Rəşad Məcid: Şəxsiyyət olmaq həm də öz ədəbiyyatını, mədəniyyətini yaxından bilməkdir

“Oxu mədəniyyəti” layihəsinin mahiyyətində duran əsas məqam odur ki, gənclərimiz, iqtisadçılarımız həm də şəxsiyyət olmalıdırlar. Şəxsiyyət olmaq həm də öz ədəbiyyatını, mədəniyyətini yaxından bilməkdir. Buna biz necə çataq?

Bu fikirləri Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Oxu mədəniyyəti” layihəsinin təqdimatında bildirib.

“Nə qədər acı olsa da, informasiya texnologiyalarının inkişafı ənənəvi kitabların, qəzetlərin getdikcə formasının dəyişməsinə gətirib çıxarır. Forma dəyişdiyi üçün yeni texnologiyalar əvvəlki kimi sevdiyimiz kitabları vərəqləməyə imkan vermir. Əlbəttə ki, gənclər arasında böyük həcmli kitabları, romanları elektron variantda oxuyanlar da var. Mən özüm də bir neçə böyük həcmli kitabı elektron variantda oxumuşam. Ona görə də biz bunun qarşısını ala bilməyəcəyik. Bilik gücdür. Bilik bizə cəmiyyətin mütləq məqamlarında özümüzü üstün hiss etməyə imkan verir. Mən gənclərə kitabı təbliğ edəndə bəzi məqamları vurğulayıram. Kitab oxuyan şəxs mənəvi cəhətdən özünə güvənli olur. Söhbət daha çox bədii ədəbiyyatdan gedir. Doğma dilində gözəl danışmaq, geniş leksikona malik olmaq və fikrini gözəl ifadə etmək üçün bədii ədəbiyyatı oxumaq vacibdir. Uşaqlıqdan şeir əzbərləmək, poeziya oxumaq önəmlidir… UNEC-in yeni təşəbbüsünü mən yüksək qiymətləndirirəm və əminəm ki, bu sahədə maraqlı ustad dərslər, tələbələrə stimulverici məqamlar olacaq”, – deyə Rəşad Məcid bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.