Qarabağ Qaziləri İctimai Birliyinin Gəncə filialının ofisində filialın fəaliyyətinə həsr olunmuş kitabın təqdimatı keçirilib.
Kitabın müəllifləri yazıçı-publisist Ruhulla Zahidov və PatriotNews.az saytının rəhbəri, filial sədrinin birinci müavini, mətbuat xidmətinin rəhbəri Ceyhun Əliyevdir.
Tədbiri açıq elan edən Ceyhun Əliyev əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini təklif edib. Daha sonra o, nəşr haqqında ətraflı məlumat verib, kitabın yaranma zərurəti, məzmunu və məqsədi barədə fikirlərini bölüşüb.
Yazıçı-publisist Ruhulla Zahidov da çıxış edərək hər zaman vətənpərvərlik mövzusuna müraciət edən bir qələm sahibi kimi Qarabağ qazilərinin qəhrəmanlıq yolunun gənc nəslin tərbiyəsində mühüm rol oynadığını vurğulayıb.
Filialın sədri Eyvaz Hüseynov müəlliflərə dərin minnətdarlığını bildirərək belə nəşrlərin Qarabağ qazilərinin fəaliyyətinin ictimaiyyətə tanıdılmasında və vətənpərvərlik ruhunun aşılanmasında böyük əhəmiyyət daşıdığını qeyd edib.
Tədbirin sonunda iştirakçılar xatirə şəkli çəkdiriblər.




