Azərbaycan Respublikasının Prezidentinin 2021-ci ilin “Nizami Gəncəvi ili” elan olunması haqqında Sərəncamının icrası ilə əlaqədar Kürdəmir, Səbirabad, İsmayıllı, Şəki və Gəncə Regional Mədəniyyət İdarələrinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Xəmsə yolu” layihəsi iştirakçıları Nizami Gəncəvi əsərlərinin motivləri əsasında səhnələşdirilmiş teatr tamaşası ilə Gəncə şəhərində Nizami sevənlərin qonağı olublar.
“Xəmsə yolu” layihəsi çərçivəsində ilk tədbir dahi Azərbaycan şairi Nizami Gəncəvi Məqbərəsini ziyarətlə başladı.
Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovun və Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlının rəhbərliyi ilə nümayəndə heyəti, Nizami Gəncəvi Məqbərəsini ziyarət etmiş, şairin məzarı üstə tər-tər qərənfillər düzmüşlər.
Sonra tədbir iştirakçıları “Nizami Gəncəvinin poetik portreti” və “Nizami Gəncəvinin əsərlərini el variantları” kitablarının təqdimat mərasimində iştirak ediblər.
Tədbirin aparıcısı Respublikasının Əməkdar Mədəniyyət işçisi, şair-publisist Bəxtiyar Muradov, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsini xahiş etdi.
Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov çıxış edərək qonaqları salamladı. O, “Nizami Gəncəvi ili” çərçivəsində şairin doğma yurdu Gəncədə keçirilən respublika səviyyəli ümumşəhər tədbirlərdən danışdı və qeyd etdi ki, Nizami Gəncəvi elə bir dünyadır ki, onunla bağlı tədbirlər Gəncədə hər il möhtəşəm şəkildə təşkil olunur.
Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi hər iki kitabın nəşrini layihə rəhbəri ön sözün müəllifi Faiq Xudanlı “Xəmsə yolu” layihəsi barədə ətraflı məlumat verdi və kitab təqdimatında iştirak edənlərin hər birinə öz minnətdarlığını bildirdi.
Kitab təqdimatında Azərbaycan Respublikası Dini Qurumlar iş üzrə Komitəsinin Gəncə bölgəsi üzrə şöbə müdiri Həsən Məmmədov, Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədri, Əməkdar Mədəniyyət işçisi, şair-dramaturq Xəzangül Hüseynova, tanınmış uşaq şairi Aləmzər Əlizadə və başqaları çıxış etdilər.
“Xəmsə yolu” layihəsi çərçivəsində keçirilən tədbir Gəncə şəhərindəki Kəlbəcər Mədəniyyət sarayında davam etdi. Kürdəmir Regional Mədəniyyət İdarəsinin İmişli rayon Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin hazırladığı “Sen ey söz dünyasına hakim Nizami” adlı tamaşası təqdim edildi.
Sonda Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov maraqlı tədbir üçün Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəhbərliyinə, bütün təşkilatçı və iştirakçılara öz minnətdarlığını bildirdi.
“Xəmsə yolu” layihəsi Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin anadan olmasının 60 illik yubileyinə həsr olunmuş yekun tədbiri ilə 24 dekabr 2021-ci il tarixində İmişli rayon Mədəniyyət Mərkəzində başa çatacaqdır.