“Zərif Kölgələr”də Aysel Nəsirzadənin növbəti müsahibi – şair və publisist Aysel Fikrətdir.
1. Yazı yoluna çıxmağınızda sizi ən çox təsirləndirən nə və ya kim olub?
– Özümü dərk etdiyim gündən içimdə bir monoloqla yaşayırdım. Çox güman ki, evin ən kiçik və yaşca hamıdan balaca övladı olduğum üçün bölüşəcək bir adamım olmayıb. Amma ilk illər bunun yaradıcılıq olduğunu dərk etmirdim.
Ətrafa, insanlara çox müşahidəedici yanaşırdım. Amma böyüdükcə özümün yazmaq qabiliyyətimi kəşf etsəm də, bunu hamıdan gizlədirdim.
Çünki yaradıcı ailədə böyümək və bu işə risk etmək mənə görə deyildi. İncəsənətin müxtəlif sahələrinə meyl edirdim: rəssam da olmaq istəyirdim, fotoqraf da. Sonra jurnalist olmaq arzusuna düşdüm.
İncəsənət Universitetində müəllimlərim səbəb oldu deyə bilərəm. Yəni yazmağa məni onlar təşviq etdi. Bu, 16 yaşımda başlayan bir prosesin nəticəsidir.
Müəllimlərim məndə yüksək təsvir vasitələrinin və maraqlı obrazların olduğunu dediyi andan etibarən davam etdim. Yalnız nəsrlə gəldiyim bu aləmdə bir zamanlar şeir yazacağım heç ağlıma da gəlməzdi. Mən şeiri fitri istedadın fövqündə, müqəddəs bir missiya kimi görürdüm. İnanmazdım ki, bir gün Yaradan mənə də şeir pıçıldayacaq.
Ümumiyyətlə, yaradıcılıq yaxşı mənada bir azardır – gözəl azar.
Ona hissə hissə düçar olursan.
2. Sizin üçün ədəbiyyat nədir: sığınacaq, mübarizə, yoxsa ünsiyyət vasitəsi?
-Bu dediklərinizin hamısı.
Bəzən dünyəvi dərdlərdən qaçıb gizləndiyim sığınacaqdır. Sözün əsl mənasında, işin ortasında, sənədlərin bir-birinə qarışdığı anda iki daşın arasında birdən birə şeir yazıram və dərindən nəfəs alıram.
Rəhmətlik əziz müəllimim Nizaməddin Şəmsizadə demişkən, “Şeir bəzən bir ahdır.”
Bəzən isə haqsızlığa və ədalətsizliyə qarşı mübarizədir. Cəmiyyətdə baş verən haqsızlıq məni boğanda, cəmiyyəti düşündürən bütün mövzulara münasibıt bildirirəm.esse və məqalələrdə bu gözəl alınlr.
Nəsr və şeir nümunələrimdə isə oxucuyla səmimi söhbət edirəm. Bu qarşılıqlı ünsiyyəti bütün ruhumla hiss edirəm.
Hər kitabım, hər ədəbi layihəm, hətta 28 illik pedaqoji fəaliyyətim belə yaradıcılığımın bir qoludur.
3. İlk yazdığınız əsəri xatırlayırsınızmı?
-İlk yazdığım yazılar 90-cı illərə təsadüf edir. Kiçik hekayələr olub. Sonra uzun bir fasilədən sonra, yaradıcılıqdan tamamilə qopduğum çətin illərdən sonra, 2009-cu ildə “Bir Buludam” kitabı ilə yaradıcılığıma yeni bir mərhələ gəldi. Hərçənd o kitabımı sevmirəm. Amma bir başlanğıc oldu. Yadımdadır ki, mərhum gözəl şairimiz Fərqanə Mehdiyeva o zamanlar “Ulduz” jurnalında şeir bölməsinə baxırdı. Mənə zəng vurdu və gözəl sözlər dedi: “Geri çəkilmə,” – dedi, – “sənin öz yolun var.” heç unutmuram.
4. O günlərdən bu günə hansı dəyişiklikləri müşahidə edirsiniz?
-Həmişə düşüncə azadlığım olub. Düşünürəm ki, dünya dəyişdikcə mənim də ədəbi mövzularım dəyişib. Sadəcə, o zamanlar həyatı daha işıqlı görürdüm. İndi isə zamanla dünyanı o qədər də rəngli və gözəl görmürəm.
İtkilər məni yordu. Ürəyimdə neçə işıqlı, ümidli yazımı öldürdü. Doğmalarımın itkisi məni çox dəyişdi. Bir daha əvvəlki ola bilmədim.
5.Atanız Fikrət Sadıqın şair kimi mövcudluğu sizin həyatınıza necə təsir edib – bu, sizə məsuliyyət yükləyib, yoxsa ruh verib?
-Atam Türk dünyasının çox böyük şairi idi və hələ də şairidir. Atam sevilən bir şair oldu və tarixdə qalmağı bacardı. Uğurlu bir yaradıcılıq yolu keçdi. Ona Rəsul Rza yüksək qiymət verdi. Universitetdə gözəl müəllimlərdən, ədəbiyyat xadimlərindən xeyir-dua aldı. Atam yaxşı dövrdə yaşadı və yaratdı.
Mən onunla qürur duyuram, onun adı ilə nəfəs alıram. Adımda onun adı var. Hər dəfə məni çıxış üçün haradasa təqdim edəndə “Fikrət Sadıq yadigarı” deyirlər. Əlbəttə, istəyirəm ki, ona layiq olum. Həm davranışımda, həm də yaradıcılığımda. Bu məsuliyyət deyil, bu bir növ xoşbəxtlikdir.
6. Fikrət Sadıqı bir oxucu kimi necə tanıyırsınız, bir qızı kimi necə? Bu iki yanaşma bir-birinə nə dərəcədə uyğundur?
-Onun yaradıcılığı özü ilə həmahəng idi. Özü də yaradıcılığı kimi gözəl və müqəddəsdir mənim üçün. O, elə bizim yanımızda, bizim səsimizin sədasında yazırdı. Gözəl otağı, yazı masası olmağına baxmayaraq, bizim uşaq otağında yazırdı.
Atamın yaradıcılığı çoxşaxəli idi. O, bütün mövzularda, bütün janrlarda yazırdı. Uşaq ədəbiyyatına, tərcümə ədəbiyyatına töhfələri çoxdur. Atam böyük şairdir.
Çox istərdim ki, onu tam dərk edib araşdıranlar olsun. Və indiki şair və yazıçılar ondan örnək götürməlidirlər.
Ata kimi isə misilsiz bir ata idi. Mən çox xoşbəxt bir qız övladı olmuşam. O sevgini daima duymuşam – ta həyatdan getdiyi günə qədər. Hətta bu günə qədər o mənim əlimi buraxmadı. Təhsilimə diqqət göstərdi. Çətinlikdə, darda qoymadı. İşə girməyimdə kömək etdi. Bu həyatda tək dayağım ola bildi. Ata kimi çox gözəl bir ata olub mənə. Ailəsini, uşaqlarını, anamı hədsiz sevib.
7. Onun poetik dili və obrazlar aləmi sizə hansı ədəbi dərsləri verib? Şəxsən sizin üçün hansı misrası yaddaşınızda əbədi iz qoyub?
-Mən onun bütün şeirlərini anama oxuyanda dinləyirdim. Çünki o çap olunmadan əvvəl mütləq şeirlərini anama oxuyardı. Anam dilçidir, onlar Bakı Dövlət Universitetində qrup yoldaşı olublar və anam onu çox sevirdi. Hətta özünün yazı qabiliyyəti olsa da, o bütün ömrünü atamın şeirlərini makinəda yazmağa, ona qulluq etməyə sərf etdi. Son günə qədər atama baxdı, ona sevgi ötürdü.
Unudulmayan misrası çoxdur, məsələn:
“Mən çox arzuma çatmışam,
Bir arzum qalıb dünyada.
Öləndən sonra hardasa,
Dönüm olum əks səda,
Əks səda, əks səda,
Əks səda olardım kaş,
Bu dünyada qalardım kaş.”
Tez-tez yadına saldığım şeirlərindən biri:
Kobudluq böhtan atdı zərifliyə,
Zəriflik həyadan sınıb oldu çilik-çilik.
Yalanı da çağırdılar dedi bilirik,
Zərifliyin kobudluğunu.
Axırda ədalətə çatdı xəbər,
Gec idi, zərifliyi yerlə yeksan etmişdilər.
Və ya:
“Mən ot basmış bir cığıram,
İnsan üçün darıxıram…”
8. Sizcə, Fikrət Sadıq kimi görkəmli bir ədibin yaradıcılığını yaşatmaq üçün onun adını daşıyan ev muzeyinin yaradılması nə qədər vacibdir? Əgər belə bir ev muzeyi yaradılsa, siz onun hansı formada fəaliyyət göstərməsini və gənc nəsil üçün nə kimi faydalar verməsini istərdiniz?
– Bu, mənim illərdir qurduğum arzumdur. Hətta bu ev-muzeyin ruhunu, ab-havasını tez-tez gözümün önündə canlandırıram. Bu sualı verdiyiniz üçün sizə minnətdaram. Bütün gücümlə bu arzuma doğru çalışıram. Ümid edirəm, bu yolda mənə dəstək olacaq insanlar və qüvvələr tapılacaq. Allah bu arzum gerçək olmadan məni bu dünyadan köçürməsin.
9. Fikrət Sadıq sizin yazıçı kimliyinizi necə qarşılayırdı? Sizi yazmağa təşviq edirdi, yoxsa ehtiyatlı yanaşırdı?
– Atam mənim yazıçı, şair olmağımı istəmirdi. Amma ilk şeirlərimi ona başqa bir adamın şeirləri kimi göstərmişdim, bəyənmişdi. Çox yazılarımı oxumadı, yaradıcılığımı görmədi də deyə bilərəm. Bir neçə kitabım var idi və AYB-ə üzv olmuşdum.
10. Şeirlərinizdə nostalji və tənhalıq motivləri çox güclüdür. Bu mövzular həyat təcrübənizdən doğur, yoxsa ədəbi yanaşmadır? “Kaktus çiçəyi”, “İtirilmiş gülüş”, “İspan kafesi” hansı kitabınız sizi daha çox ifadə edir?
-Sadəcə mən çox tənha adamam, insanlar içində tənhayam, vəssalam.
Mövzular çox mistik təsir bağışlayır. Sözün düzü, bəzən yazdıqlarım sonradan yaşadığım dövrlər də olub. Ona görə bəzi mövzuları yazmaqdan qorxuram . Bu tamamilə ayrı bir mövzudur.“İtirilmiş gülüş” keçmişimi, “İspan kafesi” isə indimi xatırladır mənə.
11 . “Balaca Yazarlar Birliyi” ideyası necə yarandı? Bu təşəbbüs sizdə atanız Fikrət Sadığın ədəbi irsinə bir körpü kimi formalaşdı, yoxsa bu tamamilə fərdi bir missiyadır?
-Yox, sadəcə çox gözəl şagirdlərim var idi o dövrdə və “Balaca Yazarlar Birliyi” yarandı. Uşaqlar böyük uğurlar qazandılar, eyni zamanda həm beynəlxalq müsabiqələrdə, həm kitab təqdimatlarında çox böyük uğurlar qazandıq. İndiyə qədər də davam edir, “Balaca Yazarlar Birliyi”nin artıq 10 yaşı olur.
Bu birliyin məqsədi yalnız yazı öyrətmək deyil, daha geniş şəkildə düşünən, dəyərləri olan bir nəsil yetişdirməkdir. Hər ikisi var və biz bütün sadaladığınız hər bir şeyə nail olduq.
12. “Elay” jurnalında fəaliyyətiniz necə başladı və bu jurnal sizin üçün yalnız bir ədəbi tribuna, yoxsa həm də bir ideoloji mübarizə meydanıdır?
-Mənim çoxdan arzum idi bir dərgi yaratmaq və yaratdım. Jurnalın təsisçisi Elməddin Həbioğlu mənə baş redaktor olmağı təklif edəndə çox sevindim, çünki sevdiyim və arzuladığım bir iş idi. Rubrikalar düşündüm. Dərgi sıfırdan yığıldı. Rəssam Vüqar Əliyev idi, əməkdar rəssam. Çox uğurlu ilk üç buraxılışının baş redaktoru oldum. Dizaynerimiz Günay Əmirova idi. Redaktorumuz gözəl şair, Aybəniz Qafarlı idi , yüksək səviyyədə təqdimatlar oldu. Uğurlu bir dərgidir, indi də mənbəsiz də olsa davam edirlər. Bütün heyətə uğurlar diləyirəm. Jurnaldan ayrılma səbəbim isə mən istəyirdim jurnalımızda ədəbi nümunələr olsun, reklam xarakterli ədəbiyyatdan uzaq imzaları görmək istəmirdim. Böyük hörmətim olsa da, bu barədə idarə heyəti ilə fikirlərimiz üst-üstə düşmədi. Onları da anlamaq olar, amma məni də səhhətim də böyük təzyiqlə işləməyə dözmədi, ordan ayrıldım.
13. Bildiyimiz kimi Milli Konservatoriyada mətbuat katibisiz. Konservatoriyada işləmək poeziya ilə təmasda olmağınıza necə təsir edir?
Maraqlı sualdır. Bilinir ki, son fəaliyyətimi əməlli-başlı izləmisiniz. 2023-cü ilin dərs ilinin başlanğıcında AMK-nın o zamanki rektoru, xalq artisti, gözəl sənətkarımız Siyavuş Kərimi məni dəvət etdi: “Jurnalistlər birliyinin üzvüsüz, gəlin bizim mətbuat katibimiz olun” dedi. Sözün düzü, o dövrdə Milli Konservatoriyada mətbuat olmamışdı və başladı qayğılı, maraqlı günlərim.
Əlbəttə, Milli Konservatoriya həyatımda bir dönüş yaratdı. Amma yaradıcılığıma da rəng qatdı. Konservatoriyanı sevdim və bilirəm ki, bu sevgi qarşılıqlıdır. Bir çox sənətkarlar haqqında portret-esselər yazdım o mənim yaradıcılığımda yeni cığır açdı.Hətta mən Konservatoriyanı da bu il bitirmiş Sevimli məzunlar üçün onlara sevgimdən şeir də yazmışam.
Sonra Musiqi Gününə həsr olunmuş şeirim də var. Yəni yaradıcılığıma qəti mane olmadı, sadəcə vaxt darlığı məni sıxır. Zamana sığmır bəzən işlərim, tez yoruluram.
sənətkar haqqında esselərim də yarandı.
14. Bir az da müəllif verilişinizdən danışaq — Beynəlxalq radioda ədəbiyyat almanaxı şənbə söhbətləri verilişiniz barədə. Sizcə, bu gün radio platforması şeiri və ədəbiyyatı geniş kütləyə çatdırmaq üçün yetərincə fəaldırmı?
-Mən sadəcə çoxdan bəri, uzun illər, bəlkə məktəbli dövründən arzuladığım bir arzuma çatdım. Düzdür, uzun illər əvvəl verilişin formatı tamam başqa cür idi. Elə indi də layihə formata uyğunlaşdırılıb. Amma çox gözəl layihə oldu. Ədəbiyyatın təbliğatına maraqlı rubrikalarla davam etməkdədir.
Sizin dediyiniz məqama da ümid edirəm, ümid edirəm ki, bu verilişin əsil ədəbiyyatın təbliğatına çox böyük köməyi olacaq.
15. Qadına yaş deməzlər, amma 50 yaşa yaxınlaşırsınız, sizcə yaş artdıqca insan yazmağa, yoxsa düşünməyə üstünlük verir?
-Əvvəllər 50 yaşa çox uzaq və əlçatmaz baxırdım, indi isə düşünürəm yarım qalmış işləri tez bitirmək lazımdır. Ömür necə keçdi bilmədim, və vaxt daralır. Hər şey könlümüzcə olmasa da, yaşadıq.
Əsas ruhumuzu incidən bəzi mövzuları yazıb, yarada bilmək, sonra bu dünyadan rahat nəfəs alıb gedə bilməkdir. Amma bir məqam məni incidir — şair və yazıçılar öldükdən sonra yada salınır, ədəbi nümunələrindən misallar çəkilir, bir-iki yazı yazılır, bir-iki göz yaşı unudulur. Mən öldükdən sonra şeirlərimi paylaşmağını istəmirəm məni axtarmayan, o gün hardansa peyda olacaq dostlardan uzaq olmaq istəyirəm.Ürəyimə toxuna bilməyən, insanların hər iki dünyada məndən uzaq olmasını istəyirəm.
16. Aysel Fikrət oxucusuna özünü bir cümləylə necə təqdim edərdi?
-Çox qəribə sualdır, bütün yaradıcılığım bitəcək və mən bu dünyadan gedəndən sonra o cümləni oxuculardan biri mütləq deyəcək.
