20 YANVAR FACİƏSİ TARİXİMİZİN ŞƏRƏF VƏ QƏHRƏMANLIQ SƏHİFƏSİDİR

20 Yanvar — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuş, nəticəsində yüzlərlə insan qətlə yetirildiyi, yaralandığı və itkin düşdüyü qırğın. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.
Sovet qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və rayonlarda 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur; hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milislər olmuşdur. Qara Yanvar faciəsi nəticəsində SSRİ Konstitusiyası və Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Qabaqcadan hazırlanan bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır.
O zaman yalnız umummilli liderimiz Heydər Əliyev bütün çətinliklərə baxmayaraq siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə öz ailə üzvləri ilə birgə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etmişdir.
Azərbaycan rəhbərliyinə qayıdışdan sonra Heydər Əliyevin təşşəbüsü ilə 1994-cu ilin yanvar ayında Milli Məclisdə Azərbaycan xalqına qarşı təcəvüzkar olan faciəvi 20 yanvar hadisələrinə siyasi qiymət verdi.
İnanırıq ki , bütün şəhidlərimizin qanı yerdə qalmayacaq , işğal olunmuş torpaqlarımızın Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə tezliklə işğaldan azad olunacaqdır!
20 YANVAR FACİƏSİ TARİXİMİZİN ŞƏRƏF VƏ QƏHRƏMANLIQ SƏHİFƏSİDİR
Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik !

Azərbaycan Dövlət Aqrar Universitetinin
Aqronomluq fakültəsinin kollektivi adından fakültə dekanı, dosent Məhərrəm İsmayılov.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.