Xəbər verdiyimiz kimi, texnobloqer, Mətbuat Şurası İdarə Heyətinin üzvü Fərid Pərdəşünas “Vikipediya”dan Birinci və İkinci Qarabağ müharibəsi, həmçinin Aprel döyüşləri şəhidlərinin məqaləsinin silindiyini bildirib.
Doğrudan da, “Vikipediya”da 44 günlük Vətən müharibəsində şəhid olan kəslərin adını yazdıqda məlumat çıxsa da, daxil olduqda səhifənin boş olduğu görünür.
Bəs şəhidlər haqqındakı məqalələr nə üçün silinib?
Bu barədə azərbaycanca “Vikipediya”nın fəal istifadəçilərindən Səmral Quluzadə danışıb.
Onun sözlərinə görə, məqalələrin yerli-dibli silinməsindən söhbət getmir, şəhid məqalələri vahid siyahılarda birləşdirilir:
“Hər bir şəhidin ayrıca bir məqaləsinin olmağı həm ümumdünya ensiklopediya anlayışına, həm Azərbaycandakı ensiklopediya anlayışına, həm də ümumi “Vikipediya” qaydalarına ziddir. Bu qaydalar, əsasən, Vikimedia Fondunun baş ofisinin yerləşdiyi ABŞ-də hazırlanır. Digər vikipediyalar onu tərcümə edir və o qaydalarda da hər şey bəllidir. Əslində, həmin qaydalar normal kağız ensiklopediyalarda da, demək olar ki, tətbiq edilir. Məsələn, bu gün Azərbaycan Milli Ensiklopediyasına baxsanız, orada heç də ucdantutma bütün şəhidlərin məqaləsi yoxdur”.
Həmsöhbətimiz bildirdi ki, “Vikipediya”da seçmələrin məqaləsi olur:
“Azərbaycan Milli Ensiklopediyasının 10 cildi çıxıb, 25 cild nəzərdə tutulub. Bəyəm orada şəhidlərin hamısının və yaxud da əksəriyyəti məqaləsi var? Xeyr, yoxdur. Azərbaycan Sovet Ensiklopediyası var. Orada Böyük Vətən müharibəsində həlak olanların siyahısı və ya məqaləsi var? Xeyr. Məgər Böyük Vətən müharibəsində həlak olanlara hörmət yox idi? Əlbəttə ki, var idi. Amma şəhidlərin, müharibədə həlak olanların və yaxud da qazilərin, veteranların məqalələri ensiklopediyalarda olmur. Seçmələrin məqaləsi olur. Məsələn, sovet ensiklopediyasına baxsanız, Həzi Aslanovun məqaləsini orada görərsiniz. Həmçinin Milli Ensiklopediyada Mübariz İbrahimovun məqaləsi olacaq. Hamımızın tanıdığı, “Xudayar” təsnifi ilə məşhur olan şəhidimiz Xudayar Yusifzadənin məqaləsi “Vikipediya”da silinməyib və silinməyəcək. Eyni zamanda 44 günlük müharibənin ilk və yeganə qadın şəhidi Arəstə Baxışovanın məqaləsi mövcuddur. Amma hər bir şəhidin ayrı-ayrı məqaləsinin olmağı mümkün deyil.
Məsələn, ingiliscə “Vikipediya”da Birinci Dünya müharibəsində həlak olan ingilis hərbçilərin siyahısını görə bilməzsiniz, ərəbcə “Vikipediya”da Qəzzada həlak olan fələstinlilərin siyahısını, yaxud yəhudicə “Vikipedia”da İsrail-Fələstin münaqişəsində ölən İsrail hərbçilərinin siyahısını və ya onların hər biri haqqında ayrıca bir məqaləni görmək mümkün deyil. Amma biz siyahıları yaratmışıq ki, qoy tamamilə silinməsin”.
Səmral Quluzadə qeyd etdi ki, Fərid Pərdəşünasın öz məqaləsi “Vikipediya”dan silinib:
“Çünki o, ensiklopedik deyildi. Bundan sonra o, hay-həşir çıxarıb ki, şəhidlərin məqalələri silinib. Əlavə olaraq, Vətən Müharibəsi Qəhrəmanları, Milli Qəhrəmanlar, “Zəfər” ordeni alanlar, “Qarabağ” ordeni alanlar, hansı ki, bunlar ali ordenlərdir, heç birinin məqaləsi silinməyib, 3000 şəhidin məqaləsi haradan silindi? Bizdə hamısının linkləri var və göndərə bilərəm. Siyahılar var: Aprel döyüşlərində şəhid olanların siyahısı, Xocalı, 20 Yanvar, həmçinin sentyabr döyüşləri və 44 günlük müharibədə şəhid olanların siyahısı. Halbuki bu da Vikimedia Fondunun qaydalarına, ensiklopediya qaydalarına ziddir. Amma biz siyahı formasında yaratmışıq ki, qoy məlumatlar itməsin.
Digər arqumentlərdən biri budur ki, niyə məqalələr vaxtında silinməyib? Bunun fərqi nədir ki? Biz daha əvvəl silmədik, ona görə ki, hələ müharibə təzə qurtarmışdı. Həssas bir dövr idi, hər kəs kövrək idi. Şəhidlərin qırxı çıxmamışdı, hələ də nə qədər şəhidin nəşi sülhməramlıların nəzarətində olan bölgələrdən təzə tapılırdı. Biz o ərəfədə silsəydik, bizi az qala tribunala çıxarıb güllələyərdilər. Bütün Azərbaycan “Vikipediya”dan faydalanır. Halbuki bütün dünyada, həmçinin Azərbaycanda əhalinin 99,9 %-i sadəcə oxucudur. Yerdə qalan 0,1%-i, bəlkədə 0,01%-i “Vikipediya”ya fayda verir, məqalə yaradır. Onlardan da biri bizik və bizi vətən xaini elan edirlər. Düşünmürlər ki, bizimlə çalışanlardan kimisə prokurorluq ən azından istintaqa çağırar, nə baş verir deyə maraqlanar, aramızda azyaşlı yeniyetmələr var ki, qorxuya düşüb özünə hər hansısa xəsarət yetirər? Onda Fərid Pərdəşünas və ya başqası cavab verə bilər?”
Sevinc İBRAHİMZADƏ