Mədəniyyət Nazirliyinin təşəbbüsü, nazirliyin regional idarələrinin iştirakı ilə keçirilən “Bölgələrdən Bölgələrə” yaradıcılıq festivalının növbəti tədbiri Abşeron rayonunun Xırdalan şəhərində gerçəkləşdi.
Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda təşkil olunan tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və 15 regional mədəniyyət idarəsinin nümayiş etdirdikləri əl işləri, dekorativ-tətbiqi sənət, rəsm əsərləri və digər sənətkarlıq nümunələrinə baxdılar, folklor və musiqi qruplarının çıxışlarını dinlədilər.
Tədbirdə əl işlərindən ibarət sərgi qonaqların xüsusi marağına səbəb oldu. Həmçinin festivalda 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi ilə əlaqədar olaraq müxtəlif nəşr nümunələrindən ibarət kitab guşəsi də qurulmuşdu.
Zəngilan rayonunun folklor kollektivi, Abşeron rayon Mədəniyyət Mərkəzinin Musiqili komediya xalq teatrı, bir neçə musiqi məktəbinin sazçalanlar ansamblı və rəqs kollektivlərinin çıxışı festivala xüsusi rəng qatdı. Fiziki imkanları məhdud incəsənət ustalarının da yaradıcılığına yer verilmişdi. Oymaçı rəssam Asif Qasımovun hazırladığı sənətkarlıq nümunələri qonaqların diqqətini cəlb etdi.
Tədbir daha sonra konsert proqramı ilə davam etdi. Bu layihənin həyata keçirilməsi yerli sakinlərə, eləcə də bölgələrimizə gələn xarici qonaqlara regionların rəngarəng mədəni həyatı ilə yaxından tanış olmaq fürsəti yaradır.
Yaradıcılıq festivalının ikinci hissəsində hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivlərinin çıxışları, musiqi nömrələri, rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin iş planına əsasən respublikamızda ikinci dəfədir keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalına may ayının sonunda yekun vurulacaq.