Türk dünyasının böyük liderlərindən biri olan Mustafa Kamal Atatürkün vəfatının 87-ci ildönümü ilə əlaqədar Türkiyənin Gəncədəki Baş Konsulluğunda anım mərasimi təşkil olunub.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Baş konsulu Kaxaber Abdaladze, hüquq-mühafizə orqanlarının nümayəndələri, eləcə də müxtəlif idarə və təşkilat rəhbərləri iştirak ediblər.
Mərasim Azərbaycan və Türkiyə Respublikasının dövlət himnlərinin səsləndirilməsi ilə açıq elan olunub. Ardınca böyük öndər Mustafa Kamal Atatürkün xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Çıxış edən Türkiyənin Baş konsulu Recep Öztop qeyd edib ki, Qazi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə 29 oktyabr 1923-cü ildə Türkiyə Cümhuriyyəti elan olunub. Onun həyata keçirdiyi genişmiqyaslı islahatlar nəticəsində ölkə sürətli inkişaf yolu keçib. Recep Öztop bildirib ki, bu gün türk xalqı Atatürkün qoyduğu dəyərlərə sadiq qalır və onun ideyalarını böyük hörmətlə yaşadır.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev öz çıxışında vurğulayıb ki, Atatürk təkcə türk xalqı üçün deyil, Azərbaycan xalqı üçün də əvəzsiz dəyərə malik şəxsiyyətdir. Onun “Sevinciniz sevincimiz, kədəriniz kədərimizdir” sözləri Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin ən parlaq ifadəsidir. Adil Tağıyev əlavə edib ki, Atatürk bütün həyatını türk xalqının tərəqqisinə, müasirləşməsinə həsr edib və bu yolda fədakarlıqla çalışıb. Türkiyə Cümhuriyyəti onun gələcək nəsillərə qoyduğu ən böyük mirasdır.
Tədbirin sonunda Mustafa Kamal Atatürkün xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.


