Gəncə Şəhər İcra Hakimiyyətinin və YAP Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbiri keçirilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, ali və orta ixtisas məktəblərinin, həmçinin idarə, müəssisə və təşkilat rəhbərləri, bələdiyyə sədrləri, Gəncənin ictimai-siyasi həyatında yaxından iştirak edən fəal qadınlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, həmçinin ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək ölkəmizin bütün qadınlarını 8 Mart – Beynəlxalq Qadınlar günü münasibəti ilə ürəkdən təbrik edib və bildirib ki, Azərbaycan qadınları iradəsi, mərdliyi, saflığı, sədaqəti ilə cəmiyyətimizin həyatında, milli-mənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynayıblar. Bu gün cəmiyyətin elə bir sahəsi yoxdur ki, oranı qadınsız təsəvvür etmək mümkün olsun. Azərbaycan qadını öz zəhməti ilə xalq təsərrüfatının, tibbin, elmin, ictimai fəaliyyətin önündə gedir. Azərbaycan qadınları azərbaycançılıq ideologiyasını yaşadır, Azərbaycan dövlətçiliyinin cəfakeşidirlər. Eyni zamanda Azərbaycan qadını 44 günlük Vətən müharibəsində, haqq savaşında şəhid olmuş Vətən oğullarının anasıdır, bacısıdır, həyat yoldaşıdır.
Ulu Öndər Heydər Əliyevin “Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəf, şan-şöhrətdir. Qadın ucalıq ülvilik məbədidir. İsmət, qeyrət, qüdrət rəmzidir” sözləri ilə nitqinə başlayan YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov Azərbaycan qadınlarının Vətənimizə, dövlətçiliyimizə sədaqətli, şərəfli xidmətlərindən söz açıb: “Ölkə Prezidenti cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunu bu istiqamətdə də uğurla davam etdirir, qadınların cəmiyyətdə roluna müstəsna əhəmiyyət verir. Bunun nəticəsidir ki. bu gün Azərbaycan Respublikasının vətəndaşı olan qadınlar təkcə respublikamızda deyil, dünya miqyasında beynəlxalq qurumlarda Azərbaycanımızı layiqincə təmsil edirlər”.
Sonra Gəncənin ictimai-siyasi, sosial-mədəni həyatında xüsusi xidmətləri ilə fərqlənən qadınlara YAP Gəncə şəhər təşkilatının Fəxri fərmanı təqdim edilib.
Tədbir konsert proqramı ilə davam edib.

