“Yaxın gələcəkdə süni intellektin bəzi ixtisaslara təsiri qaçılmazdır”

Mütəxəssislər yaxın gələcəkdə süni intellektin bütün sahələr üzrə təsirini istisna etmir. Yüksək insan zəkasının məhsulu olan süni intellekt o qədər inkişaf edəcək ki, bir çox ixtisaslara və peşələrə ehtiyac azalacaq, yaxud da əhatə dairəsi məhdudlaşacaq. Süni intellekt insan beyninin reqəmsal texnologiyadakı böyük inqlabı hesab olunur. Bu gün süni intellekt sürətlə inkişaf etmə mərhələsindədir. Cəmiyyətin müxtəlif sahələrində süni intellektin inkişafı qaçılmaz görünür. İstər iqtisadi sahədə, istərsə də qloballaşmış dünyanın digər sahələrində süni intellektə ehtiyac sürətlə artmaqdadır. Artıq böyük şirkətlər və biznes sektorları öz məhsullarının təqdimatında süni intellektin imkanlarından faydalanmağa çalışır. Bəs süni intellektin təhsilə olan təsiri nə kimi dəyişikliklərə səbəb ola bilər?

Bildiyimiz kimi hər bir vətəndaş öz gələcəyini qurmaq və öz qabiliyyəti, potensialı daxilində ixtisas seçimi edərək, həmin ixtisas və peşə üzrə əmək bazarında rəqabətə qoşulmağı planlaşdırır. Qloballaşmış dünyada, onsuz da, texnologiyanın inkişafı bəzi ixtisasların tələbatına müəyyən qədər təsir edir. Artıq cəmiyyət rəqəmsal inkişafın, yüksək texnologiyanın sürətlə inkişafını gördüyü üçün bu istiqamətdə ixtisaslaşmağa meyil edərək, gələcəkdə əmək bazarında öz mövqeyini qorumağa çalışır. Abituriyentlər ixtisas seçərkən müasir dünyanın tələblərini diqqətdən yayındırmır. Artıq inkişaf etmiş texnologiyalar vasitəsi ilə bəzi ixtisasları oxumadan da, həmin sahə üzrə sosial media resurslarından məlumat əldə edərək müxtəlif ehtiyacları tədarük etmək mümkündür. Həmin sahənin ixtisaslı kadrı olmasan da, bu sahədə müəyyən qədər nailiyyət əldə etmək qaçılmazdır. Məsələn: Ağac əkmək və ona qulluq, bağ salmaq, maldarlıq, arıcılıq və s kimi kənd təsərrüfatını YouTube kimi şəbəkələrdən baxaraq yararlanmaq və bu kimi təsərrüfatları inkişaf etdirmək mümkündür. Eləcə də, məişət həyatımızda bəzi işləri internet resurslarından yararlanaraq evimizdə rahatlıqla tətbiq edə bilirik. Əgər internet resursları və sosial media ilə bəzi ixtisasın mutəxəssisi olmadan həmin işləri görmək mümkündürsə, süni intellekt ilə daha böyük nailiyyətlər əldə edilə bilər. Yaxın gələcəkdə yüksək texnologiya ilə yanaşı süni intellektin köməyi ilə daha çox işlər həll olunacaq və insan faktoruna, işçi qüvvəsinə çox ehtiyac duyulmayacaq. Hesab edirəm ki, süni intellektin təsiri bir çox ixtisaslara da öz təsirini göstərəcək. Xüsusilə də, bu ixtisaslarda süni zəkanın təsiri qaçılmaz hesab olunur:

-Psixologiya ixtisası: Süni zəkanın inkişafı və insan psixologiyasına təsiri psixoloqların da əmək bazarına təsir göstərəcək. Ağır psixoloji xəstələri çıxmaq şərtilə yüngül psixoloji gərginlikli insanlara süni zəka vasitəsilə dəstək vermək mümkün olacaq. Süni zəka proqramları ilə psixoloji problemlərə cavab tapmaq mümkün olacaq.

-Muhasibatliq ixtisasını da süni intellekt və tələb olunan proqramlar ilə əvəzləmək mümkün görünür.

-Pedoqoji ixtisaslar. Artıq müəllimləri də süni intellekt ilə əvəzləmək mümkün olacaq. Sinifdə şagirdlərə süni intellektin köməyi ilə dərslər keçirilərək müvafiq qiymətləndirmə aparıla bilər.

-Bir çox mühəndislik ixtisaslarında artıq yüksək texnologiyanın təsirini görmək mümkündür. Süni intellektin gəlişi ilə artıq bəzi mühəndislik sahələrinə də ehtiyac azalacaq.

-Tərcümə ixtisasları da süni zəkanın təsirindən yan keçməyəcək. Hazırda müxtəlif dillər arasında süni zəka proqramları ilə tərcümələr proqramlaşdırılır.

Hesab olunur ki, insan resursları, əczaçılıq, tibb və hüquq ixtisaslarında da süni intellektin müəyyən qədər təsiri olacaq. Mütəxəssislər məhkəmə-hüquq sistemində süni zəkanın daha çox obyektivliyinə ehtimal edirlər. Hakimin verdiyi qərar ilə süni intellektin mülahizəsini bir üst məhkəmədə (apellyasiya prosesində) uyğunlaşdıraraq yekun qərarın verilməsində təsiredici amilə çevriləcəyini iddia edirlər. Ümumiyyətlə yaxın gələcəkdə yüksək texnologiya və süni intellektin köməyi ilə daha çox işlər həll olunacaq və insan faktoruna, işçi qüvvəsinə çox ehtiyac duyulmayacaq.

Buna görə də, gənclər seçəcəyi ixtisası gələcəyin tələblərinə uyğun olaraq planlaşdırmalıdır. Süni intellekt və yüksək texnologiya ilə ayaqlaşmağı bacarmalıdır. Əmək bazarında və iş dünyasında mövqe tutmaq üçün abituriyentlər düzgün ixtisas seçməli və ixtisasının ən yaxşısı olmalıdır.

Əziz abituriyentlər, ixtisas seçərkən gələcəyinizi fikirləşərək seçim edin.

Ramin Nurəliyev

İxtisas seçimi və gələcək karyera üzrə mütəxəssis, Təhsil üzrə ekspert
 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.