Xocalı rayon Mədəniyyət evində Xocalı Soyqırımını Tanıtma İctimai birliyi və Xocalı rayon Mədəniyyət evinin birgə təşkilatçılığı ilə hərbi vətənpərvərlik ruhunda tədbir keçirildi. Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahmar Usubov, Xocalı Soyqırımını Tanıtma İctimai birliyinin sədri Şamil Sabiroğlu, Gəncə Regional Mədəniyyət İdarəsinin Xocalı rayon üzrə baş məsləhətçisi Ruslan Bəşirov, rayon idarə müəssisə rəhbərləri və işçiləri iştirak etdilər.
İlk öncə Xocalı abidəsi önünə gül dəstələri qoyuldu. Sonra tədbir Dövlət Himni ilə açıq elan edildi. Vətən uğrunda canından keçən insanların xatirəsi bir dəqiqəlik sükutla yad edlildi.
Tədbirdə çıxış edənlər Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, Xocalı Soyqırımını Tanıtma İctimai birliyinin sədri Şamil Sabiroğlu, Azərbaycanda həyata keçirilən ordu quruculuğu işindən qürurla danışdılar. Qeyd edildi ki, Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu istiqamətində başladığı işlər bu gün ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir. Azərbaycan ordusunun maddi-texniki bazası, müasir silahlarla təminatı, ən əsası şəxsi heyətin döyüş ruhu, mənəvi-psixoloji əhval-ruhiyyəsi işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə böyük inam yaradır.
Tədbirdə Xocalı şəhər 2 nömrəli tam orta məktəbin kollektivinin hazırladığı kompozisiya nümayiş etdirildi. Tədbir Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə Xocalı rayon Mədəniyyət evi və Xocalı şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbinin birgə hazırladığı konsert proqramı ilə davam etdirildi.