Bu gün respublikamızda gedən böyük islahatlar dövründə milli təhsil ocaqlarının qarşısında böyük vəzifələr durur. Bu, ilk növbədə yeni nəslin formalaşmasında atılan addımlardan, təlim-tərbiyənin, tədris işinin uğurla aparılması üçün şagirdlərdə elmə böyük məhəbbət və maraq hissinin aşılanmasından ibarətdir.
Məktəblilərin bilik və bacarığına nəzarət təlim prosesinin ən vacib vasitələrindən biridir. Bu işdə tədris ocaqlarının rəhbərliyi üzərinə böyük məsuliyyət düşür. Bu, məktəbə rəhbərlik edən pedaqoqların təhsil ocağı ilə bağlı bu və ya digər məsələlər üzrə işlərdə məsuliyyətini ikiqat artırır.
Şəmkir rayon Dəllər qəsəbə tam orta məktəbdə təlim-tərbiyə ilə bağlı bütün məsələlər diqqət mərkəzindədir. Şagirdlərdə əxlaqi-etik keyfiyyətlərin aşılanması qayğısına qalınır, bunun üçün bütün mövcud imkanlardan istifadə olunur. Sadalanan bu amillər məktəbdə onlara icrası etibar edilmiş bu vəzifələrin tam həlli barədə ümumi dolğun təsəvvür yaradır. Müəllim və pedaqoq heyətinin təlim-tərbiyə işinin aparılması üzrə nəzəri, elmi-metodiki hazırlığının yüksəldilməsi, tədris işinə prinsipial yanaşmada və ümumi vəzifələrin həyata keçirilməsində təşkilati işlərin səmərəliliyi məktəbdə təhsilin, tədris və təlim-tərbiyənin səviyyəsinin daha da yüksəlməsinə yol açıb.
Vətənpərvər vətəndaş tərbiyəsi bu yönümdə məktəbin ideoloji işində ən vacib istiqamətlərdən biridir. Müasir şəraitdə böyüməkdə olan gənc nəslin düzgün tərbiyəsi milli təhsil ocaqlarının qarşısında duran ən aktual vəzifələr olaraq qalır. Bu işdə, əlbəttə ki, orta məktəblərdə tədris işləri üzrə direktor müavinlərinin özünəməxsus rolu vardır.
Müsahibimiz Şəmkir rayon Dəllər qəsəbə tam orta məktəbin tədris işləri üzrə direktor müavini Zakir Abdiyevdir:- Məktəbin əsas vəzifəsi şagirdlərin təlim-tərbiyəsi ilə bağlıdır. Mən tədris işləri üzrə direktor müavini kimi məktəbdə idarə edicilər arasında əsas funksiyalardan birini daşıyıram. Tədrisin təşkilatçısı, nəzarətçisi və əlaqələndirici rolunu oynayıram. Tədris işinin düzgün təşkil edilməsi, məktəbdə tədris işinin inkişafı üzrə işlərin düzgün qurulması gələcəkdə qarşıya çıxacaq problemlərin qarşısını almaqla yanaşı, təlim-tərbiyə və metodiki işlərin təşkilində, pedaqoji işçilərin metodiki fəaliyyətinin istiqamətləndirilməsində, təlim-tərbiyə prosesinin, həmçinin dərsdənkənar məşğələlərin keyfiyyətli təşkilinin həyata keçirilməsində böyük önəm daşıyır.
Biz daim təlim-tərbiyə prosesinin təkmilləşdirilməsinə can atır, gənclərin təhsil və tərbiyə məsələlərinə dair bütün işləri nəzarətdə saxlayır, qabaqcıl təlim-tərbiyə metodlarının tətbiqini önə çəkirik. Eləcə də şagirdlərə elmi biliklər verilməsi ilə yanaşı, onların vətəndaş tərbiyəsi işi daim diqqət mərkəzindədir. İbtidai sinif müəllimləri, fənn müəllimləri, metodbirləşmə rəhbərləri, kabinet rəhbərləri ilə söhbətlərdə də daim qarşıya qoyulan məqsədlərin tam həllinə nail olmaq üçün işlərin həyata keçirilməsi prioritet məqsədlər kimi önə çəkilir. Bu sahədə müəyyən tələblər vardır və bu, təhsilin inkişaf istiqamətlərini özündə birləşdirir. Tədris işi, onun gedişatının və inkişafının analiz edilməsi, dərs məşğələlərinin və məktəbdə digər pedaqoji fəaliyyətlərin keyfiyyətinə və s. nəzarət edilməsi şagirdlərin təlim-tərbiyəsi işinin daha yüksək səviyyədə aparılmasına xidmət edir və vətənpərvər, hərbi vətənpərvərlik tərbiyəsi də bu işin tərkib hissəsi olmaqla, tədrisin, təlim-tərbiyənin ayrılmaz bir hissəsidir. Və biz tapşırılmış sahə üzrə işimizi bu istiqamətdə qurmağa çalışırıq.
R.Z. – Bu gün cəmiyyətimiz böyüməkdə olan gənc nəslin təlim-tərbiyəsi sahəsində qarşımıza çox ciddi vəzifələr qoymuşdur. Bu prosesdə gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin rolu və əhəmiyyəti nədən ibarətdir?
Z.A. – Hərbi-vətənpərvərlik tərbiyəsi şagirdlərin vətənpərvərlik tərbiyəsi ilə sıx bağlılıq təşkil edir. Belə ki, bütün mövcud, əlçatan formalar ilə gələcəkdə vətənimizin müdafiəçiləri olacaq gəncləri vacib mənəvi-psixoloji keyfiyyətlər ilə təmin edir. Göründüyü kimi vətənimizin müdafiəçilərinin hazırlığı vəzifələri orta təhsil ocaqlarında pedaqoqlar qarşısında duran böyük və məsuliyyətli bir işdir.
Vətənpərvərlik tərbiyəsinin digər əsas istiqamətlərindən biri isə, hər şeydən əvvəl əlbəttə ki, hərbi-idman oyunlarıdır. Bu oyunların praktiki əhəmiyyəti böyükdür və hərbi-vətənpərvərlik tərbiyəsi sisteminin bütün komponentlərinin qarşıya qoyduğu vəzifələrin tam həllinə imkan yaradır. ”Şahin” hərbi-idman oyununun aparılması təcrübəsi şagirdlərin fiziki və hərbi-vətənpərvərlik tərbiyəsinin bu formasının aktuallığını və vacibliyini həmişə sübut etməkdədir.
Mən özüm ömrümün müəyyən bir hissəsini Milli Orduya xidmətə həsr etmiş, Vətənimə də layiqincə xidmət etmişəm. 1992-ci ildən “N” saylı hərbi hissənin şəxsi heyət üzrə komandir müavini vəzifəsinəcən yüksəlmişəm. Qarabağ savaşında Ağdərə, Goranboy, Tər-tər, Murovdağ istiqamətində ağır döyüşlərin iştirakçısı olmuşam. O günləri yaşamış köhnə hərbçi kimi vətəni qorumaq işinin nə qədər şərəfli və məsuliyyətli bir iş olduğunu bilirəm. Bu günkü uşaqlar gələcəkdə vətənin müdafiəçiləri olacaqlar. Biz pedaqoqlar məktəbliləri vətənimizə məhəbbət ruhunda böyütməyə çalışır, onları bu ruhda tərbiyə edirik. Məktəbdə tədrisin keyfiyyətinə cavabdeh şəxs kimi də çalışıram ki, bütün tədris prosesi, istərsə də sinifdənxaric işlər olsun, şagirdlərin vətənpərvərlik tərbiyəsinin əsasını təşkil etsin.. Bununla yanaşı, dərslik proqramında diqqətə çatdırılan materiallar tək şagirdlərin ibtidai hərbi hazırlığını deyil, həm də onların hərbi xidmətə psixoloji cəhətcə hazırlığını da nəzərdə tutur. Bu dərslər həm tədris, həm tərbiyələndirici, həm də inkişafetdirici xarakteri daşıyır.
R.Z. – Təlim-tərbiyə prosesinin məqsədlərinin tam həyata keçirilməsi üçün hərbi xidmətin əsasları üzrə yaxşı təşkil olunmuş kabinet-dərs otağı da böyük rol oynayır. Bu iş məktəbinizdə necə təşkil olunmuşdur?
Z.A. – Məktəbdə bununla bağlı heç bir problem yoxdur. Fənn kabineti estetika nöqteyi-nəzərincə çox gözəl tərtibata malikdir, tədris üçün müasir texniki vasitələrlə təchiz olunmuşdur. Hərbi-vətənpərvərlik tərbiyəsi istiqamətində işlərin aparılması üçün burada hər bir şərait yaradılmışdır. Bu, dərslərdə, eləcə də dərsdənkənar tədbirlərdə hərbi-vətənpərvərlik tərbiyəsinin düzgün aparılması üçün böyük imkanlar yaradır. Bu kabinetdə biz hərbi qulluqçularla, veteranlarla görüşlər də təşkil edə, şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsi üzrə bütün işləri tam mənada həyata keçirə bilmək imkanlarına malikik.
R.Z. – Bunları hansı formada həyata keçirmək mümkündür?
Z.A – Cəsurluq, rəşadət dərsləri, toplantılar, söhbətlər, sinif saatları, videofilmlərə baxış, hərbi hazırlıq üzrə dərnəyin məşğələləri – bunların sayını artırmaq da olar. Bizim bütün bu işləri həyata keçirmək üçün tam imkanlarımız vardır və bacardığımız qədər də həyata keçiririk. Biz məktəbdə Qarabağ müharibəsi qəhrəmanları ilə də, 2 Dünya müharibəsi iştirakçıları ilə də mütəmadi olaraq görüşlər keçiririk. Hər il 9 may Qələbə günü veteranlarla şagirdlərin görüşünü təşkil edirik. Onlar şagirdləri maraqlandıran sualları cavablandırırlar. O veteranlardan biri də elə mənim atamdır.
Bizim məktəbdə hərbi-vətənpərvərlik tərbiyəsinin həyata keçirilən bu formaları şagirdlərin Vətənimizin müdafiəsinə hazırlığı prosesinə real kömək edir. Gördüyümüz işlər bir sistem halında, məqsədyönlü və davamlı xarakter daşıyır, şagirdlərin hərbi-vətənpərvərlik fəaliyyətinin təşkili və tərbiyənin inkişafında ardıcıllıq qorunur.
R.Z. – Vətənpərvərlik və hərbi-vətənpərvərlik tərbiyəsinin aparılmasında əvvəllər də bir sıra boşluqlar mövcud olub. Haradasa bu işə məsuliyyətlə yanaşılıb, haradasa barmaqarası münasibət olub. Sizcə bu tərbiyə ilə bağlı məsələlərin tam həlli ilk növbədə nədən asılıdır?
Z.A. – Bu məsələlər həmişə diqqət mərkəzində dayanıb. Bütün vətənpərvər pedaqoqlar bu tərbiyə sisteminin həmişə son nəticələrə – öz vətəninin vətənpərvərləri olacaq gənc nəslin yetişdirilməsinə xidmət etməsinə çalışır və buna nail olmaq üçün var qüvvəsini sərf edirlər. Onların bu səyləri həmişə öz müsbət nəticələrini verib. İşin düzgün təşkili zamanı uşaqlar da dərsə böyük maraq göstərir, tədbirlərə də maraqla qatılırlar. Bu tərbiyənin düzgün aşılandığı təhsil ocaqlarının məzunları həmişə öz müəllimləri haqqında böyük sevgi və iftixarla danışırlar
Təlim-tərbiyə işi sosial proseslərin arasında ən çətini sayılır. Onun çətinliyi hərtərəfliyi, çoxcəhətliliyi ilə ölçülür. Bu proses zamanı uşaq məktəb illəri bir-birini əvəz etdikcə bir şəxsiyyət kimi formalaşır. Məhz məktəb, parta arxasında ilk dəfə oturmuş uşağın gələcəkdə onun şəxsiyyət kimi tərbiyəsinin hansı istiqamətdə inkişaf edəcəyində əsas rol oynayan bir faktordur.
Ruhulla Zahidov, yazıçı-jurnalist.