Bir sənətkar ömrünün elmi araşdırması -İmran Axundovun “Ağadadaş Qurbanov” monoqrafiyası haqqında düşünərkən

Son zamanlar müqtədir sənətkarlar haqqında yazılan elmi monoqrafiyalar böyük oxucu kütləsinin maraq darəsini əhatə etməklə yanaşı onlar haqqında ilkin araşdırmaların əsas mənbəsi hesab edilir. Məhz ilkin mənbə olaraq qələmə alınan bu kimi monoqrafiyalar bir daha sənətkarların yaradıcılıq yollarının daha dərindən öyrənilməsi, daha dərin prizmalardan yanaşma mexanizmi baxımından tədqiq edilməsi istiqamətində mühüm əhəmiyyətə malikdir. Bu günlərdə fəlsəfə doktoru İmran Axundovun qələmə aldığı “Ağadadaş Qurbanov” monoqrafiyası ilə tanış oldum. İlk öncə deyim ki, elmi monoqrafiya Respublikasnın Xalq artisti Ağadadaş Qurbanovun yaradıcılıq yoluna böyük işıq salmaqla aktyorun Dövlət Gənc Tamaşaçılar Teatrında eləcə də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında həmçinin Azərbaycanfilmdə ifa etdiyi mürəkkəb xarakterli səhnə və ekran obrazları haqqında müvəssəl məlumat verməklə növbəti elmi araşdırmalar üçün əsas mənbə hesab edilə bilər. Müəllif  bu monoqrafiya ilə aktyorun böyük yaradıcılıq yoluna fəsillərlə nəzər yetirməklə dövrü yaradıcılıq yollarını daha dəqiqliklə tədqiq etməyə müvəffəq ola bilib. Qeyd etmək istərdim ki, kitabın redaktoru Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın Əməkdar artisti Xəzər Gəncəlidir. Qeyd edim ki, elmi monoqrafiya həmçinin Ağadadaş Qurbanovun 110 illik yubileyi ərəfəsində aktyorun əziz xatirəsinə ithaf olunur.

Xalq artisti Ağadadaş Qurbanov teatr və kino aktyoru olmaqla yanaşı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrını yaradanlardan biridir. Bu baxımdan onun yaradıcılığı haqqında elmi monoqrafiyada tədqiqat aparıldıqda istər-istəməz bu kimi sənətkarların yaradıcılığı teatrın inkişaf prinsipləri ilə sıx əlaqədə olduğu üçün çalışdığı teatrın fəaliyyətini də daha dərindən öyrənməmək və bütövlükdə tədqiq etməmək mümkün deyildir. Məhz bu baxımdan müəllif İmran Axundov aktyor yaradıcılığı ilə üzvü surətdə bağlı olan onun fəaliyyət göstərdiyi teatrların tarixi inkişaf mərhələlərini monoqrafiyada tədqiqat predmetinə çevirə bilib. Müəllif elmi monoqrafiyada teatrların tarixi inkişaf mərhələlərinin tədqiqat predmetinə nəzər salarkən yazır: “Onlar əvvəl teatrın özülünü qoyur, sonra onun yükünü cəsarətlə çiyinlərində daşıyırlar, teatrı inkişaf etdirərək, özləri də yetkin sənətkara çevrilirlər. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yarandığı zamandan uşaq və gənclərin estetik tərbiyyəsində mühüm rol oynamış və bu ənənə indi də davam etməkdədir. On iki nəfər gənclə fəaliyyətə başlayan bu teatrın səhnəsində böyük aktyor ordusu meydana gəlmiş və formalaşmışdır. Bu aktyorlardan ən birincisi, Azərbaycanın görkəmli teatr və kino xadimi, Xalq artisti Ağadadaş Qurbanov idi.  Onun səhnə fəaliyyəti Gənc Tamaşaçılar Teatrının yaranması ilə eynidir. Bu teatrın inkişafında A. Qurbanovun müstəsna xidmətləri olmuşdur. O, bir aktyor kimi bu teatrın səhnəsində ilk adımlarını atmış, zaman keçdikcə görkəmli səhnə ustası səviyyəsinə yüksəlmişdir. Böyük istedada, gözəl xarici görünüşə, zəngin daxilə, yüksək tembr səsə malik olan bu böyük aktyorun yaradıcılığı haqqında danışarkən mütləq Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının tarixinə müraciət etmək lazımdır”.

İmran Axundov monoqrafiyanın birinci fəslini “Aktyorun həyatı və Bakı Uşaq Teatrının yaranması (1911-1929)” adlandırmaqla bu dövrü geniş bir formada tədqiq edir. Məhz bu dövürdə aktyorun səhnəyə qədəm qoyduğu ilk günlərdən hər zaman yaradıcılıq həvəsi ilə yaşayan, daim novatorluq eşqi ilə alışıb-yanan bir sənətkar olmaqla onun ömür yoluna diqqəti cəlb edir.

Ağadadaş Qurbanov 1911-ci il mart ayının 8-də Bakıda Qurban (əksər mənbələrdə Gülməmməd adı ilə qeyd olunub) kişinin ailəsində dünyaya göz açıb. Onun atası zamanının mütərəqqi fikirli insanlarından biri hesab edilirdi. 1915-ci ildə atasını itirən Ağadadaş, az sonra anasını da itirib. O, əvvəl kiçik bacısı ilə babasının himayəsində yaşayıb və 1920-ci ildən sonra təhsil almaq imkanını əldə edib. Ağadadaş Qurbanovun aktyorluğa olan həvəsi 12-13 yaşlarında yaranmağa başlayıb. Aktyor özü bu barədə xatirələrində yazır: “1923-cü ilin payızı idi. Bakının 5 №-li Şura məktəbinin (indiki orta məktəblər o zaman Şura məktəbi adlanırdı) 3-cü sinfində oxuyurdum. Bir gün əmim Məhərrəm məni teatra apardı. Zal adamla dolu idi. Pərdə açıldı. Mən heyrətimdən donub qaldım. Yer yarıldı. Od püskürdü. Alov qalxdı, oradan əcaib bir şey peyda olub, gurultulu səslə danışmağa başladı. Əmim həyəcanlandığımı hiss edib qulağıma pıçıldadı ki, bu hamının sevimlisi artist Abbas Mirzə Şərifzadədir, İblis rolunu oynayır. Onun nəfəsindən elə bil od tökülürdü. Pərdə endi. Camaat ayağa qalxıb gurultulu alqışlarla onu səhnə qarşısına çıxartdılar. Evə gələrkən bütün yol uzunu əmimə İblis və onu oynayan aktyor haqqında müxtəlif suallar verirdim. Beynimdə, xəyalımda yalnız o, dolanırdı”.

Müəllif  İmran Axundov  bununla da aktyorun həyatına diqqəti yönəltməklə onun teatra və səhnəyə yaranan ilk marağının kiçik сüсərtilərindən söhbət açmaqla gənclik illərinin səhnə təzahürlərini geniş şəkildə təhlil edir. Belə ki, XX əsrin üçüncü onilliyində, yəni 1923-cü ildən başlayaraq Bakı dəniz limanında, Toxuculuq fabrikasında, indiki Səttərxan adına zavodda, iki saylı uşaq evində, Neft-qaz zavodunda ilk dəfə on iki nəfərdən ibarət pioner dəstəsinin dram dərnəyindən başlayan fəaliyyəti oxucuların diqqətinə təqdim olunur. Onun səhnəyə olan marağının buradan daha da vüsətlə pərvazlanması aktyorun yaradıcılıq imkanlarının gələcək uğurlarının başlanğıcı kimi dəyərləndirilir. Müəllif yazır: “Dram dərnəyində klassik və müasir Azərbaycan yazıçılarının əsərləri tamaşaya qoyulurdu. On iki nəfərdən ibarət olan bu dəstədə Hacağa Abasovun “Sabirin məhkəməsi” adlı kiçik pyesi tamaşaya hazırlanmışdı. Ağadadaş Qurbanov bu tamaşada Sabirin oğlunu oynamaqla yanaşı rejissor işinə də köməklik edirdi. Onun səhnədəki sərbəstliyi, diksiyasının aydınlığı tamaşaçıların diqqətini cəlb etdi. Bir müddət keçdikdən sonra dram dərnəyinin fəaliyyətini genişləndirmək zərurəti meydana çıxır. Az müddət keçdikdən sonra uşaqlardan ibarət dram kollektivi təşkil olunur, pioner Ağadadaş Qurbanov kollektivə həm rəhbər, həm də rejissor olaraq təyin edilir”.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, gənclik illərində Ağadadaş Qurbanov mütəmadi olaraq teatr tamaşalarına gedər Mirzağa Əliyevin, Sidqi Ruhullanın, Abbasmirzə Şərifzadənin, Rza Təhmasibin, Mərziyə Davudovanın, İsmayıl Hidayətzadənin, Ülvi Rəcəbin ifalarına baxar, imkan tapıb səhnə arxasına keçərək, dekora, əlbəsələrə diqqət yetirər, tamaşadan sonra aktyorların arxasınca düşərək, onların hərəkətlərinə, danışıqlarına göz qoyardı. Balaca Ağadadaşın səhnəyə olan sonsuz həvəsi, aktyorluq istedadı Sidqi Ruhullanın və İsmayıl Hidayətzadənin diqqətini cəlb etdiyindən onlar daim Ağadadaşın fəaliyyət göstərdiyi dərnəyə gələr, balaca “artistlərə” yardım edərdilər. Beləliklə, Ağadadaş Qurbanov böyük Azərbaycan dramaturqları Əbdürrəhim bəy Haqverdiyev və Nəcəf bəy Vəzirovun məsləhəti ilə Teatr texnikumuna daxil olur eləcə də binası olmayan dram dərnəyinə pəhbərlik edir. Bu məqamda elmi monoqrafiyanın müəllifi olan İmran Axundov araşdırmalarının nəticəsi olaraq yazır: “Bina olmadığı üçün tamaşaları şəhərin klub və mədəniyyət saraylarında göstərirlər. Tamaşanın ərsəyə gəlməsi üçün lazım olan əşyaların çatışmazlığından (dekor, rekvizit və s.) əziyyət çəkən kollektiv S. Ruhulla və İ. Hidayətzadənin köməyi ilə dərnəkdə öz işlərini getdikcə artırırlar”.

Müəllif  İmran  Axundov elmi monoqrafiyanın ikinci fəslini “Aktyor və Bakı Uşaq Teatrı (1929-1935)” adlandıraraq oxucunu bu dövrdə yaradılan, mühüm sənət yolu keçən Bakı Uşaq Teatrının yaradıcılıq yoluna eləcə də burada aktyorun səhnə fəaliyyətinə nəzər yetirməklə onun fəaliyyətinin geniş aspektlərindən ətraflı söhbət açır. Qeyd etmək lazımdır ki, Bakı Uşaq Teatrı rəsmi olaraq fəaliyyətə başladığı ilk gündən özünün ciddi fəaliyyəti ilə fərqlənib. Teatr öz repertuar siyasətinin tənzimlənməsi ilə yanaşı dünya mədəniyyətini, ədəbiyyatını dərindən öyrənir, öz yaradıcılıq keyfiyyətlərini yüksəltməyə hər zaman çalışırdı. Müəllif  bu mərhələni təhlil edərkən yazır: “Kollektiv arasında aktyor sənətində köhnəlmiş üslubi xüsusiyyətlər, “oyun” teatrlarından qalma vərdişlər: yalançı pafos, deklamasiya, zahiri plastika və sairəyə qarşı da mübarizə gündən-günə genişlənirdi. Onlar bu çətinliklərə dözərək ruh yüksəkliyi ilə çalışırdılar. Hələ onları qarşıda daha çətin işlər gözləyirdi. Teatrın daimi binaya, peşəkar insanlara ehtiyacı var idi. Ən böyük çətinlik orijinal əsərlərin olmaması idi”.

Elmi monoqrafiyada yeni yaradılan teatrın qastrol səfərlərindən də geniş söhbətlər açılır. Xüsusi ilə 1930-cu ilin fevralında Bakı Uşaq Teatrının aktyorlarının Gəncə şəhərində on bir gün müddətində qastrolda olmaları haqqında müfəssəl məlumatlar verilir. Burada ancaq “Qırmızı qalstuk əleyhinə” pyesinin tamaşasının göstərilməsi ilə əsərin Gəncə məktəblilərinin marağına səbəb olduğundan gündə iki dəfə ümumilikdə on bir günə altı min məktəblinin bu tamaşaya böyük maraqla baxması qeyd edilir.

Elmi monoqrafiyada həm də bu dövürdə Bakı Uşaq Teatrının kollektivinin daha iki əsər olaraq hazırladığı R. Beqakın “Vur-qur” (quruluş Qabriel Kornelli, tərcümə Əsəd Tahir, rəssam Pavel Velinski) və Q. Kornellinin “Uzaq yaylaqda” (rejissor müəllifin özü, tərcümə F. Axundov, rəssam N. Kovalenko) pyeslərinin maraqlı səhnə taleyindən söhbət açılır. Müəllif  İmran  Axundov qeyd edir ki; “Bakı Uşaq Teatrı öz fəaliyyətini genişləndirmək üçün rayonlara üz tutmalı, öz fəaliyyət dairəsini genişləndirməli idi. Bu məqsədlə onlar “Qırmız qalstuk əleyhinə”, “Vur-qur” və “Uzaq yaylaqda” tamaşalarından ibarət repertuar düzəldib, 1931-ci ilin iyun-iyul aylarında Şəki, Ağdam, Göyçay, Lənkəran rayonlarında qastrol tamaşaları göstərdilər. Kollektiv rayon mərkəzlərində tamaşalar verməklə yanaşı kolxoz və kəndlərdə də tamaşalar oynayırdılar”.

Müəllifin elmi araşdırmalarından bəlli olur ki, bu qastrollar həmçinin həmin dövrün mətbu orqanlarında da işıqlandırılmaqla geniş oxucu gütləsinə təqdim edilib. Belə ki, bu dövrdə “Gənc işçi” qəzeti yazırdı: “İşçı və kəndli cocuqlarını passiv və zərərli məşğələlərdən ayıraraq aktivləşdirmək istədiyimiz bir zamanda işçi cocuqlar teatrosunun varlığı əlimizdə ən canlı bir vasitədir”. Və ya 19 iyun 1931-ci il tarixli “Gənc işçi” qəzetində yazılırdı: “Aktyor Ağadadaş Qurbanovun hər bir çıxışı tamaşaçıların çox xoşuna gəlir və sürəkli alqışlarla qarşılanır. Günlər keçdikcə o, daha çox ümidlər verir. O, böyük gələcəyi olan aktyordur”.

Qeyd etmək lazımdır ki, Ağadadaş Qurbanov 1932-1936-cı illərdə Bakı Uşaq Teatrında bir-birinin ardınca müxtəlif rollar ifa edib. Belə ki, Vəhşi insan (R. Kipling “Tək başına gəzən pişik”, səhnələşdirəni və rej. Q. Kornelli, tərcümə M. Mərdanov, rəssam S. Yefimenko), Səməd (Q. Kornelli “Qoçaq Səməd”, rej. S. Dadaşov, tərcümə F. Axundov, rəssam N. Kovalenko), Klenervan (J. Vernin “Kapitan Qrantın uşaqları” eyni adlı romanı üzərində səhnələşdirilən, tərcümə M. Mərdanov, rej. S. Dadaşov və Q. Kornelli, rəssam N. Kovalenko), Mail (C. Cəfərov, Ş. Məlikyeqanov “Küçələrdə”, rej. Q, Kornelli, rəssam N. Kovalenko), Qaneş (R. Taqor “Əfilər”, səhnələşdirən və rej. Q. Kornelli, tərcümə F. Axundov, rəssam N. Ovçinnikov), Niftəli (Ə. Haqverdiyev “Sağsağan”, rej. Q. Kornelli və M. Haşımov, rəssam N. Kovalenko), Q. J. Şmidt (Ə. Atayev, Ə. Həsənov “Çelyuskinçilər”, rej. S. Dadaşov, rəssam N. Kovalenko), Professor (V. Lyubimova “Seryoja Streltsov”, rej. M. Haşımov, tərcümə M. Mərdanov, rəssam F. Qusak), Ayaz (M. M. Seyidzadə “Ayaz”, rej. M. Haşımov,  rəssam F. Qusak) kimi obrazlarla yanaşı həmçinin Şamil Məlikyeqanovun “Papiros çəkmə” (rəssam Sadıq Şərifzadə) və Hacağa Abasovun “Sabirin məhkəməsi” (Məmmədağa Dadaşovla birlikdə, rəssam Məmməd Əlizadə) adlı əsərlərinin də səhnədə maraqlı rejissor traktofkası haqqında fikir və mülahizələri oxucuların diqqətinə təqdim edilir.

Tarixi mənbələrə nəzər salarkən görürük ki, Bakı Uşaq Teatrına Azərbaycan Xalq Maarif Komissarlığının əmri ilə 1936-cı il iyun ayının 18-dən etibarən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı adı verilib. 1937-ci ildə görkəmli uşaq yazıçısı və şairi Abdulla Şaiq teatra pedaqoji hissə müdiri təyin edilib. A. Şaiqin kollektivə gəlməsi teatrın həyatında əlamətdar hadisə kimi qiymətləndirilərək təcrübəli ədib və müəllim olaraq pedaqoji hissə üzrə bir sıra tədbirlər həyata keçirilib. Qeyd etmək lazımdır ki, bu dövrdə A. Şaiq məktəblilərin teatra olan rəğbətini daha da artırmaq, uşaqlarda bədii zövqü yüksəltmək, onları əməyə həvəsləndirmək məqsədi ilə maketçilər və eskizçilər dərnəklərini yaratmağa müvəffəq olub. Bu dərnəklərdə fəaliyyət göstərən müxtəlif yaş qruplarından olan şagirdlər ilk tamaşadan sonra hazırladıqları maketləri və eskizləri sərgidə nümayiş etdiriblər. Müəllif İmran Axundov məhz Gənc Tamaşaçılar Teatrının bu dövrdə fəaliyyətinə geniş nəzər yetirməklə elmi monoqrafiyanın üçüncü fəslini “Aktyor və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı (1936-1952)” adlandıraraq bu dövrdə aktyor Ağadadaş Qurbanovun genişlənən səhnə fəaliyyəti haqqında ətraflı təhlillər aparır. Onun bu dövrdə olan səhnə fəaliyyəti haqqında müəllif yazır: “Kollektivin əsas aparıcı aktyorlarında biri olan Ağadadaş Qurbanov 1937-1945-ci illərdə teatrın səhnəsində müxtəlif xarakterlərə malik olan obrazlar yaratmışdır. Onun ifasında Seyid, Məmməd, Kikel, Molla İbrahimxəlil, Xlestakov, Eldar, Seyran, Babək, Atakişi, Sədaqət, Hacı Qəmbər, Karl Moor, Elman, Aydın, Məlik Məmməd, Qaplan kimi surətləri maraqla izlənilən səhnə obrazlarının bir qismidir”.

Müəllif İmran Axundov həmçinin aktyorun bir neçə obrazlarının dövrü mətbuatda haqlı olaraq tənqid hədəfinə çevrilməsi haqqında yazarkən onun yaradıcılığına böyük həssaslıqla yanaşmaqla dövrü mətbuatda nəşr olunan tənqidi yazılara da münasibət bildirir. Müəllif qeyd edir: “1937-ci ilin fevral ayının 1-də L. Makarovun “Əmirin əsirləri” tamaşası Məhərrəm Haşımovun tərcüməsində (ikinci tərcüməçi M. Dadaşov) və quruluşunda tamaşaya qoyuldu. 1929-1930-cu illərdə Tacikistanda baş vermiş kolxosçularla basmaçıların mübarizəsinin işıqlandırılması tamaşanın fikir və ideyasının əsasını təşkil edirdi. Aktual və yığcam hazırlanmış bu əsərdə Ağadadaş Qurbanov mənfi tip olan Seyid obrazını ifa edirdi. Tənqid Ağadadaş Qurbanovu Seyid obrazının düzgün başa düşməməkdə günahlandırırdı. Aktyor satqın, yaramaz bir tip olan, “bəlkə də qaytardılar” xəyalı ilə yaşayan, kolxoz hərəkatının düşməni, basmaçılara “bacardığı qədər” kömək edən Seyidi müsbət bir obraz kimi oynayırdı. Əlbəttə, bu səhv aktyorun bacarıqsızlığından deyil, rolu düzgün başa düşməməsindən irəli gəlirdi”.

İmran Axundov monoqrafiyanın dördüncü fəslini “Aktyor və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı (1953-1965)” və beşinci fəslini isə “Aktyor və Azərbaycanfilm (1941-1965)” adlandırmaqla bu fəsllərdə Ağadadaş Qurbanovun Akademik Milli Dram Teatrının səhnəsində yaratdığı obrazlarını təhlil etməklə aktyorun səhnə quruluşlarında maraqlı obrazlarının diapazonunu böyük ustalıq və həssalıqla oxucularına təqdim edə bilir. Həmçinin aktyorun kino fəaliyyəti də geniş bir formada təhlil edilməklə onun “Səbuhi” (1941), “Şamdan bəy” (1956), “Qızmar günəş altında” (1957), “Bir qalanın sirri” (1959), “Koroğlu” (1960), “Bizim küçə” (1961), “Telefonçu qız” (1962), “Zəncirlənmiş adam” (1964), “Arşın mal alan” (1965), “Yun şal” (1965) bədii filmlərindəki obrazları haqqında da maraqlı mülahizələri ilə elmi monoqrafiyasını oxucular üçün daha təsirli forma və üslublarında təqdim edir.

Nətcə etibarı ilə fəlsəfə doktoru İmran Axundovun qələmə aldığı “Ağadadaş Qurbanov” adlı elmi monoqrafiyası Azərbaycan mədəniyyəti tarixində xüsusi yeri olan Xalq artisti Ağadadaş Qurbanovun bir sənətkar olaraq səhnə tendensiyaları və obrazlarının təqdimi üslubunda maraqla oxunan orjinal yazı nümunəsidir.

Anar Burcəliyev

Teatrşünas-tənqidçi

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.