ADAU-nun Aqrotexnologiya fakültəsinin dekanı,
dosent Hüseynov Əfqan İsgəndər oğluna
Açıq məktub
Hörmətli Əfqan müəllim
Uzun illik tanışlığımıza, yaxın münasibətlərimizə baxmayaraq, bu məktubu sizə yazmağa məcburam. Düşünürəm ki, şöhrətli bir təhsil ocağında fakültə dekanı vəzifəsini daşımaqla və universitetin Elmi Şurasının üzvü olmaqla sadalayacağımız məsələlərə öz fikir və rəyinizi bildirməyə borclusunuz.
Xatırladaq ki, 2023-cü ildə “Heydər Əliyev İli” çərçivəsində hazırladığım və müəllifi olduğum “Təhsil ocaqlarında Heydər Əliyev irsinin təbliği” kitabı işıq üzü görmüşdür. Kitab iki dəfə nəşr olunmuş, sonuncu dəfə Mədəniyyət Nazirliyi tərəfindən dərc edilmişdir. Həmin kitabların hər iki nüxsəsindən orada sizin haqqınızda da məlumat olduğu üçün oxumanız və dəyərləndirməniz üçün fakültəyə göndərmişəm. Baxmayaraq ki, kitabda ADAU-da “Heydər Əiyev İli” çərçivəsində görülən işlər haqqında geniş məlumat verilmişdi və saytımızın email poçtundan universitetin rektoruna da məktub hazırlanıb göndərilmiş və dövlətimiz tərəfindən dərc olunan bu kitabdan bir nüxsə də şəxsən bir işçiniz tərəfindən (o elə cənab rektorun yaxın qohumudur) gətirilərək rektorata təhvil verilmişdi, üstündən aylar keçsə də, hələ də cavab məktubu yoxdur. Düşünürük ki, heç olmayacaq da. İllər ərzində təhsil portalı olaraq bu universiteti təbliğ edirik (materialların 90 faizi elə sizin mətbuat xidməti tərəfindən bizə göndərilir), yazara və sizi təbliğ edən insana qarşı göstərdiyiniz bu münasibət bütün əxlaq normalarına ziddir, bizə hörmətsizlik və mənəvi deqredasiyadır. Çünki, özünüzün telefonda bildirdiyiniz kimi desək, o kitabı heç açıb oxumamısınız, kitabın ümumiyyətlə sizdə olub-olmadığı guya ki, yadınızda deyil. Ulu Öndərin 100 illiyinə həsr olunan kitaba olan hörmətsizlik sizdə haradan qaynaqlanır, bilmirik. Ümid edirəm ki, siyasi məsələlərə diqqətlə yanaşır və gənclərin təlim-tərbiyəsində bir dekan kimi qarşınızda duran vəzifə borclarınızı bilirsiniz. Siz məni və əməyimizi heçə saya bilərsiniz, bu sizin şəxsi işinizdir, amma, deməyin ki, siyasi cəhətcə yetkinsiniz, ədəbiyyatın həyatınızda rolunu gözəl anlayırsınız. Çünki bunu bizə desəniz, biz də öz növbəmizdə onu deməyə borcluyuq ki, nə dövlət qanunları, nə onun yürütdüyü siyasət, nədə ki, sizdən ötrü çalışan yazar heç vecinizə də deyil. Məktubun əsas məqsədindən yayınmamaq üçün gələn yazılarımızın birində bunun nə demək olduğunu anlatmağa çalışarıq. Hələlik isə sizə göndərdiyimiz kitabın geri qaytarılması üçün əməli addım atın (əgər onu tulladığınız yeşiyi tapa bilsəniz). Bizim sizə kitab borcumuz yoxdur. Biz kitabı oxuyub dəyərləndirən, onun həyatımızdakı qiymətini bilən insanlara bağışlayırıq. Siz artıq o insanların siyahısında deyilsiniz.
Hörmətlə: Ruhulla Zahidov
Etmtv.news təhsil portalının təsisçisi və baş redaktoru.