ADAU-nun tələbəsi Türkiyədə Ege Universitetinin Rektoru Professor Necdet Budak və Azərbaycan Tibb Universitetinin Prorektoru Samir Cavadov ilə görüşüb.
Bildirdiyimiz kimi Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrobiznes və İdarəetmə fakultəsinin tələbəsi Ruslan Vəliyev “Odlar Yurdu” Gənclər İctimai Birliyinin tərəfdaşı olduğu, 6 ölkənin (Bosniya və Herseqovina, Makedoniya, Bolqarıstan, Albaniya, Türkiyə və Azərbaycan) təmsil olunduğu “Pieces of some Puzzle” layihəsi çərçivəsində 26 Aprel-6 May tarixlərində Türkiyənin İzmir şəhərindədir.
Ruslan Vəliyev ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun salamlarını çatdırıb, daha sonra Azərbaycan Dövlət Aqrar Universitetinin maddi-texniki bazası və tədris prosesi haqqında geniş məlumatlar verib. Universitetdə Aqronomluq, Baytarlıq və Zoomühəndislik, Aqrobiznes və İdarəetmə, İqtisadiyyat, Mühəndislik və Aqrotexnologiya fakültələrinin olduğunu bildirib. Həmçinin ADAU-da olan pataloji anatomiya və anatomiya muzeyləri, quşçuluq və bildirçinyetişdirmə üzrə tədris mərkəzləri, açıq və qapalı balıqyetişdirmə laboratoriyası, bitki klinikası, aqrokimya laboratoriyası, istixanalar, maşın-traktor parkı, auditoriyalar, tələbə evləri haqqında söhbət açıb.
Sonda Ruslan Vəliyev Ege Universitetinin Rektoru Necdet Budaka, Prorektor Kutsal Turana və Azərbaycan Tibb Universitetinin Prorektoru Samir Cavadova ADAU-nun tarixini və inkişaf yollarını əks etdirən kitab hədiyyə edib.
“Odlar Yurdu” Gənclər İctimai Birliyinin Baş Katibi , Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrobiznes və İdarəetmə fakültəsinin Menecment ixtisasının 3-cü kurs tələbəsi Ruslan Vəliyev.