Gəncə Şəhər İcra Hakimiyyətinin məlumatı

Bəzi sosial şəbəkə vasitələrində şəhid Mustafayev Elvin Fəxrəddin oğlunun atası Mustafayev Faxrəddin Musa oğlunun Gəncə Şəhər İcra Hakimiyyətində keçirilən görüş zamanı halının pisləşməsi ilə bağlı videogörüntü yayılıb.
Məlumat üçün bildiririk ki, 28.10.2021-ci il tarixdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun şəhid ailələri və qazilərlə növbəti görüşü zamanı, xroniki təzyiq xəstəliyindən əziyyət çəkən vətəndaş Fəxrəddin Mustafayevin halı pisləşib. Təcili Tibbi Yardım Xəstəxanasının həkimləri tərəfindən xəstəyə dərhal ilkin tibbi yardım göstərilmiş, daha sonra o, Gəncə Müalicə Diaqnostika Mərkəzinə çatdırılmışdır. Baş ağrısı, baş gicəllənməsi şikayətləri ilə xəstəxanaya daxil olan F.Mustafayevə ilkin tibbi yardım göstərilmiş, müvafiq müayinələr edilmiş, kardioloq və neyropatoloq həkim baxışları keçirilmişdir. Müvafiq tibbi yardımlardan sonra pasientin səhhətində olan narahatlıq aradan qalxdıqdan sonra F.Mustafayev evə buraxılmışdır.
Qeyd edək ki, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə daim xüsusi qayğı göstərilir. Ölkə başçısı, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Gəncədə də şəhid ailələri və qazilər daim diqqətdə saxlanılırlar. Vətən müharibəsi şəhidi Elvin Mustafayevin ailəsi də dəfələrlə Gəncə Şəhər İcra Hakimiyyətində qəbul edilmiş, onları narahat edən məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görülmüşdür. Həmçinin bildirik ki, şəhidimizin anasının müalicəsi və ailənin digər cari xərcləri üçün Gəncə Şəhər İcra Hakimiyyəti və YAŞAT Fondu tərəfindən ailəyə fərqli zamanlarda müvafiq maddi yardımlar göstərilmişdir.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun şəhid ailələri və qazilərlə növbəti görüşü zamanı F.Mustafayevin səsləndirdiyi məsələlərin isə qanunamüvafiq formada həll ediləcəyi bildirilmişdir.
Kütləvi informasiya vasitələri nümayəndələrindən və vətəndaşlardan yalnız rəsmi məlumatlara istinad etmələri xahiş olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.