Vətənini sevən, elinə, obasına bağlı olan insan hər şeydən öncə Vətən sərhədlərinin qorunmasında mühüm rol oynamalıdır.
“Dünyanın gözü Qafqaz, Qafqazın gözü isə Azərbaycandır”-demişlər. Bəlkə də, bundan irəli gəlir ki, əsrlər boyu mənfur qonşularımızın təcavüzünə məruz qalıb bölünərək öz torpaqlarımız özümüzə sərhəd olub. Yeni ərazilərin verilməməsi üçün güclü iqtisadiyyat və güclü ordu quruculuğu istiqamətində məqsədyönlü addımlar atılmalı idi. 1994-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən “Əsrin müqaviləsi” imzalanaraq atılacaq addımlar üçün hamar yol salındı. Qısa bir müddət ərzində Azərbaycan beynəlxalq təşkilatlar tərəfindən nəzər nöqtəsinə çevrilən bir ölkəyə çevrildi. Ordu quruculuğu sürətlə inkişaf etməyə başladı.
Güclü ordunun yanında qüdrətli rəhbər və bütün imkanları ilə ona dəstək olan, onda döyüş əhval-ruhiyyəsini yaradan xalqın olması vacibdir. Bax o zaman cəmi 44 gün ərzində 4 ilə itirilən torpaqları geri qaytarmaq mümkün olur.
44 günkü haqq savaşımızda böyükdən kiçiyə qədər xalqımız ordumuzun arxasında dayanmışdı. Küçələrdə böyük izdihamla yola salınan əsgərlər o sevgini, o coşqunu görüb qalib olmaya bilərdimi? Biz orduya yardım edənlərin sırasında kimləri görmədik ki. Fermeri, əkinçisi, müəllimi, sahibkarı, hətta aylıq təqaüdünü bağışlayan təqaüdçüləri və yazdıqları məktublarla əsgəri riqqətə gətirən məktəbliləri. Hər gün minlərlə məktub yazılırdı şagirdlər tərəfindən. Həqiqətən də çox qürurverici anlar yaşayır insan. Göydən mərmi yağışı yağan bir anda bir fidan bala sənə yazır ki, “Allah səni qorusun, Azərbaycan əsgəri!” Məhz bu sevginin nəticəsidir Şuşa. Məhz bu sevginin nəticəsidir işğaldan azad olunan şəhərlərimiz.
26 saylı fizika-riyaziyyat və informatika təmayüllü məktəb-liseyin direktoru Səbahi Nəsibova da orduya yardım aksiyasında rəhbərlik etdiyi kollektivi ilə birlikdə əsl Vətənpərvər müəllim kimi öz vəzifəsini layiqincə yerinə yetirərək fəal iştirak etdi. Bununla yanaşı “əsgərə məktub” kompaniyasına qoşulan şagirdlərin yazdığı məktublar da Gəncə Təhsil Şöbəsinin vasitəsi ilə ön cəbhədə Vətən üçün gecəsi, gündüzü olmayan əsgərlərimizə çatdırıldı. Bu məktublardan biri isə ibtidai sinif müəllimi Naibə Ağayevanın rəhbəri olduğu 4c sinif şagirdi Qasımov Hüseyn tərəfindən yazıldı. Bu məktub digərlərindən fərqli idi. Nə idi bu fərq? Fərq onda idi ki, sanki bu məktubu yazan 4-cü sinif yox, 11-ci sinif şagirdi idi. Məktubu olduğu kimi təqdim edirəm.
Əsgərə məktub
Salam, Vətən keşikçiləri, düşmən çəpəri Azərbaycan əsgərləri.
Sizlər soyuq səngərdə, ön cəbhədə vuruşarkən mənim kimi milyonlarla insan öz evində, isti ocağında sakit yaşamağa davam edir. Bu dincliyə, bu rahatlıqla görə hər kəs sizə borcludur. Buna görə də sizə təşəkkür edirəm. Əlimdən heç nə gəlməsə də hər gün sizlər üçün Allaha dua edirəm. Dualarım sizinlədir, Allah sizləri qorusun. Allah əziyyətinizi yerdə qoymasın. Şəhidlərimizin qanı yerdə qalmasın. İnşəAllah üç rəngli bayrağımız işğal olunmuş torpaqlarımızda, Qarabağda dalğalansın. Sizləri sevirəm. Allaha əmanət olun.
Gəncə Şəhəri 26 saylı orta məktəbin 4c sinif şagirdi Qasımov Hüseyn.
Bu məktub Murovdağ istiqamətində şaxtalı hava şəraitində Vətəni qoruyan oğullarımıza çatıb oxunanda sanki günəş şüaları o buzları əridərək ilıq yaz havası bəxş etmiş oldu. Gizir Orxan Cəfərli məktubu bükərək cibinə qoyub müharibə bitdikdən sonra bu şagirdi tapıb ona təşəkkür edib bir hərbiçi hədiyyəsi bağışlayacağını dedi. Ancaq əfsuslar olsun ki, özü bu vədinə sadiq qala bilmədi. Vətənin azadlığı uğrunda Şəhadət pilləsinə ucaldı. Aradan 1 il ötdükdən sonra Şəhid Orxan Cəfərli ilə çiyin-çiyinə döyüşən və o məktubun oxunmasını Orxanın səsindən duyan qazimiz sosial şəbəkədə məktəbin səhifəsində gedən bir paylaşımda şagirdin adına rast gələrək yadına Şəhidimizin vəsiyyəti düşür. Dərhal ailəsi ilə əlaqə saxlayıb məktubu soruşur və hələ də ünvanına çatmadığını öyrənir. Ən qısa zamanda Şəhid Orxan Cəfərlinin ailəsi və iki döyüş yoldaşı Gəncəyə yola düşürlər. Bu görüş çox ağır görüş olur. Çünki, məktubda təkcə Hüseynin qələminin izi deyildi, indi o məktubda Şəhid Orxan Cəfərlinin qan izi də var idi.
Gizir Orxan Cəfərlinin arzusu həyata keçmişdi. O məktubu yazan da tapılmışdır, hərbiçi hədiyyəsi də alınmışdır. Əfsus ki, o hədiyyəni özü yox, döyüş yoldaşı təqdim etdi.
Ruhun şad olsun, Şəhidim!
Eltun Türkel,
şair-publisist.