44 gün ərzində Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad etməklə tarixinin ən şərəfli səhifəsini yazdı. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və Azərbaycan xalqının sarsılmaz birliyi qarşısında düşmən diz çökdü. Ermənistan ağ bayraq qaldıraraq Azərbaycanın şərtləri əsasında tərtib olunmuş kapitulyasiya aktını imzaladı.
Tarixi Qələbəmizin ikinci ildönümü münasibətilə Respublikamızın bütün bölgələrində silsilə Zəfər tədbirləri təşkil edilməkdədir. Artıq 2 ildir ki, birliyimizin, yenilməzliyimizin rəmzi olan bu tarix həyatımızın bütün sahələrinə sirayət edərək, zəfər ruhumuzu alovlandırır. Respublikamızda bununla bağlı təşkil edilən silsilə tədbirlər əzəmətli qələbənin zərrəsinə çevrilir.
Zəfər əhvallı rəngarəng tədbirlər çərçivəsində Gəncə İdman Liseyində Qarabağ müharibəsi veteranları və Vətən müharibəsinin iştirakçıları olmuş qəhrəman qazilərimizin və ictimaiyyət üzvlərinin də iştirak etdiyi möhtəşəm tədbir yaddaqalan oldu.
Azərbaycan Respublikasının Dövlət Himni ilə mərasim açıq elan olundu. Sonra vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Vətənpərvərlik və hərbi-vətənpərvərlik ruhunda hazırlanmış ifalar və fəxri qonaqların alovlu çıxışları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı. Liseyin şagirdlərinin ifa etdiyi mahnılar qonaqların və liseyin əməkdaşlarının ruhunu və qəlbini oxşadı.
Tədbirdə fəxri qonaqlar olan qazilər və veteranlar, liseyin fəal şagirdləri fəxri fərmanlarla mükafatlandırıldı.