“Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi 2003-cü ildə təsis edilmişdir. 2006-cı ilin martında Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır.
“Gəncə Regional Qadın Mərkəzi”nin yüzlərlə üzvü var. Birlikdə psixoloq, hüquqşünas, ABŞ-da ixtisaslaşmış 2 həkim fəaliyyət göstərir.
Birliyin əsas məqsədi Gəncədə və ətraf rayonlarda vətəndaş cəmiyyətinin, demokratik dəyərlərin inkişafına kömək etməkdən, qadınların cəmiyyətdə rolunun artırılmasına və seçkili orqanlarda təmsilçiliklərini təmin etmək, onların irəli çəkilməsinə yardım etməkdən ibarətdir.
Birlik insan hüquqlarının müdafiəsi və maarifləndirmə məqsədi ilə seminarlar, təlimlər, ictimai dinləmələr, qadın problemlərinə dair araşdırmaların və sorğuların aparılması və s. ilə məşğuldur.
“Gəncə Regional Qadın Mərkəzi”nin üzvləri bir sıra tədqiqat mərkəzlərinin qərb bölgəsində sorğularını da həyata keçirir. Birlik yerli və xarici dövlətlərdə fəaliyyət göstərən QHT-lə əlaqə qurur və onlarla birlikdə layihələr həyata keçirir, dəyirmi masalar və görüşlər, seminarlar, xeyriyə marafonları təşkil edir, elmi araşdırmalar aparır.
Gəncə Regional Qadın Mərkəzi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Gəncə şəhərində “Müharibədən əziyyət çəkən qadınlara sosial-psixoloji dəstəyin göstərilməsi” layihəsini də davam etdirməkdədir. Layihənin icra müddəti 1 yanvar 2022-ci ildən başlayaraq 1 may 2022-ci ilə kimi əhatə edəcəkdir. Layihənin əsas məqsədi sosial-psixoloji maarifləndirmə işlərini aparmaq və dövlət proqramlarına təşviq etməklə şəhid ailələrinin və raket hücumunə məruz qalan şəxslərin reabilitasiyalarına nail olmaq, Qarabağın dirçəldilməsinə və inkişafına cəlb etməkdir.
Bu məqsədə nail olmaq üçün müharibədən əziyyət çəkmiş şəhid ailələrinin, raket hücumuna məruz qalmış şəxslərin və onların ailələrinə müvafiq sosial, psixoloji və hüquqi dəstəyin göstərilməsi, müharibədən əziyyət çəkmiş əhali qrupu ilə, xüsusilə də, qadın və uşaqlarla mütəmadi maarifləndirici görüşlərin təşkil edilməsi, şəhid övladlarının onlar üçün təşkil edilmiş düşərgələrdə iştirak edərək sosiallaşdırılması, işğaldan azad edilmiş bölgələrə şəhid anaları və həyat yoldaşlarının səfərləri təşkil edilməsi işini və sair digər işləri daha da inkişaf etdirmək niyyətindəyik.
Bu məqsədlər çərçivəsində 12-13 mart 2022-ci il tarixlərində Gəncədən olan şəhid ailələrinin iştirakı ilə Ağdam və Suqovuşan-Talış ərazilərinə səfər təşkil etdik. Səfərin əsas məqsədi Vətən müharibəsində qəhrəmanlıqla şəhid olmuş oğullarımızın xatirəsini bir daha yad etmək, erməni işğalından azad edilmiş əraziləri ziyarət etməki, erməni vandalizminin izləri, işğaldan azad edilmiş ərazilərdə sürətlə həyata keçirilən quruculuq işləri ilə iştirakçıları tanış etmək idi.
Səfər iştirakçıları Ağdamda Pənahəli xanın imarəti, onların dəfn edildikləri və ermənilər tərəfindən dağıdılan qəbir abidələri, Ağdam Cümə məscidi, Çörək muzeyinin qalıqları, Ağdamın mərkəzində mövcud olmuş abidələrlə, Şahbulaq qalası ilə tanış oldular. Yolboyu dağıdılmış kəndlər erməni vəhşiliyini göstərirdi. Bundan əlavə Ağdamda həyata keçirilən quruculuq işləri barəsində məlumat verildi.
Suqovuşan-Talış ərazisinə edilən səfərdə şəhid ailələrinin üzvləri Suqovuşan və Talış kəndi ilə tanış oldular. Səfər edənlərin hər biri övladlarının şəhid olduğu torpaqda onların izlərini axtarırdılar.
Səfərin təşkil edilməsində məqsəd Gəncədən olan şəhidlərimizin izi ilə torpaqları ziyarət etmək, şəhid ailələrinə həmrəylik bildirməkdir. Allah bütün şəhidlərimizə rəhmət etsin!
Bu səfərin baş tutması üçün bizə dəstək olan Azərbaycan Respublikasının Prezident Administrasiyasına, Gəncə şəhər İcra Hakimiyyətinə, yanımızda olan ictimai TV və Kəpəz TV-yə minnətdarıq.
Məleykə Əlizadə, Respublikanın Əməkdar müəllimi, Fəlsəfə doktoru.




