Gəncədə terror hadisələrinin ildönümü ilə əlaqədar “Unudulmaz tarix” adlı yürüş keçirilib

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Təhsil İdarəsi, Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və Gəncə Şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə 2020-ci ilin oktyabr ayında Gəncə şəhərində baş verən terror hadisələrinin ildönümünü qeyd etmək məqsədi ilə “Unudulmaz tarix” adlı yürüş keçirilib.

Yürüşdə Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini – Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adil Tağıyev, icra hakimiyyətinin məsul əməkdaşı Azər İbrahimov, Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin sektor müdiri Qeyrət Şirəliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov, Gəncə Regional Mədəniyyət İdarəsinin müdiri Vasif Cənnətov, Gənclər və İdman Baş İdarəsinin müdiri Həmid Nəsirov, təhsil işçiləri, Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və Gəncə Şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək rəhbərləri və üzvləri, ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin Gəncə şəhərindəki abidəsi önünə gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad olunub.

Daha sonra tədbir iştirakçıları əllərində Gəncədə törədilən terroru əks etdirən şəkillər, plakat, şüar və bayraqlarla faciənin baş verdiyi məkanadək yürüş keçiriblər. Terror törədilən məkanda 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və Gəncə Şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Kompozisiyalarda vətənpərvərlik mövzusunda şeirlər, mahnılar səslənib, səhnəciklər nümayiş etdirilib, terror nəticəsində həlak olanların xatirəsi anılıb, hadisə yerinə gül dəstələri, şamlar və oyuncaqlar düzülüb.

Sonda uşaqlar səmaya həlak olan dinc sakinlərin, o cümlədən məsum körpələrin, məktəblilərin xatirəsinə ağ şarlar buraxıblar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.