Hər bir müəllim istər ki, yetişdirdiyi şagirdlərdə müsbət keyfiyyətləri aşılasın. Onlara savad verməklə yanaşı insanı keyfiyyətləri də təbliğ etsin. Bunun üçün hər bir müəllim öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir.
Mən şagirdlərimə Vətən torpağını sevdirmək üçün əlimdən gələni etməyə çalışıram. Bunun üçün birinci vətənimin təbiətini qorumağı və sevməyi öyrətməyə çalışıram. Odur ki, şagirdlərimlə birlikdə məktəbimizin həyətində ağac əkmək qərarına gəldim. Bu işdə mənə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova dəstək oldu. O, bizi ağaclarla təmin etdi. Biz 21.11.2018 tarixində sagirdlərimizlə birlikdə məktəbimizin həyətində 100 şam və 20 çinar ağacı əkdik. Bu ağacların suvarılmasında çox əziyyət çəksək də öhdəsindən gəlməyə çalışırıq. Belə ki, şagirdlərimiz tez-tez ağaclara baş çəkirlər, onların böyüməsi üçün əllərindən gələni əsirgəmirlər.
Su həyatdır, susuz yaşıllıq salmaq mümkün deyil. Mən ağaclara yaxın bir yerdə su kranının olmasına çalışıram. Hələ ki, bu arzumuzu həyata keçirmək qismət olmamışdır. Məktəbə yaxın ərazidə yaşayan sakinlərin köməyi ilə şagirdlər vedrələrdə su daşıyaraq ağacları sulayırlar. İndi qış fəslidir.Yazın gəlişi ilə ağacların suya olan ehtiyacı daha da çoxalacaqdır. Bu sayda olan yaşıllığa qulluq etmək üçün mütləq su mənbəyinə ehtiyac duyulacaqdır. Ümid edirik ki, yaxın gələcəkdə müəllim və vətəndaş kimi irəli sürdüyüm bu gözəl təşəbbüsə aidiyyati təşkilatlar da qoşulacaq, təbiətimizin bir parçası olacaq bu yaşıllığın qorunub gələcəkdə də saxlanılması üçün vacib addımlar atılacaqdır.
Aynur Abbasova, Gəncə şəhər 37 saylı ümumi orta məktəbin ibtidai sinif müəllimi.