“Heç kim məktəblərdən soruşmur ki, neçə şagirdin tərbiyəli şəkildə məktəbi bitirib, əsgər getdi?”
“Kişi müəllimlərini məktəbə cəlb etməyin yeganə yolu əmək haqlarının yüksəlməsidir…”
“İlk baxışdan məktəblərimizdə kişi müəllimlərin sayının az olması heç kimə dəhşətli görünməsə də, təxminən iyirmi ildən sonra bunun çox ciddi fəsadları olacaq”
“Nisbət çox ciddi şəkildə qadın müəllimlərin tərəfinə dəyişir. Hətta bəzi hallarda klassik olaraq əmək, fiziki hazırlıq dərslərini belə qadın müəllimləri keçirlər”
Bunu Moderator.az-a açıqlamasında sabiq millət vəkili, psixologiya üzrə fəlsəfə doktoru Gülər Əhmədova məktəblərimizdə kişi müəllimlərin sayının az olmasına münasibət bildirərkən deyib:
“Bu çoxdan, təxminən iyirmi il əvvəl yaranmış bir tendenasiyadır. Nisbət çox ciddi şəkildə qadın müəllimlərin tərəfinə dəyişir. Hətta bəzi hallarda klassik olaraq əmək, fiziki hazırlıq dərslərini belə qadın müəllimləri keçirlər. Ümumiyyətlə, təhsilin ən vacib komponenti olan tərbiyəni sonuncu sıraya keçiriblər və bununla da bütün təhsilin mahiyyətin pozublar. Bu gün məktəblər hesabatı şagirdlərin nə qədər bal toplaması və univeristetlərə qəbul olunması şəklində verir. Yığılan ballarla məktəbin yaxşı və ya pis olması təyin olunur. Əslində yığılan ballar məktəbin yox, repetitorların və valideynlərin naliyyətidir. Amma əsas məsələ odur ki, ən tanınmış məktəblərdə belə tərbiyə baxımından ciddi problemlər yaşayan şagirdlər var və buna görə müxtəlif hadisələr də baş verir. Heç kim məktəblərdən hesabat almır ki, neçə şagirdin tərbiyəli şəkildə məktəbi bitirib, əsgər getdi? Tərbiyə problemlərinin də bir hissəsi müəllimlərin üzərinə düşür”.
G.Əhmədovanın kişi müəllimlərin sayını artırmaq üçün əmək haqlarının yüksəlməsinin vacibliyini vurğulayıb:
“Kişilərin müəllim sənətinə meyl etməməsinə səbəb əmək haqqı ilə bağlıdır. Kişi müəllimləri ailə başçısıdır və onun ailəsində iki övladı varsa, dolanışığı üçün ona 1000-1200 manat pul lazımıdır. Bəzən deyirlər ki, “Yaxşı müəllimin şagirdləri olur və onlara dərs deyib, yüksək məbləğdə pul qazanır”. Söhbət ondan gedir ki, bunu deyənlər heç vaxt müəllim işləməyən adamlardır. Özüm uzun illər orta məktəbdə müəllim işləmişəm və repetitor da olmuşam. Bunun necə bir çətin və əzablı olduğunu hamıdan yaxşı bilirəm. Ona görə də konkret olaraq müəllimlərin əmək haqqı məsələsinə ciddi sürətdə baxılmalıdır”.
G.Əhmədovanın dediyinə görə kişi müəllimlərinin sayının az olması gənclərimizin müxtəlif təriqətlərə qoşulmasına da səbəb olur:
“Azərbaycanda dövlət məktəblərində kişi müəllimlərinin olmaması “nazlı oğlanların” sayının artmasına və gənclərimizin müxtəlif təriqətlərə qoşulmasına səbəb olur. Oğlanlar həmişə özlərinə güclü bir kişi tapmaq istəyirlər ki, ona oxşasınlar. Amma hamının evində bənzəmək istədiyi atası yoxdur. Əgər kişi müəllim məktəbdə varsa, oğlan uşaqları onun başına toplaşır. Məktəblərdə əsasən əmək, idman və hərbi hazırlıq dərslərini kişi müəllimləri keçməlidir. Əgər bu gün o, kişi müəllimləri yoxdursa və uşaqlar onun başına toplaşmaqdan məhrumdurlarsa, onlar müxtəlif istiqamətə yönəlirlər. Bunların hamısı çox ciddi pedoqoji və psixoloji məsələlərdir. İlk baxışdan məktəblərimizdə kişi müəllimlərin sayının az olması heç kimə dəhşətli görünməsə də, təxminən iyirmi ildən sonra bunun çox ciddi fəsadları olacaq. Kişi müəllimlərini orta məktəbə cəlb etməyin yeganə yolu onların əmək haqlarının yüksəlməsidir”.