Azərbaycan uğrunda canlarından keçən şəhidlərimiz unudulmur. Bərdə rayon Qaradəmirçi kəndində yaşayan Yusif Abbaszadə şəhidlərimizə olan ehtiramını fərqli şəkildə həyata keçirir.
Şəhid övladlarından olan Vaqif Salmanov, Bəhman Mahmudov deyir ki, məskunlaşdıqları Bərdə rayon Qaradəmirçi kəndindəki çörək sexindən onlara gündəlik pulsuz çörək çatdırılır. Onlar bildirirlər ki, ilk dəfərdir kənddə şəhid ailələri üçün çörək pulsuz verilir.
Qeyd edək ki, sexdə çalışanlar hər gün şəhid ailələrinə çatdırılacaq çörəkləri paketləyirlər. Şəhid ailələrindən sifariş daxil olduqca paketlənən çörəklərin sayı da artırılır.
Çörəkbişirmə sexinin rəhbəri Yusif Abbaszadə deyir ki, şəhid ailələrinin sayı müəyyənləşdikdən sonra təzə bişirilən çörəklər avtomobilə yığılaraq birbaşa şəhid ailələrinin evlərinə çatdırılır. Bunun isə konkret sayı yoxdur. Kim nə qədər istəyirsə o qədər də çörək əldə edə bilir. Sahibkar deyir ki, şəhid ailələrinə xidmət göstərməyi özünə borc hesab etdiyindən belə bir addım atmaq qərarına gəlib.
Yusif Abbaszadə bildirir ki, rayondan kənarda yaşayan şəhid ailələrinə də pulsuz çörək çatdıracaqlar. Bunun üçün öncə həmin şəhid ailələrinin sayını müəyyənləşdirəcəklər.
Esmira Hidayətova, Bərdə.
Yeniavaz.com