Avropa İttifaqı ilə əməkdaşlığın diplomatik əhəmiyyəti və uğurlu nəticələri

Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Avropa İttifaqı ilə əlaqələrinin genişlənməsinə səbəb olan bir sıra amillər vardır. Belə ki, Azərbaycanın regiondakı tranzit mövqeyi, Avropa və Asiyanın quru və hava nəqliyyatı yollarının kəsişməsində yerləşməsi, eləcə də Avrasiyanın nəqliyyat qovşağı rolunu oynaması ölkəni Aİ üçün cəlbedici edən faktorlardır. 1996-cı ildə imzalanmış Lüksemburq şəhərində imzalanmış və 1999-cu il tarixində qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi siyasi dialoq, ticarət, sərmayə, qanunvericilik, elm və mədəniyyət sahəsində əməkdaşlığı əhatə etmişdir. 10 il müddətinə imzalanmış Sazişin icra müddəti 2009-cu ildə bitməsinə baxmayaraq, onun icrası yeni sazişin imzalanmasına qədər hər il avtomatik olaraq 1 il müddətinə uzadılır. Bu da sözsüz ki, ölkəmizə olan maraq və etimaddan irəli gəldiyi təkzibedilməz bir faktordu.

2004-cü ildən Azərbaycan Avropa Qonşuluq Siyasətinə, 2009-cu ildə isə onun Şərq istiqaməti üzrə çoxtərəfli əməkdaşlıq formatı olan Şərq Tərəfdaşlığı proqramına daxil edilmişdir. Azərbaycan Avropa Qonşuluq Siyasəti proqramı çərçivəsində özünün bir çox iqtisadi, siyasi, hüquqi və inzibati islahatlarını həyata keçirmək imkanı qazanmış və bu məqsədlə Aİ-nin maliyyə-texniki dəstəyini almışdır.

Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu 7 noyabr 2006-cı il tarixində Brüssel şəhərində imzalanmışdır. Tərəflər xüsusən Avropa enerji təhlükəsizliyinin gücləndirilməsinə təhdid və risklərin aradan qaldırılması baxımından regiondakı ölkələrin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının vacib şərt kimi qəbul etmişlər. Şərq – Qərb nəqliyyat – kommunikasiya dəhlizinin yaradılması, infrastrukturun inkişafı və s. çərçivələrdə inkişaf etdirmişdir. 2017-ci ilin noyabrında Brüsseldə 5-ci Şərq Tərəfdaşlığı Sammitinin qəbul edilmiş Birgə Bəyannaməsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bir daha dəstəklənib. Birgə Bəyannamənin digər bəndində Şərq Tərəfdaşlığı ölkələrinin ərazilərində baş verən bütün münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunması vurğulanıb. Ermənistan tərəfinin bu bəndə onun işğalçı maraqlarına cavab verən maddələrin əlavə edilməsi cəhdləri puça çıxıb. Birgə Bəyannamədə Azərbaycan Respublikasının fəal iştirakı ilə həyata keçirilən nəqliyyat və enerji layihələrinə xüsusi dəstək qeyd edilib, təşəbbüskarı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev olan “Cənub Qaz Dəhlizi” layihəsinin Avropa İttifaqı üçün strateji əhəmiyyət kəsb etdiyi vurğulanıb.

29 may 2018-ci il tarixində Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi baş tutdu. Bununla Azərbaycanın enerji strategiyasında yeni bir mərhələnin əsası qoyuldu. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan qazı Gürcüstandan keçməklə Türkiyəyə və oradan da Avropaya daşınan 3500 kilometrlik “Cənub qaz dəhlizi” üç kəmərdən – CQBK (Cənubi Qafqaz Boru Kəməri), TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) və Trans-Adriatik Qaz Boru Kəmərindən (TAP) ibarətdir. Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP 2020-ci ilin dekabrında tamamlandı.Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa,Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. Cənub Qaz Dəhlizinin icrasında 7 ölkə Albaniya, Azərbaycan, Bolqarıstan, Gürcüstan, İtaliya, Türkiyə, Yunanıstan iştirak edir.

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sülh müqaviləsinin imzalanması prosesinə Avropa İttifaqı da qoşulmuşdur. 2021-ci il 14 dekabr tarixində Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirildi. Görüşün nəticəsi olaraq Avropa İttifaqı rəhbərinin səsləndirdiyi bəyanatda açıq şəkildə Rusiyada imzalanmış 2020-ci ilin 10 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatları sadalanır, həmin sənədlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməsinin vacibliyi vurğulandı. Avropa İttifaqı hər iki ölkəni hərtərəfli sülh müqaviləsi imzalamağa çağırmaqla qalmamış, son abzasda “Cənubi Qafqazda, xüsusən, Ermənistanla Azərbaycan arasında ölkələrin suverenliyinə hörmətlə yanaşmaq şərtilə” kommunikasiya infrastrukturlarının bərpasının əhəmiyyəti vurğulanmışdır. Xüsusi qeyd olunası sazişlərdən biri də 18 iyul Yaşıl enerji layihəsi əsasında yeni enerji sazişlərinin imzalanması dünya böhranı dönəmində həqiqətən Avropa üçün bir xilasdır desək heç də, yanılmarıq. Eyni zamanda dəfələrlə münaqişə ilə bağlı görüşlər keçirilmiş və müəyyən razılıqlar əldə edilmişdir. Lakin xüsusilə son görüşlər və ən əsas Praqa görüşü ölkəmizin milli maraqlarının təmin edilməsinə və tezliklə sülhün təmin olunmasına şərait yaratmışdır.Ümumilikdə ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığının önəmli istiqamətlərindən biri siyasi dialoqdur. 6 oktyabr görüşünün yekununda qəbul olunan bəyanat isə rəsmi Bakının növbəti diplomatik qələbəsi sayılmalıdır. Deyə bilərik ki, Praqa görüşündə Azərbaycan istəyinə nail olub. Azərbaycan çalışırdı ki, ərazi bütövlüyünün təmin olunmasına nail olsun və Ermənistan da bununla razılaşsın. Və nəticə göz qabağındadır, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam tanıdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 30 il gərgin əmək sərf etdiyi və BMT Nizamnaməsini əsas götürdüyü sənədin təsdiqinə nail oldu. Burada ən önəmli məsələlərdən biri də odur ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi təsdiqlənib. Bütün bu uğurlar Cənab prezident İlham Əliyevin diplomatik uğuru, siyasi səriştəsi və xalqının milli maraqlarını hər şeydən üstün tutması ilə izah edilməlidir. Qələbə və tarixi ədalət yolunda mücalidə haqq işidir. Haqq ədalət isə bugün bizi deyir. Düşünürük ki, Xəzərin sahilində günəş kimi bərq vuran doğma yurdumuzun ədalətə qovuşmasına artıq az zaman qalıb.

Azad Bayramov, Professor,
ADAU-nun İctimai Elmlər və Multikulturalizm kafedrasının müdiri.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.