Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə İctimai İştirakçılq Məclisinin təşəbbüsü, Gəncə Regional Mədəniyyət İdarəsi, Gəncə Destinasiya Menecmenti Təşkilatı, Gəncə Maarif Evinin təşkilatçılığı ilə növbəti GƏNCƏSƏNƏT – incəsənət, sənətkarlıq və yaradıcılıq sərgi-yarmarkası baş tutub. Bu dəfəki sərgi-yarmarka 2 Aprel – Autizm Məlumatlandırma Günü və Dünya Uşaq Kitab Gününə həsr edilib.
Gəncə Dövlət Filarmoniyasının yaxınlığındakı “Urban” Mərkəzində baş tutan GƏNCƏSƏNƏT – incəsənət, sənətkarlıq və yaradıcılıq sərgi-yarmarkasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Gəncə İctimai İştirakçılq Məclisinin idarə heyətinin sədri Müzadil Həsənov və başqaları iştirak ediblər.
Tədbir zamanı 2 Aprel – Autizm Məlumatlandırma Günü və Dünya Uşaq Kitab Günü barədə iştirakçılara məlumat verilib. Daha sonra sərgi-yarmarkanın balaca iştirakçılarının çıxışları izlənilb. Uşaqlara Gəncə Şəhər İcra Hakimiyyəti, “Kitab oxu” kitab mağazası və “Göygöl Kitab Evi” adından kitablar hədiyyə edilib.
Xatırladaq ki, sərgi-yarmarkanın həyata keçirilməsinin əsas məqsədi vaxtı ilə Gəncədə, eləcə də ətraf bölgələrdə mövcud olmuş, bugünki dövrə gəlib çatmamış və ya çox az sayda sənətkar tərəfindən qorunub saxlanan bir sıra sənət ənənələrinin dirçəldilməsi və yaşadılmasıdır. Bununla yanaşı, sərgi-yarmarka alıcılarla sənətkarlar arasında körpülərin salınmasına, yaradıcılıqla məşğul olanlar arasında inkişaf yönümlü dialoqun qurulmasına, əhalidə sənətkarlıq və incəsənətə olan marağın artırılmasına, müxtəlif istiqamətli sənət növlərinin yaşadılması və inkişafına, eləcə də şəhərin mədəni həyatının canlandırılmasına xidmət edir.





