Ölkəmiz üçün böyük bayram olan Zəfər Günü ərəfəsində müxtəlif insanlardan soruşduq: müharibədən sonrakı dördüncü, hətta beşinci nəsil olacaq uşaqlarımız niyə müharibə haqqında kitab oxumalıdırlar?..
Müharibə haqqında kitablar mütləq oxunmalıdır, bu kitablar ümumiyyətlə həyatımızın bir hissəsinə çevrilməlidir. Müharibə, onun gətirdiyi fəlakətlər, ümumiyyətlə qəhrəman və qəhrəmanlıq haqqında aydınlığın olmasına, dünyanın hərtərəfli başa düşülməsinə görə.
Oxumaq həm də insanlarda mütailə vərdişi formalaşdırır. Müharibə haqqında kitablar insanlara qəhrəmanlıq və faciəni, ilham və kədəri görməyə kömək edir. Onlar bizi müharibələrin qaçılmazlığı və onların fəlakətli təbiəti haqqında düşünməyə vadar edir.
İndiki gənclərin müharibə haqqında çoxlu kitab seçimi var. Bu yolla onlar hərbi əməliyyatların birbaşa iştirakçıları olmuş və həmin dövrü yaşamış insanlar tərəfindən yazılmış kitablarla tanış ola bilirlər. Bu kitablarda təsvir olunan hadisələr çox fərqli olduğu qədər də oxşardır. Buna görə də insanların müharibə haqqında nə oxuyacağını seçməsi vacibdir. Fikrimcə, müharibə haqqında ən yaxşı kitab, insana konkret şəraitdə konkret bir şəxs haqqında hekayə danışan kitabdır.
Belə dəyərli kitablardan biri də Mahir Hüseynovun müəllifi olduğu “Müharibənin şəkli” əsəridir. Bu müəllifin dərc etdirdiyi artıq 3-cü əsərdir. –“Bu kitab, müharibənin yalnız səngərlərdə deyil, insanın ruhunda necə izlər buraxdığını göstərir. Mənim üçün bu anı sizinlə paylaşmaq çox dəyərlidir”.-deyən müəllif kitabında müharibənin əzablı yollarında qeyrət və cəsarətlə addımlayan və düşmənlə mübarizədə parlaq qələbə qazanan gənc bir zabitin döyüş yolu, keçirtdiyi hissləri çox böyük ustalıqla təsvir edib.
Əslində kitabda təsvir olunan hadisələr mayor, tabor komandiri Mahir Hüseynovun döyüş yollarından götürülüb. Adlar və rütbələr dəyişikliklərlə verilsə də əsərin hər bir qəhrəmanı bu gün də həyatda yaşayan insanlardır. Müəllif bu obrazların sərkərdəlik mahərətini müharibənin gedişində qələbəmizi təyin və təmin edən amillər kimi görür. Bu hadisələr fəlakət, insan itkisi. qəm-qüssə gətirsə də, bəşəri ideyalar uğrunda döyüşə atılan əsgər və zabitlərimizin igidlik və qəhrəmanlığını, istənilən şəraitdə düşmənə qələbə çalmaq əzmini göstərir. Azərbaycan əsgəri bütün çətinliklərin öhdəsindən gələ bilən ən böyük əsgərdir, onları qələbəyə doğru aparan zabit və generallar isə bu qələbəyə doğru aparan sərkərdələrdir.
Müharibə insan üçün dəhşətli, təhlükəli və dağıdıcı bir şeydir. Burada fərd insani keyfiyyətlərini qoruyub saxlaya bilirsə, hətta düşmənə belə münasibətdə insan olaraq qala bilirsə, demək, onlar həm də vətəninə layiq və eyni zamanda bəşəri dəyərləri özündə daşıyan insanlardır. Bu səbəbdən ”Müharibənin şəkli” kitabı gənclər üçün nəzərdə tutulan müharibə kitabları arasında insani ölçüyə, dürüst, səmimi olmağa səsləyən və hər yaşda olan insanlar üçün başa düşülən gözəl bir əsərdir.
Müharibə haqqında ən yaxşı kitablarda əyləncə axtarmaq lazım deyil – onlar başqa bir şey haqqındadır. Ən dəhşətli, zahirən tamamilə dözülməz görünən şəraitdə insan nəinki sağ qala bilər, həm də mütləq qəhrəman deyil, adi, yaxşı insan olaraq qala bilər: mehriban, ağıllı, rəğbətli və səbirli. Bu cür kitabları oxuduqca qəlbində özünü daim onların qəhrəmanları ilə müqayisə edirsən. Hadisələri düzgün qavrayırsansa – oxuduqlarına empati qurursan – sonra istər-istəməz, hiss olunmaz formada özün də bu qəhrəmanlara oxşamağa çalışırsan – başqalarına qarşı daha
diqqətli, daha mərhəmətli, özünə qarşı daha tələbkar olursan…
Ruhulla Zahidov, yazıçı-jurnalist.
Gəncə
