2018-2019-cu tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin imtahan mərhələsi keçirilib. İmtahanla bağlı diqqətçəkən məqamlardan biri builki direktor namizədlərindən esse yazmaq tələbinin ləğv olunmasıdır. Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə deyib ki, müsabiqənin müsahibə mərhələsinin dekabrda keçirilməsi, ümumilikdə isə bu ilin sonunadək müsabiqənin yekunlaşması nəzərdə tutulur. Müsabiqədə uğur qazanan namizədlər yeni ilin əvvəlindən öz vəzifələrinin icrasına başlaya biləcəklər.
Təhsil eksperti Məhərrəm Zülfüqarlı isə “Şərq”ə açıqlamasında deyib ki, məktəb direktorları imtahan əsasında yox, təcrübəsinə, idarəçilik və təşkilatçılıq qabiliyyətinə görə seçilməlidir:
“Test üsulu ilə seçilən məktəb direktorlarının bir çoxu idarəçiliyi bacarmadığı üçün bu vəzifədə özünü tam doğrulda bilər. İmtahan suallarının hamısını cavablandıran hansısa gənc müəllimin kollektivlə işləmək, insanların psixologiyasını müşahidə etmək bacarığı yoxdursa, onun biliyi bir o qədər də önəm kəsb etmir. Yəni direktor təkcə nəzəri biliklərə görə vəzifəni tutmalı deyil, ondan başqa keyfiyyətlər də tələb olunur. Hər şeydən əvvəl məktəb direktoru olmaq istəyən şəxsin idarəçilik qabiliyyətini yoxlamaq və onun iş təcrübəsinə, şəxsi keyfiyyətlərinə önəm verilməlidir.
İdarəçiliyi yüksək səviyyədə bacaran, təcrübəli bir şəxs həm kollektivi idarə edəcək, həm də müəllim və şagirdləri nizam-intizam qaydalarına uyğunlaşdıracaq.
Əvvəlki illərdə məktəb direktorunun bu vəzifəni tutması onun kollektivdəki nüfuzu, ictimaiyyət arasında hörməti, təhsili bilməsi, idarəçiliyi bacarması və s. ilə bağlı idi. Son zamanlar isə məktəb direktoru vəzifəsini tutmaq istəyən şəxslər bir neçə mərhələli imtahan verirlər. Onlar testdən, müsahibə və s. keçdikdən sonra bu postu tuturlar. Bu isə istənilən nəticəni vermir. Məktəb direktorunun esse yazıb-yazmamasının nə əhəmiyyəti var, o insanlarla işləməyi bilmirsə? Vacib amillərdən biri də məktəb direktorlarının sağlam və səbrli biri olmasıdır. Məktəb direktorlarının təyin edilməsinin optimal, səmərəli bir forması mütləq seçilməlidir. Bu imtahan sistemi özünü tam doğrultmur”.