idmana həvəs və məhəbbətin yaradılması üçün hansı vacib addımlar atılmalıdır? Bizi maraqlandıran bu kimi suallara Gəncə şəhər 19 nömrəli tam orta məktəbin direktoru, Respublikanın Fəxri Bədən Tərbiyəsi və İdman işçisi  Elçin Alıyev cavab verir.

    R.Z. – Elçin müəllim, yeniyetmələrin idmanla məş­ğul olması onlara nə verir?

   E.A. – Hər bir sağlam düşüncəli insan başa düşür ki, id­manla məşğul olmaq bütün adamlara həm fiziki, həm də psixoloji cəhətcə sağlam olmağa kömək edir. Sirr deyil ki, həm­yaşıdları ilə nisbətdə idman ilə məşğul olan uşaqlar çə­tinliklərin öhdəsindən daha asan gəlirlər. İdmanın uşaqlara olan təsirini təhqiq edən alimlər be­lə bir yekdil fikrə gəlmişlər ki, fiziki cəhətcə fəal uşaqlar di­gər həmyaşıdlarına nisbətən daha güclü və dözümlüdürlər. Onu da demək yerinə düşərdi ki, idmana həvəs göstərən uşaq­larda özünü qiymətləndirmə hissi daha güclüdür.

Ömrünü uşaqların təlim-tərbiyəsinə verən insanlar bi­lirlər: idmanla müntəzəm məşğul olan yeniyetmələr, nəinki sağlamdırlar, həmçinin fəal hərəkətlərə, oyunlara, idmana da­ha az maraq göstərən, gününü televizor, kompüter qarşısında keçirən həmyaşıdlarına nisbətən daha xoş­bəxt­dirlər.

  R.Z. – İdmanla məşğul olma oğlan qızlara eyni dərəcədə təsir göstərir, yoxsa müxtəlif fikirlər mövcuddur?

  E.A. – Əlbəttə ki, idman istənilən yeniyetməyə, istər oğlan ol­sun, istərsə də qıza, müxtəlif cür təsir göstərə bilər. Buna görə də onların sağ­lamlığına nəzarət prinsipləri mövcuddur. Məsələn, idma­nın gimnastika ilə ağırlıq qaldırma növləri arasında fərqləri hesablayın. Söhbət, idmanın qeyri-fəal həyat tərzi ilə fərqin­dən gedir. Burada idmanın komanda formasında olan növlə­rinin uşaq psixologiyasına və sağlamlığına olan faydalarını da qeyd edək. Təcrübə göstərir ki, komandada oynayan oğ­lan və qızlar, özlərini idmanla məşğul olmayan yaşıdların­dan daha xoşbəxt, həmçinin fiziki cəhətcə əhəmiyyətli dərə­cə­də yaxşı hiss edirlər. Komanda şəklində olan məşğələlər nə­inki sağlamlığa xeyirdir, həmçinin uşaqlara dostluq əlaqə­lə­rini qurmağa kömək edir. Məktəbin idman komandala­rın­da iştirak şagirdlərə digər şagirdlərlə qırılmaz əlaqədə olma­ğa kömək edir, onları sevindirir, onlar məşqçilər və öz həm­yaşıdları ilə daha yaxşı ünsiyyətdə olmağı – kollektiv üçün ça­­lışmağı, qələbə çalmağı öyrənirlər. Bu yolla uşaqlar həqi­qət­ən də daim sosial fəal mühitdə olurlar.

Orta təhsil ocaqlarında bu tipli məsələlər həmişə diq­qət mərkəzindədir. Gəncə şəhərində bu, daha yüksək forma­da öz əksini tapıb.

R.Z. – İstənilən fiziki məşqlərin uşaq yeni­yet­mə­lərə faydası vardırmı?

E.A. – Hət­ta ayrı-ayrı kiçik məşqlər belə narahatlığı azaldır, hal-əh­valı yaxşılaşdırır, psixi gərginliyi aradan qaldırır. Or­ta məktəblərdə fiziki tərbiyə üzrə dərslər, idman yarışları, bu sahədə keçirilən bütün məşğələlər adətən  az vaxt itkisi aparır. Bu məşğələlər uşaqların əhvalını yüksəl­dir, onları daha güclü edir.

Göründüyü kimi istənilən fiziki məşqlər  yeniyet­mələr üçün çox faydalıdır. Komanda ha­lın­da olan idman məşğələləri isə nəinki sağlamlıq üçün fay­dalıdır, həmçinin onların maraq və həvəslərini eyni qay­da­da bölüşən insanlar ilə birlikdə gözəl vaxtın keçiril­mə­si­dir. Bu isə bütün adamlar üçün, xüsusilə də uşaq və yeni­yetmələr üçün çox vacibdir.

R.Z. – Uşaqlar üçün münasib yararlı idman böl­mələrini necə seçməliyik? Burada uşağın, yoxsa vali­deynin meyl istəyi daha önəmlidir?

E.A. – Əgər siz uşağın hansısa idman növü ilə müntə­zəm məşğul olmasını istəyirsinizsə, uşağın özünün meyl və həvəsini də nəzərə almalısınız. Burada uşağın fiziki sağlam­lığı mütləq nəzərə alınmalıdır. Siz isə bu meyli daha düzgün səm­­tə yönəltməyə borclusunuz. Əgər sizin valideyn mövqe­yiniz düzgündürsə və əgər siz məhz idmanın sizin uşağınızı əsl insan edəcəyinə və onu televizorun əsarətindən və yaşa­dığı «küçənin» pis təsirindən qoruduğuna əminsinizsə, onda uşağınız üçün yararlı və münasib idman növü seçməlisiniz. Bu idman növü ona nəzərə çarpacaq fayda verməli, nəticələr ürəkaçan olmalıdır, onun fiziki imkanlarına və psixoloji xü­susiyyətlərinə uyğun gəlməlidir.

Bir çox valideynlər öz uşaqlarını idman bölmələrinə qoymaq istərkən onları hər şeydən əvvəl uşağının sağlamlığı və fiziki vəziyyəti ilə bağlı məsələlər daha çox maraq­lan­dırır. Onların bu qayğısı yersiz deyildir. Bir çox hallarda isə onlar öz uşaqlarını kompüter və televizordan ayırmaq üçün bu addımı atmış olurlar. Ona görə də uşağınızı hansısa id­man bölməsinə yazdırarkən bunun sizin uşağa münasib olub-olmadığı haqqında da fikirləşin. Ən əsası da,  uşağınızın öz boş vaxtlarını daha faydalı keçirəcəyini fikir­ləşin.

R.Z. – Bunun mənfi müsbət tərəfləri varmı? Varsa, onlar nədən ibarətdir?

E.A. – Biz adətən idmanın həmişə insan sağlamlığına və psixikasına verdiyi faydalardan danışırıq. Sanki qorxuruq ki, qeyri-müsbət tərəflər gənclərimizin idmana olan həvəs və meyllərini azaldar. Lakin bu, heç də belə deyildir.

Əvvəla, idmanla məşğul olmaq uşaqların fiziki cəhət­cə imkanlarının inkişafına, xarakterin – iradənin möhkəm­lən­­mə­sinə şərait yaradır. Müntəzəm məşqlər uşağın həyatını bir sistem şəklinə salır, uşaq özünü bu sistemə alışdırır, ona yarışlarda iştirak etmək, maraqlı səfərlərə çıxmaq və bunun­la da ümumi dünyabaxışını genişləndirmək imkanı bəxş edir, eyni fikirli və özünü eyni işə həsr etmiş uşaqlarla ün­siy­yətdə olur. Bu, əlbəttə ki, çox yaxşıdır. Lakin bu işin mən­fi cəhətləri də ola bilər. Axı, özünü idmana həsr etmiş uşaq­lar bunu özlərinin digər maraq və meylləri və ümumi inkişafı hesabına etməməlidirlər. İdmanla müntəzəm məşq­lər uşaqları əldən salmamalıdır. Axı sağlamlıq üçün edilən həddən artıq məşqlər, hərdən orqanizmi də əldən sala bilər. Bir də, ümumiyyətlə, dərslərindən də geri qalmağa səbəb olar.

Bununla birlikdə, məktəblilərin digər maraq və meyl­lə­ri də mövcuddur. Təhsil işçiləri bu maraq və meylləri nə­zə­rə alır, xüsusi istedada malik uşaqlarla müntəzəm iş apa­rır, onlarda kəşf olunmuş qabiliyyəti daha da inkişaf etdir­mə­yə çalışırlar. Burada uşaqların özünün böyük seçim şansı da var. Kimi həm də rəsm çəkməyi, kimi mahnı oxumağı, ki­mi isə sadəcə, rəqs etməyi xoşlayır, dərslərinə hazırlığa xü­susi fikir verir, məktəbin ictimai həyatında, müsabiqə və olim­piadalarda fəal iştirak edir, fərqlənməyə çalışır və bu onda, heç də pis alınmır.

Məktəblinin həyatı tək idmanla müntəzəm məşğul ol­maqdan ibarət deyildir, lakin onun həyatında bu da böyük önəm daşıyır. Biz də onların marağını nəzərə alır və alqış­layırıq, onlara hər cür şərait yaradırıq. Nəticələr göz qaba­ğın­dadır: Gəncə şəhərində fəaliyyət göstərən orta məktəblər üzrə respublika səviyyəsində yüksək nəticələr göstərmiş idmançı şagirdlərimiz çoxluq təşkil edir. Bundan başqa, Gəncə şəhəri üzrə yüksək nəticələr qazanmış uşaqlarımız da çoxdur. Biz hər il həvəsləndirmək məqsədilə 20-dən çox şa­girdimizi Fəxri Fərmanla təltif edirik. Onlar əsasən idmanın basketbol, futbol, karate, sərbəst güləş, boks, cüdo, şahmat, dama və s. növləri ilə məşğul olan oğlan və qızlardır. Onların arasında böyük uğurlar qazanmış idmançı qızlarımız da vardır. Məsələn, məktəbimizin şahmatçısı Zeynəb İsmayılzadə Aydın qızı ötən il də yaxşı nəticə göstərmişdir. O, şahmat üzrə zona yarışında  I yerə layiq görülmüşdür. Hal-hazırda da bu uğurları davam etdirir. Məktəbimizin cüdoçu qızları da var.  Məsələn, Qəhrəmanova Aydan. İsmayılzadə Zeynəb  kimi o da gələcə­yin perspektivli idmançılarından sayılır.

Məktəbimizdə idmanın müxtəlif növləri ilə məşğul olan və həqiqətən də o sahədə böyük uğurlar qazanan idmançılarımızın sayı onlarladır. Eyni zamanda, məktəblilərdən ibarət gözəl idman komandalarımız vardır. Əlbəttə ki, onların qazandıqları bu uğurlarda bizim müəllim əməyimiz də vardır.

R.Z. – Məktəb onlara yarışlara hazırlaşmaq üçün şərait yaradırmı?

E.A. – Əlbəttə. Hər gün saat 2-dən sonra şəhərimizin Şahmat məktəbinin müəllimləri şagirdlərimizlə şahmat və dama idman növü ilə məşğul olurlar. 2 nömrəli UİM-nin mü­əllimləri idmanın karate, basketbol növləri üzrə, TİM-nin müəllimləri idmanın müxtəlif növləri üzrə məktəblilərlə məşğul olur­lar. Bu bölmələrdə məşqlər dərsdən sonra və əsasən də mək­təbin şagirdləri ilə aparılır.

R.Z. – İdmançı şagirdlərinizin məktəbin ictimai həyatında rolu böyükdür. Dərslərində necə, fərqlənir­lər­mi? Ali məktəblərə qəbul dərəcəsi necədir, onların ara­sında?

E.A. – İdmançı şagirdlərin əksəriyyəti dərslərində də fərqlənən uşaqlardır. Onlar yaxşı tərəfdən fərqlənməyi üstün tuturlar, bir çox müsabiqə və olimpiadaların qalibləri də məhz onlar olmuşlar. İdman onları iradəli, intizamlı olmağa öyrədib. Qətiyyətlidirlər, həyatda öz layiqli yerlərini tutma­ğa həvəsli və israrlıdırlar. Ali məktəblərə qəbul səviyyəsi üzrə bizim 19 nömrəli tam orta məktəb də həmişə seçilib.

  Ruhulla Zahidov, yazıçı-jurnalist.

 

   

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.