Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) müasir texnologiyalarla təchiz edilən ADAU TV-nin yenilənmiş studiyasının açılış mərasimi keçirilib.
Tədbirdə çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov bildirib ki, ADAU TV-nin yenilənməsi universitetin tədris, informasiya və maarifləndirmə fəaliyyətinin müasir texnologiyalar əsasında qurulmasına xidmət edir. O vurğulayıb ki, 2019-cu ildən fəaliyyət göstərən televiziya gənclərin media savadlılığının artırılması, universitet həyatının işıqlandırılması və aqrar sahədə maarifləndirici materialların hazırlanmasında mühüm rol oynayır.
Rektor qeyd edib ki, televiziya TİKA-nın dəstəyi ilə 2025-ci ildə tam yenidən qurularaq ən müasir texniki avadanlıqlarla təchiz edilib.
Sonra ADAU-nun Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elcan Məmmədov studiyanın texniki imkanları barədə məlumat verib. Bildirilib ki, yeni çəkiliş pavilyonu səsizolyasiya, peşəkar işıqlandırma və 4K formatında çəkiliş imkanı ilə fərqlənir. Həmçinin rəqəmsal fon və vizual effektlər üçün xromofon (green screen) studiyası, canlı yayımların idarəsi üçün müasir yayım sistemi qurulub.
Sonda qonaqlar yenidən qurulan televiziya studiyası ilə tanış olublar.





