“Son iki həftədənin koronavirusla bağlı qrafikinə baxsanız, çox yüksək səviyyədə sabitləşmə olduğunu görə bilərsiniz”.
Etmtv.news APA-ya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Təcili yardım proqramının direktoru Maykl Rayan “Twitter” hesabında bildirib.
O, qeyd edib ki, son bir həftə ərzində dünyada 2.6 milyon COVID-19 infeksiyası və 54 min ölüm hadisə baş verib: “Hazırda dünyada epidemioloji vəziyyət 2-3 ay əvvələ nisbətən daha yaxşıdır.
Eyni zamanda, bəzi ölkələrdə və bölgələrdə xəstələnmə səviyyəsində kəskin azalma olsa da, digər ölkələrdə sürətlə artım müşahidə edilir”.
ÜST mütəxəssisi Maria van Kerxove isə dünyada epidemioloji mənzərəni birmənalı xarakterizə etməyib. O, Amerikada yeni infeksiyanın sayında13 faiz azalmanı qeyd etsə də, digər bölgələrdə artımın olduğunu diqqətə çatdırıb: “Son yeddi gündə Avropada təxminən 28 %, Afrikada 15%, Qərbi Sakit Okean bölgəsində 10%, Şərqi Aralıq dənizində 9%, Cənub-Şərqi Asiyada – 7% artım qeydə alınıb”.