Mədəniyyət naziri Anar Kərimov aprelin 19-da rəhbərlik etdiyi nazirlikdə etik davranış və daxili intizam qaydalarını ilə bağlı 113-f saylı əmr imzalayıb.
Əmrin 3.35-ci bəndi nazirliyin tabeliyində olan qurumların işçiləri üçün geyim üslubu tələblərini əks etdirir, 3.36 və 3.37-cı bəndlərdə isə saç düzümü, makiyaj, ətirlər və s. barədə tələblər yer alır.
“Fakt Yoxla” əmrdəki geyim üslubu tələblərinin qanunauyğun olub-olmadığını araşdırıb.
Mədəniyyət Nazirliyi haqqında Əsasnamənin 5.6-cı bəndi nazirin hüquq və vəzifələrini tənzimləyir. Əsasnamənin 5.6.6-cı bəndinə əsasən, nazir əmr və sərəncam formasında qeyri-normativ hüquqi aktlar qəbul edir və onların, habelə nazirliyin qəbul etdiyi normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir.
“Normativ hüquqi aktlar haqqında” Qanunun 8-ci maddəsinə əsasən, normayaratma fəaliyyəti, digərləri ilə yanaşı, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarının üstünlüyü, mütənasiblik, insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi prinsipləri əsasında həyata keçirilir.
Nazirliyin Əsasnaməsinin 3.1.9-cu bəndinə görə, nazirliyin vəzifələrindən biri də fəaliyyət istiqamətləri ilə bağlı insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək, onların pozulmasının qarşısını almaqdır.
Yuxarıda sadalananlardan belə nəticəyə gəlmək olur ki, mədəniyyət nazirinin əmr formasında qəbul etdiyi akt beynəlxalq hüququn prinsiplərinə, insan hüquq və azadlıqlarına uyğun olmalıdır.
Geyim üslubu şəxsi həyata aid məsələ olduğundan bu mövzunu Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) 8-ci maddəsinin tələbləri baxımından araşdırmaq daha məqsədəuyğundur.
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) qeyd edib ki, şəxsin ictimai yerdə və ya qapalı mühitdə özü üçün münasib bildiyi xarici görünüşü seçməsi onun öz şəxsiyyətini ifadə etməsinə aid məsələ olduğundan şəxsi həyat anlayışının tətbiq dairəsinə düşür.
Bu cür işlərdə o zaman hüquq pozuntusunun olduğu qənaətinə gəlmək olar ki, hüquqa müdaxilə 3 mərhələli testin – qanunilik, legitim məqsəd daşıma və demokratik cəmiyyətdə zəruri olma – tələblərinə cavab verməsin. Qanunilik tələbi həm də müvafiq qanunun aydın olmasını və nəticələrin öncədən görülə bilməsini nəzərdə tutur.
Nazirliyin əmrinin 3.35.1-ci bəndində sadə naxışlı qalstuk taxılması, 3.35.2-ci bəndində sadə pencək, sadə klassik üslubda don, dar olmayan şalvar, çox hündür olmayan sadə ayaqqabı geyinilməsi, 3.36-cı bəndində qadınlar üçün makiyajın və istifadə olunan bəzək aksessuarlarının sadə olması, 3.37-ci bəndində üzərində iri yazılar olan geyimlərdən tünd və qıcıqlandırıcı ətirlərdən istifadə edilməməsi tövsiyə olunur.
Məhz əmrin bu bəndlərində geyimlə bağlı yuxarıda sadalanan ifadələr dəqiqləşdirilmir. Məsələn, nazirliyin nəzərdə tutduğu anlamda sadə klassik üslubun, yaxud çox hündür olmayan ayaqqabının və ya sadə makiyajın, yaxud da qıcıqlandırıcı ətirin hansı formada, necə olduğunu müəyyənləşdirmək qeyri-mümkündür. Başqa sözlə, əmrin həmin bəndləri qanunilik tələbinə cavab vermir. Bu nəticə artıq 8-ci maddənin, indiki kontekstdə nazirlik işçilərinin şəxsi həyata hörmət hüququnun pozulduğu qənaətinə gəlmək üçün kifayət edir.
“M.M. Niderlanda qarşı” işində AİHM bildirib ki, Məhkəmənin sözügedən tədbirin “qanunla nəzərdə tutulmadığını” müəyyən etməsi onun Konvensiyanın 8-ci maddəsinin pozulduğu qənaətinə gəlməsi üçün yetərlidir. Buna görə də, sözügedən müdaxilənin “qanuni məqsəd” daşıyıb-daşımadığını və ya “demokratik cəmiyyətdə zəruri” olub-olmadığını araşdırmağa ehtiyac qalmır.
AİHK-nın 8.2-ci maddəsinin tələblərinə görə, hüquqa edilən müdaxilə bu maddədə göstərilən məqsədlərdən birinə xidmət etməlidir. Həmin maddəyə əsasən, milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq, sağlamlığı, yaxud mənəviyyatı qorumaq və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.
Mədəniyyət Nazirliyi sözügedən tədbirlərin hansı məqsədlə tətbiq edildiyini aşkar şəkildə açıqlamayıb. Ən yaxşı halda, əmrin adındakı “etik davranış və daxili intizam qaydaları” sözlərinə əsaslanaraq bu tədbirlərin 8.2-ci maddədə göstərilən məqsədlər arasında yalnız “mənəviyyatı qorumaq” məqsədinə xidmət etdiyini ehtimal etmək olar.
“Mənəviyyatı qorumaq” məqsədinin mövcudluğunu güman etsək belə, işçilərin geyimləri, ətirləri, makiyajı və s. üzərində əmrdə göstərilən şəkildə qadağaların tətbiq edilməsinin doğrudan da mənəviyyatı qorumağa hədəfləndiyini demək çətindir. Çünki əmrin həmin bəndləri mənəviyyata açıq-aşkar zərər vura biləcək davranışları sadalamır. Sadəcə, konkret siyahı ilə paltar, aksessuar, ətir və s. barədə müəyyən forma və əlamət tələbləri qoyur.
Bütün bunlarla yanaşı, tətbiq edilən tədbir demokratik cəmiyyətdə zəruri olmalıdır. Daha dəqiq desək, hüquqa müdaxilə üçün “təxirəsalınmaz ictimai tələbat” mövcud olmalı və işçilərin şəxsi həyatına hörmət hüququ ilə dövlət orqanının məqsədi arasında ədalətli balans qorunmalıdır. AİHM demokratik cəmiyyəti xarakterizə edən iki xüsusiyyətin tolerantlıq və açıqlıq olduğunu bildirib. Mədəniyyət Nazirliyi əmrdə geyimlə bağlı tədbirləri şərtləndirən tələbatı göstərməyib.
Əlavə olaraq, “Mədəniyyət haqqında” Qanunun 6.1-ci maddəsinə görə, Azərbaycanda hər kəsin mədəniyyət sahəsində hüquq və azadlıqları, beynəlxalq hüququn prinsip və normaları rəhbər tutulmaqla təmin edilir. Amma nazirliyin qoyduğu bu qaydalar AİHK-nın 8-ci maddəsinin tələblərinə uyğun deyil.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Mədəniyyət Nazirliyinin 113-f nömrəli əmrinin 3.35, 3.36 və 3.37-ci bəndləri hüquqaziddir.